O, Mir Çingizin atasıdır... Cəmiyyət

O, Mir Çingizin atasıdır...

Hələ ki ömrünün bahar fəslidir. Qızmar yay, barlı payız, şaxtalı qış qarşıdadır. Rəngarəng çiçəklərinin qoxusundan hiss olunur ki, ömrünün payızı barlı olacaq, bol məhsulu ilə Vətəni sevindirəcək...
Parlaq istedad hər adamda olmur. Allah onu yalnız sevdiyi bəndəsinə verir. Verir ki, milyonların içində fərqlənə bilsin və insanlar arasında daha faydalı, daha ötkəm olsun. İstedad vulkana bənzəyir, püsgürdü ki səd tanımaz, aşıb daşar. Bəli, bu gün sizə bir gəncdən söhbət açamaq istəyirəm. O, 1997-ci ilin may ayının 11-də dünyaya gəlib. Orta təhsilini 175 saylı tam orta məktəbdə alıb. Sonra Qərb Universitetinin Tərcümə fakültəsində İngilis-Azərbaycan dilləri üzrə tərcüməçilik ixtisasına yiyələnib. Bir il sonra Azəri-Press Agentliyində(APA) işə başlayıb. Öncə müxbir-montajçı, daha sonra müxbir-aparıcı, redaktor, bəzən xəbərlər proqramı müdirinin əvəzləyicisi olub. Ardınca yaradıcı departamentdə fəaliyyət göstərib. Orada işlədiyi üç il müddətində "Tarix Adam" proqramının aparıcısı olub və sənədli film xarakterli verilişlər hazırlayıb. Bununla da o, müxbirlikdən efir redaktoruna, montajçılıqdan baş redaktora qədər müxtəlif vəzifələrin sirlərini mənimsəyib. Səs aktyorluğunu da öyrənib, layihə rəhbərliyini də...
Deyir ki:- ““APA”-da üçillik televiziya təcrübəsindən sonra, üç il də ”APA Group”da layihə rəhbəri vəzifəsini icra etdim. Həmin müddətdə “Kulis”in müxtəlif müsabiqələrinin, o cümlədən “Vesti.az”-dan tutmuş “Apa TV”-yə qədər şirkətə daxil olan müxtəlif kanalların layihələrini hazırladım. Üst-üstə 15 layihə təhvil verdim. Layihə rəhbərliyinə başladığım il 2021-ci il idi. Üzərindən bir il keçdikdən sonra isə yaradıcılığımı holdinqlə məhdudlaşdırmaq istəmədim və “Künc-Bucaq” internet televiziyasını yaratdım. “Mirinin Dibçəyi” ilə başlasam da layihələri artırdım. “Bizim Bucaq”, “Sorğu Adam” və s. layihələrlə kanalı daha da böyütdüm. İndi abunəçilərimin sayı altımış mini ötüb. Kanal artıq ölkədə tanınır və fəaliyyətini davam etdirməkdədir. Mart ayından həm də “Real FM”-də radio aparıcılığına başlamışam. "Realda Mən" verilişiylə dinləyicilərin qarşısına çıxıram...”
Mənimsədiyi bacarıq və vərdişləri idarə etməkdə qətiyyətlidir və ənənələrə böyük dəyər verir. Səbirli, inadkar və sabit təbiətlidir. Arzularını planlı və sistemli şəkildə həyata keçirməyi xoşlayır. Bu səbəbdən də, onu əzmkar və qətiyyətli insan kimi xarakterizə etmək olar. Onun üçün maddi təhlükəsizlik və komfort çox önəmlidir. Lüks və gözəl əşyalar onun cazibəsini artıran elementlərdir. Ev dekorasiyası, geyim və yemək mövzusunda estetik zövqü yüksəkdir. Bir sözlə, komfort və gözəllik həyatında önəm verdiyi ən vacib detallardır...
“Jurnalist ailəsində dünyaya göz açmışam. Aid olduğum hər iki nəsil kitabxanalara sahib insanlardır. Atamın anası da, anamın atası da göz nurunu kitab vərəqlərinə bəxş edib. Balkona bitişik otağımızın pəncərəsi atamın kitab kolleksiyasının yarısından ibarətdir. Digər yarısını o, özüylə aparıb. Və böyüyüb atamlaşdıqdan sonra həmin boşluğu yenidən doldurmuşam. İndi mənim də kitabxanam var. İşim-gücüm oxumaq və yazmaqdan ibarətdir.”- söyləyir...
...Gen öz işini görüb. İstedad onun iliyinə kimi işləyib. Məşhur telejurnalist Mir Şahin Ağayevin oğludur...
Deyir ki:- “Mən övladlığı kitablarla, tənqidlərlə və təltiflərlə öyrənmişəm. Təltiflər beşinci sinifdən bəri otağımızı bəzəyən mükafatlardı. Kitablar özümkülərdən doyub atamın qardaşıma aldığı bədii əsərləri oxumağımın obrazıdır. Tənqidlərsə məni həm övlada, həm insana, həm də jurnalistə çevirən hadisənin təzahürləridir. Məsələn, babam deyərdi, oğulsan, halal olsun! Nə gözəl şeirdi! Qürurlanar, fəxr edər, öpərdim babamın yanaqlarından. Fəqət elə ki, atamın yanına gələr və şeiri ucadan deyərdim, vəssalam, başlayardı tənqid atəşi! - Bala, bu cümlədə nə demək istəmisən? Məqsədin nədir? İnversiya nəyə lazımdır? Filan cümləni yerli-dibli silmək lazımdır...”
Bir işə başladısa, onu tamamlamağa qətiyyətlidir və bu yolda heç bir maneəyə boyun əyməz. Sadiq və güvənilən adamdır. Dostluq və romantik münasibətlərdə uzun müddətli bağlılığa və sadiqliyə böyük əhəmiyyət verir. Sevdiyi insanlara hər zaman dəstək olmağa hazırdır. Elə buna görə də sevilir...
“Bəli, məni jurnalist edən ilk meyar atamın tənqid atəşiydi. Ki, hələ də sönmək bilmir. Sözsüz, hər övlad atasını yenilməz qəhrəman sayır və bu təxəyyül məhsulu o vaxtadək böyüyür ki, körpə, atasının adi insan olduğunun fərqinə varır. Mən varmadım ancaq. Əksinə, zaman keçdi, il dolandı, üzüm yüngülvari qırışdı, hətta saçlarımdakı sarı-qırmızı tellər də ağarmağa başladı, təkcə o mübhəm adiliyin şahidi olmadım! Və bunun yerini zamanla ruhuma sirayət etmiş qeyri-adi özgüvən doldurdu. Fərq etmir, biz söhbətləşirik, dərdləşir, görüşürük, ya yox.”- söyləyir...
Gənc də olsa praktiki düşüncəyə malikdir. Onun üçün həyatın reallıqları və gündəlik ehtiyaclar prioritetdir. Maddi resursları ağıllı şəkildə idarə etmək və uzun müddətli məqsədlərə çatmaq üçün ciddi planlar qurmaq onun təbiətindədir. Yuxarıda qeyd etdiyim kimi, dəyərlərə və ənənələrə bağlılıq onun üçün çox önəmlidir...
Deyir ki:- “Xarakterimin böyük qismi mənə ondan miras qalıb. Səsi, jestləri, mimika və təbəssüm edərkən burun kənarında yaranan o şırımlar kimi. Təvazökarca görünməsə belə, mən, öz xislətimlə qürur duyuram. Əlimdən hər şeyimi alsalar, içimdəki bu sonsuz güc ən dibdən qaldırıb ən yüksək nöqtələrin fatehinə çevirəcək məni. Necə ki, atamı çevirib və necə ki, onun çatdığı bütün zirvələr mənim "keçilməz"lərimi yoxa çıxarır. Önümü açır...”
...El arasında belə bir deyim də var: “Yaxşı oğulu uşaq vaxtı atasına görə tanısalar da, böyüyəndən sonra atasını ona görə tanıyarlar.” İnanıram ki, nə vaxtsa Mir Şahini “Mir Çingizin atasıdır”- deyə təqdim edəcəklər...
Mayın 11-i Mir Çingizin 28 yaşı tamam olur. Onu ürəkdən təbrik edir, Allahdan möhkəm can sağlığı, arzularının çin olmasını diləyirəm...