Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerləri üzrə internet vasitəsilə ixtisas seçimi aparır. Sentyabrın 4-ü saat 17:00-a olan məlumata əsasən, 2.374 abituriyent ixtisas seçib. Onlardan 2.321-i Azərbaycan, 53-ü isə rus bölmələrində təhsil alacaq gənclərdir. İxtisas seçimi sentyabrın 5-i saat 23:59-dək davam edəcək.
Qeyd edək ki, ixtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar. Tam orta təhsil səviyyəsini ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanındakı (11-ci siniflər üzrə) nəticələri əsasında iştirak edirlər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olunmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanındakı "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiqləməlidirlər. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 11-ci buraxılışında dərc olunub.