Soltan Məmmədov: Biz mədəni irsin qorunmasına töhfələr vermişik Mədəniyyət

Soltan Məmmədov: Biz mədəni irsin qorunmasına töhfələr vermişik

Əsrlər boyu ölkəmizi tolerant ölkə kimi göstərmiş və tanıtmışıq.

APA xəbər verir ki, bunu Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı plenar sessiyada çıxışı zamanı deyib.

“Mən təmsil etdiyim Heydər Əliyev Fondunun bu müstəvidə rolunu qeyd etmək istəyirəm. Biz UNESCO ilə ciddi əlaqələr qurmuş, mədəni irsin qorunmasına töhfələr vermişik. Biz xristian abidələrin bərpasına dəstək vermişik. Çünki bu mədəni irsin bir parçasıdır”, - o əlavə edib.

Deputat Berlin kilsəsinin, Romada Filosoflar zalının, Serbiyada bir başqa kilsənin və digər bu kimi mədəni irsə dair abidələrin bərpasına Fond tərəfindən vəsait ayrıldığını diqqətə çatdırıb:

“Eləcə də Parisdə Luvr muzeyində İslam Mədəniyyəti Seksiyasının qurulmasına töhfələr vermişik. Bütün bunlar ümumdünya mədəni irsinin qorunması naminə atılan addımlardır”.

Fond nümayəndəsi işğaldan azad edilmiş ərazilərdə də bu cür abidələrin bərpasını həyata keçirməkdə olduqlarını vurğulayıb.