
Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyunun 18-i ölkəmizdə "İnsan Hüquqları Günü" kimi qeyd olunur və hər il ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək Respublikamızda "insan hüquqları aylığı" keçirilir.
Son illər ərzində Dövlət başçısının rəhbərliyi ilə respublikamızda çox uğurla aparılan daxili sosial və iqtisadi siayasətin nəticəsi olaraq əldə edilmiş inkişaf və tərəqqi səhiyyənin profilaktik istiqamətli məqsədi olan əhalinin sanitariya- epidemioloji salamatlığının təmin olunmasında da öz müsbət təsirini göstərməkdədir.
Respublika səhiyyəsinin davamlı və sürətli inkişaf strategiyasının tərkib hissəsi olan maddi texniki bazanın gücləndirilməsi , yoluxucu xəstəliklərlə mübarizə istiqamətində aparılan səmərəli işlər, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilmiş müəyyən profilaktik və əksepidemik tədbirlər ümumilikdə əhalinin sağlamlığının yaxşılaşdırılmasında əsaslı rol oynayıb.
Azərbaycan Respublikası Konstitusiyasının və "Sanitariya-Epidemioloji Salamatlıq haqqında"Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əasasən, Azərbaycan Respublikası vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən və onların sanitariya – epidemioloji sağlamlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna malikdirlər.
Əhalinin ümumi sanitariya- epidemioloji salamatlığı dedikdə ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halı nəzərdə tutulur ki, bu mühitin amilləri insan orqanizminə hər hansı bir təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün müəyyən əlverişli şərait vardır.
Ölkə əhalisinin əsas hüquqlarından biri kimi nəzərdə tutulan əlverişli ətraf mühitdə yaşamaq hüququnun təmin olunması dövlət tərəfindən aparılan uğurlu sosial və iqtisadi siyasətin nəticəsində həmin ətraf mühitin amillərinin insan orqanizminə olan mənfi təsirlərinin aradan qaldırılmasından aslıdır.
Ümumilikdə insanı əhatə edən ətraf xarici mühit amilləri çox geniş və əhatəli bir anlayışdır və həmin amillərə bioloji (virus, bakterial, parazitar və digər), kimyəvi, fiziki (səs-küy, titrəmə, ultrasəs, infrasəs, istilik, ionlaşdırıcı və digər şüalar), ictimai (qidalanma, su təchizatı, məişət, əmək şəraiti, istirahət,ictimai və fərdi qarşılıqlı ünsiyyət,münasibət və s.) və digər amillər aiddir. Həmin bu amillər insanlara və gələcək nəsillərin sağlamlıq vəziyyətinə bu və digər formada mənfi təsir göstərə bilər.
İnsanların ümumi və fərdi həyat fəaliyyəti üçün əlverişli şərait dedikdə isə insanı əhatə edən xarici mühit amillərinin insanın sağlamlığına hər hansı zərərli təsir göstərmədiyi və insan orqanizminin müəyyən səbəblərdən belə pozulmuş funksiyalarının bərpasının mümkün ola bilməsi vəziyyəti başa düşülür.
Müstəqillik qazandığımız ilk illərdə qəbul olunmuş "Sanitariya-Epidemioloji Salamatlıq haqqında" Azərbaycan Respublikasının qanununda ölkə əhalisinə verilmiş bu hüququn , yəni insanların sanitariya-epidemioloji sağlamlığını təmin edən əlverişli ətraf xarici mühitdə yaşamaq hüququnun möhkəmləndirilməsi üçün ötən illər ərzində çoxsaylı qanunvericilik aktları qəbul edilib.
Bioloji amillərin mənfi təsirindən ölkə əhalisinin qorunması üçün yoluxucu xəstəliklərin profilaktikası və yoluxucu xəstəliklərlə mübarizə sahəsində bir sıra qanunvericilik aktları , məsələn "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında" qanunlar qəbul edilmiş, digər yoluxucu xəstəliklərə və xüsusi təhlükəli infeksiyalara qarşı çoxsaylı qanunlar qəbul edilmiş,əmrlər, sərəncamlar verilmiş, sənədlər hazırlanıb təsdiq edilmişdir. Təsadüfi deyil ki, ölkəmizin müstəqilliyi dövründə aparılmış geniş təşkilati və tibbi profilaktik tədbirlər, peyvəndləşmə nəticəsində əvvəllər ölkəmizdə çoxsaylı insanların düçar olduğu malyariya, poliomielit,difteiya, məxmərək kimi ağır xəstəliklərin qeydə alınması son illərdə müşahidə edilmir, digər yoluxucu xəstəliklərin qeydə alınmasına isə nadir hallarda təsadüf edilir. Bəzi yoluxucu xəstəliklərin baş verməsində isə ildən- ilə dinamik azalma müşahidə olunur.
İnsanı əhatə edən xarici mühitin fiziki amillərinin zərərli təsirlərinin qarşısının alınması istiqamətində ölkəmizdə qəbul olunmuş çoxsaylı qanunvericilik aktları ("Radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunu","İnsan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları", atmosfer havasının, suyun, torpağın mühafizəsi haqqında qanunlar və qanunaltı sənədlər) ümumilikdə ölkə əhalisinin əlverişli ətraf mühitdə yaşamaq hüquqlarının möhkəmləndirilməsinə xidmət edir.
Şəhərimizin vətəndaşlarının ümumi sanitariya- epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüquqlarının təminatı üçün su təchizatı sistemlərinin yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir. Ata-babalarımız demişkən: "Su – həyat mənbəyidir", "Su-həyatın özüdür". Son illər ərzində şəhərimizin artan əhalisinin suya olan təlabatının sanitariya-gigiyena normaları daxilində tam ödənilməsi üçün xeyli işlər görülmüş,ayrı-ayrı məhəllə və mikrorayonlara yeni su xətləri çəkilmişdir.Ümumilikdə şəhərin bir çox ərazilərində su–kanalizasiya sistemlərinin yenidən qurulması , kanalizasiya xətlərinin və baxış quyularının təmizlənməsi tədbirləri görülmüş,yeni,müasir tələblərə cavab verən modul tipli su təmizləyici qurğular, lokal təmizləyici qurğular və s .tikilmişdir.
Sanitariya-epidemioloji salamatlığı təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququnun ən vacib istiqamətlərindən biri əhalinin təhlükəsiz və kefiyyətli qidalanmasının təmin olunmasıdır. Əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunması, düzgün və normal qidalanmanın təşkil edilməsi insan orqanizminin sağlamlığı və uzun ömürlülüyün ən vacib şərtlərindən biridir. Bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər görülür. "Yeyinti məhsulları haqqında" qanunun qəbul edilməsi və həmin qanunun beynəlxalq təcrübələr nəzərə alınmaqla ardıcıl olaraq təkmilləşdirilməsi bu sahədə qanunvericilik bazasının gücləndirilməsinə və əhalinin sağlam və kefiyyətli qidalanmasına zəmin yaradan səmərəli tədbirlərin həyata keçirilməsinə imkan yaradır.
Akif Bayramov
Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin
Sanitariya gigiyena şöbəsinin müdiri