Səudiyyəli turistləri Azərbaycana rahatlıq axtarışı gətirir - Bəs biz bu ölkəyə ən çox niyə gedirik? Hadisə

Səudiyyəli turistləri Azərbaycana rahatlıq axtarışı gətirir - Bəs biz bu ölkəyə ən çox niyə gedirik?

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı sıx əlaqələr mövcuddur. Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi Ər-Riyad şəhərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanı və Azərbaycan arasında turizm əlaqələrinin böyük potensialı var. Hər iki ölkənin zəngin mədəniyyəti, tarixi və turizm imkanları var. Səudiyyə Ərəbistanı və Azərbaycan arasındakı hava yolu bağlantıları artırılsa, turizm səyahətləri və iqtisadi əlaqələr inkişaf edə bilər. Azərbaycanın Bakı şəhəri turizm mərkəzləri, tətil məkanları, tarixi və mədəni məkanlar Səudiyyə Ərəbistanından gələn səyahətçilər üçün maraqlıdır. Regionlarımız da Səudiyyə Ərəbistanından gələn turistlər üçün cazibədardır.

Məsələ ilə bağlı turizm məsələləri üzrə ekspert Ayxan Cavid Trend-ə bildirib ki, Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı son illərdə artmaqdadır.

"Bu, iki ölkə arasındakı turizm əlaqələrinin inkişaf etdiyini göstərir. Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin bir hissəsi Bakı şəhərini ziyarət edir, tarixi və mədəni məkanları görür, restoranlar və alış-veriş imkanlarından istifadə edir. Bu turistlər həm tətil məqsədilə gəlir, həm də iş və tibbi səbəblərlə də Azərbaycanda vaxt keçirir. Səfalı bölgələrimizə də çox üz tuturlar.

Əlbəttə ki, Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlər komfortu sevirlər. Turistlərin komfortu, rahatlığı və məmnuniyyəti turizm sənayesinin əsas elementlərindən biridir. Azərbaycan bu sahədə çeşitli imkanlar təklif edir. Yüksək keyfiyyətli və rahatlıq təmin edən hotellər, restoranlar, digər qonaqlama və yemək imkanları mövcuddur. Bakı və digər bölgələrdəki beşulduzlu, eləcə də, butik hotellər turistlər üçün lüks və rahat bir məkan təmin edir. Turistlərin istifadəsində çoxsaylı nəqliyyat xidmətləri, turlar və rekreasiya imkanları da var. Digər tərəfdən, Səudiyyə Ərəbistanı vətəndaşlarına “Asan viza” sisteminə uyğun olaraq ölkədə 30 gün qalmaq icazəsi ilə hava limanlarında viza verilir. Bu da Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayının artmasına təsir göstərir. Turizm mərkəzləri də turistlərin rahatlığına diqqət yetirir və keyfiyyətli xidmətlər təklif edir".

Ekspert bildirib ki, azərbaycanlıların ən çox üz tutduğu ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır.
"Səudiyyə Ərəbistanı Azərbaycan turistləri üçün dini və mədəni məkanlar, alış-veriş imkanları və fərqli tətil imkanları təklif edir. Həmçinin, Səudiyyə Ərəbistanı İslam Dövlətləri Əməkdaşlıq Təşkilatı (İDƏT) üzvü olduğu üçün İslam mədəniyyətinin mərkəzində olan bir ölkədir.

Xalqlarımızı birləşdirən çox mühüm cəhətlərdən biri də hər iki ölkənin əhalisinin islam dininə olan inancıdır. Azərbaycanlı turistlər Səudiyyə Ərəbistanında ən çox Məkkə və Mədinə kimi yerləri ziyarət edir.

2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanı elektron viza sistemini genişləndirərək, Azərbaycan vətəndaşlarına da elektron viza alaraq Səudiyyə Ərəbistanına səfər etmək imkanı yaradıb. Qonaq viza il boyu etibarlı sayılır və 90 günə qədər Səudiyyə Ərəbistanında qalmaq şansı yaradır. Bu qayda Ümrə ziyarətinə də şamil edilir. Bu da ölkəmizdən Səudiyyə Ərəbistanına gedən turist sayında nəzərəçarpacaq artım yaradıb. Əvvəlki illərlə müqayisədə, Həcc ziyarəti üçün kvota artıb", - deyə o qeyd edib.

Azərbaycan Turizm Bürosunun açıqladığı məlumatlarda qeyd olunub ki, statistik hesabatlar bu ölkədən Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunduğunu göstərir. Səudiyyə Ərəbistanından gələn turistlərin ən yüksək nisbəti iyul və avqust aylarında müşahidə olunur. Ziyarətçilər Ər-Riyad, Ciddə, Damman şəhərlərindən birbaşa uçmaq imkanına malikdir. Ölkəmizdə ən çox ziyarət etdikləri yerlər arasında Bakı, Qəbələ, Şəki və Qubadır. Səudiyyəli turistin orta səyahət müddəti 10-13 gün, qısamüddətli səyahət orta hesabla 3-4 gecədir.

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanından ölkəmizə 80 mindən çox turist gəlib.