
“İranın raketinin İtaliya hərbi bazasına düşməsi, hətta itkilər və yaralanmalar olmasa da, artıq münaqişənin sərhədlərini genişləndirmək potensialına malik olduğunu göstərir. Bu hadisə regionda münaqişənin mümkün genişlənməsi baxımından ciddi diqqət tələb edən siqnaldır. Belə bir hərbi insident, ilk növbədə, iştirakçı dövlətlərin cavab reaksiyasına bağlıdır. Şübhəsiz ki, İtaliya və digər NATO üzv dövlətləri hərbi və diplomatik kanallar vasitəsilə vəziyyəti qiymətləndirəcək, amma istənilən halda bu cür hadisələr beynəlxalq siyasətdə gərginliyi artırır və qarşılıqlı hərbi reaksiyalar üçün zəmin yaradır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.
Politoloq diqqətə çatdırıb ki, hadisənin münaqişənin genişlənməsinə təsiri həm də İranın hərəkətinin niyyəti ilə bağlıdır: “Düşünürəm ki, Tehran bununla faktiki olaraq xarici qüvvələrə siqnal verərək regional nüfuzunu və hərbi imkanlarını qoruyub saxladığını nümayiş etdirir. Bu, digər dövlətlərin strateji planlamasında dəyişikliklərə yol aça bilər. Misal üçün, İtaliya və NATO üzvləri bazaların təhlükəsizliyini artırmaq, hava hücumundan müdafiə sistemlərini fəallaşdırmaq və regionda hərbi varlığını gücləndirmək zərurəti ilə qarşılaşa bilər”.
Y.Bağırzadənin sözlərinə görə, bununla yanaşı, hadisə regional təhlükəsizlik balansına da təsir edir: “İranın hərbi əməliyyatlarının digər ölkələr üçün gözlənilməz nəticələr doğurması, Yaxın Şərqdə gərginliyi artırır və potensial olaraq ABŞ, İsrail ilə yanaşı digər Qərb tərəfdaşlarını da hərbi və diplomatik reaksiyaya vadar edə bilər. Hər hansı bir yanlış hesablamanın qarşılıqlı silah tətbiqi ilə nəticələnməsi riski də mövcuddur. Belə vəziyyətlərdə diplomatik kanalların sürətli və effektiv fəaliyyəti çox önəmlidir”.
O həmçinin əlavə edib ki, iqtisadi və enerji aspektlərinə də diqqət yetirmək lazımdır: “Yaxın Şərqdə gərginliyin artması enerji bazarlarına təsir edir, neft və qaz qiymətlərində yüksəliş müşahidə olunur və paralel olaraq tranzit marşrutlarının təhlükəsizliyi də risk altındadır. Bu isə həm region ölkələrinə, həm də qlobal iqtisadiyyətə dolayısı ilə təsir göstərir. Odur ki, İranın raketinin İtaliya bazasına düşməsi münaqişənin genişlənməsi ehtimalını artırsa da, lakin hazırkı mərhələdə bunun miqyası qarşılıqlı hərbi reaksiyaların və diplomatik tədbirlərin nəticəsinə bağlıdır. Hadisə regionda gərginliyin nəzarətsiz şəkildə yüksəlməsinin mümkünlüyünü göstərir, buna görə də diplomatiya, qarşılıqlı anlaşma və təhlükəsizlik mexanizmlərinin indi daha fəal işləməsi olduqca mühüm əhəmiyyət kəsb edir”.
Röya İsrafilova