İşçinin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib Hadisə

İşçinin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib

"ZEYTUN PARK" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) şəxsin MMC-nin icarəsində olan paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsindəki bazarda müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyənləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (konktraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda, cəmiyyətin direktoru Kamal Hüseyn oğlu Səfərov barəsində həmin Məcəllənin eyni maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində cərimə edilib.