Yaxın Şərqdə eskalasiya təhlükəsi
21 Yanvar 23:43

Yanvarın 19-23 tarixlərində İsveçrənin Davos şəhərində 56-cı Davos İqtisadi Forumu keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib. Forum çərçivəsində Azərbaycan Prezidenti müxtəlif ölkə rəhbərləri, rəsmi şəxslərlə bir sıra görüşlər keçirib.
“Xalq Cəbhəsi” dövlət başçısının keçirdiyi görüşlərin Azərbaycan üçün əhəmiyyətini millət vəkilləri ilə müzakirə edib.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin Davos gündəliyi - dövlət başçıları, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri ilə görüşlər, panel müzakirələri, xarici TV kanallara müsahibələr daxil olmaqla, olduqca sıx qrafikdə davam etdi: “Bu da onu göstərir ki, Dövlət Başçısı dəyişən dünya nizamında ölkəmizin milli maraqlarımıza əsaslanan mövqeyimiz barədə beynəlxalq ictimaiyyəti layiqincə məlumatlandırmaqla yanaşı, iqtisadi əlaqələr və investisiyalar baxımından da yeni əməkdaşlıqlar üçün xarici şirkətlər, banklar Azərbaycana maraq göstərir. Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə bir neçə layihəni, o cümlədən su infrastrukturunun modernləşdirilməsi üzrə layihəni maliyyələşdirəcək. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb”.
“Sülh sazişi reallaşmağa başlayır”
Deputat Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi özünü təsdiq etdiyini vurğulayıb: “Bu ifadə görüşlərdə ən çox səslənən gerçəklik idi. Bizim valyuta ehtiyatlarımız xarici borcu 17 dəfə üstələyir. İki aparıcı reytinq şirkəti “Moody’s” və “Fitch” şirkətləri bizim kredit reytinqimizi yenilədi. Bu da Azərbaycana investisiya etməyin risksiz olduğunu göstərir, etibarlı tərəfdaş nüfuzu isə ən əsas reytinqdir. Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxış edib. Müzakirədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan da iştirak edib. Dövlət Başçısı Azərbaycanın mövqeyi, sülhdə hazırkı irəliləyişlər və ölkənin gələcək vizyonu, paraflanmış sülhün praktiki nəticələri barədə məlumat verdi. Konkret iqtisadi addımlar sülh sazişinin artıq praktikada reallaşmağa başladığını göstərir. Azərbaycan Ermənistanın kommersiya yükləri üçün tranziti açaraq Qazaxıstan və Rusiya buğdası kimi yüklərin Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasına imkan yaradıb. Ermənistan isə öz növbəsində Türkiyə malları üçün tranziti açıb. Tərəflər, o cümlədən Azərbaycan neft məhsullarının Ermənistana ixracı da daxil olmaqla, ticarətə başlayıblar. Əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan və Ermənistan əvvəl mövcud olmuş iqtisadi əlaqələri bərpa etmir. İki ölkə müstəqillik əldə etdikdən sonra heç vaxt birbaşa ikitərəfli ticarət aparmayıb; bu gün baş verən proses isə sıfırdan tamamilə yeni bir iqtisadi münasibətlər sisteminin formalaşdırılmasıdır”.
İqtisadi inteqrasiyaya töhfə verən addımlar
P.Vəliyevanın bildirdiyinə görə, normallaşma irəliləyişləri təkcə dövlətlərarası diplomatiya ilə məhdudlaşmır: “İctimai dəstək, açıq ünsiyyət və etimadın qurulması davamlı sülhün əsas komponentləri kimi getdikcə daha çox qəbul olunur. İki ölkə arasında vətəndaş cəmiyyəti mübadilələri həyata keçirilib. Bu mübadilələr dialoqu təşviq edir və siyasi razılaşmaların cəmiyyət daxilində möhkəmlənməsinə kömək edir. Bu addımlar da regionda iqtisadi inteqrasiyaya töhfə verir. Zəngəzur dəhlizi regional transformasiyanın strateji elementi olaraq qalır. İstismara verildikdən sonra bu dəhliz Şərq–Qərb marşrutları boyunca yeni logistika imkanları yaradacaq, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz daxilində strateji alternativ rolunu oynayacaq və Avrasiya məkanında yüklərin daha sürətli və səmərəli daşınmasını təmin edəcək. Tranzit ölkələr kimi həm Azərbaycan, həm də Ermənistan bundan əhəmiyyətli dərəcədə fayda əldə edə biləcək. Daha geniş normallaşmanın nəticəsi olaraq infrastruktur sərmayələri, tranzit enerji dəhlizləri, rəqəmsal bağlantılar, dəmir yolu və avtomobil yollarının inteqrasiyası və digər sahələrdə də layihələr icra oluna bilər”.
Azərbaycan beynəlxalq arenada “ən yaxşı nümunə”yə çevrilib
Deputat həmçinin deyib ki, Prezident İlham Əliyev Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülüb və bu, Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin olunmasındakı rolunun beynəlxalq səviyyədə tanındığını göstərir: “Bundan başqa, Azərbaycan Prezident Donald Tramp tərəfindən yaradılmış Sülh Şurasına üzv kimi daxil edilib. Cənubi Qafqaz kimi həssas regionda onillliklərdə davam edən münaqişədən sonra sülhə nail olan Azərbaycan artıq beynəlxalq arenada “ən yaxşı nümunə”yə çevrilib və digər münaqişələr üçün örnəkdir. Bu, Dövlət Başçımızın qətiyyəti və sülhdə prinsipiallığının nəticəsidir. Bu, həmçinin ölkəmizdə olan güclü xalq-iqtidar birliyinin, rəhbərliyə inamın məntiqi nəticəsidir”.
“Bütün bunlar ölkəmizin inkişafı üçün böyük imkanlardır”
Milli Məclisin deputatı Fariz İsmayılzadə diqqətə çatdırıb ki, cənab Prezidentin Davos İqtisadi Forumunda iştirakı bir daha Azəraycanın müxtəlif beynəlxalq təşkilatlarla, xarici ölkələrlə diplomatik əlaqələrinin çox sürətlə inkişaf etdiyini göstərir: “Eyni zamanda, iqtisadiyyatımızın, xüsusən, qeyri-neft sektorunun inkişafı üçün yeni sərmayələrin cəlb olunmasına, yeni layihələrin həyata keçirilməsinə ciddi cəhdlər var. Cənab Prezident bir daha Azərbaycanın davamlı iqtisadi inkişafına görə Forumda vacib görüşlər keçirir, yeni layihələr, həmçinin yeni iş yerləri ilə təmin olunan meqa layihələr müzakirə olunur. Bu, bir daha ölkəmizin inkişafı üçün böyük imkanlardır”.
“Davos forumu dərinləşən geosiyasi parçalanmalar fonunda keçirilir”
Milli Məclisin deputatı Müşfiq Cəfərov isə vurğulayıb ki, Davos İqtisadi Forumu dünyanın müxtəlif ölkələrindən siyasi liderlərini, aparıcı biznes nümayəndələrini, ekspertləri bir araya gətirən nüfuzlu beynəlxalq platformadır.
Onun sözlərinə görə, Prezident Əliyevin Davosdakı iştirakının əsas məqsədi Azərbaycanın qlobal iqtisadi arenada mövqeyini gücləndirmək istiqamətindəki ambisiyaları gücləndirməkdir: “Cənab Prezidentin bir sıra ölkələrin dövlət başçıları ilə aparmağı müzakirələr və dünyanın ən böyük korporasiyalarının rəhbərləri ilə baş tutan ikitərəfli görüşləri dövlətimizin iqtisadi gücünü atırmağa xidmət edir. Bu qurulan əlaqələrin Azərbaycanın enerji, logistika və rəqəmsal transformasiya sahələrində strateji rolunu daha da ön plana çıxaracağı gözləniləndir.
Forum çərçivəsində Azərbaycan lideri bir çox ikitərəfli, eləcə də müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə görüşlər keçirib, panel iclaslarda iştirak edib. Bütün görüş və çıxışlarda Azərbaycanın beynəlxalq məkan üçün mühüm əhəmiyyətinin vurğulanması bir daha sübut edir ki, Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı bu dəfə də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından geosiyasi və geoiqtisadi cəhətdən çox böyük əhəmiyyət daşıyır.
Bu dəfə də Davos forumu dərinləşən geosiyasi parçalanmalar fonunda keçirilir. Davos forumu həm də dünya siyasətini və iqtisadiyyatını müəyyən edən ən nüfuzlu qərarverici mərkəzlərin təmsil olunduğu məkandır. Dövlətimizin başçısının burada apardığı danışıqlar Azərbaycanın strateji maraqlarını qorumaq və yeni tərəfdaşlıqlar qurmaq üçün mühüm imkanlar yaradır. Prezident İlham Əliyevin bu platformada fəal iştirakı Azərbaycanın qlobal gündəmdə söz sahibi olduğunu göstərir”.
Röya İsrafilova