“Ən yaxşı təqdimat” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib Hadisə

“Ən yaxşı təqdimat” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA xəbər verir ki, müsabiqəyə bütün regionlardan 2944 şagird qatılıb. Hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 90 şagird komissiya tərəfindən qiymətləndirilərək ölkə mərhələsinə seçilib.

Ölkə mərhələsində iştirak hüququ qazanmış şagirdlərin onlara təqdim olunmuş 10 mövzudan 1-i üzrə çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilib, 34 nəfər müsabiqənin qalibi olub. Onlardan 7 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev və Nazirliyin digər rəsmiləri, baş nazirin müavini Əli Əhmədov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov və millət vəkilləri, eləcə də digər qonaqlar iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hər il ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunur:

“Müsabiqə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir”.

Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilib.