“İrəvanın qərarsızlığı artıq strateji riskə çevrilməkdədir” Gündəm

“İrəvanın qərarsızlığı artıq strateji riskə çevrilməkdədir”

“Ermənistanın son illərdə yürütməyə çalışdığı “çoxvektorlu siyasət” artıq praktik məhdudiyyətlərlə üzləşir və bu modelin davamlılığı ciddi suallar doğurur. Rusiya rəhbərliyinin açıq şəkildə vurğuladığı kimi, Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında paralel iqtisadi inteqrasiya mümkün deyil və bu, sırf siyasi seçimdən daha çox struktur-iqtisadi uyğunsuzluq məsələsidir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva bildirib ki, İrəvanın eyni anda həm Rusiya iqtisadi sistemindən faydalanmaq, həm də Qərbə inteqrasiya etmək cəhdi qısa müddətdə manevr imkanı yaratsa da, uzunmüddətli perspektivdə strateji qeyri-müəyyənlik yaradır: “Bu qeyri-müəyyənlik isə həm investisiya mühitinə, həm də xarici tərəfdaşların Ermənistanla bağlı gözləntilərinə mənfi təsir göstərir. Digər tərəfdən Paşinyan hökumətinin balans siyasəti daxili siyasi gündəliklə də sıx bağlıdır və seçki faktorunun bu yanaşmanı uzatdığı aydın görünür. Lakin reallıq ondan ibarətdir ki, həm Moskva, həm də Brüssel Ermənistanın ikili oyun imkanlarını məhdudlaşdırmağa başlayıb və tərəflər getdikcə daha konkret mövqe gözləyir”.

Politoloqun qeyd etdiyinə görə, bu fonda Ermənistanın qarşısında duran seçim təkcə iqtisadi istiqamət seçimi deyil, eyni zamanda, regiondakı geosiyasi yerləşməsinin yenidən müəyyənləşdirilməsi deməkdir: “Xüsusilə təhlükəsizlik, enerji və kommunikasiya layihələri kontekstində veriləcək qərarlar Cənubi Qafqazda qüvvələr balansına birbaşa təsir göstərə bilər və bu baxımdan İrəvanın qərarsızlığı artıq strateji riskə çevrilməkdədir”.

Röya İsrafilova