“Abşeronneft” NQÇİ-də hasilat rekord səviyyəyə çatdırılıb İqtisadiyyat

“Abşeronneft” NQÇİ-də hasilat rekord səviyyəyə çatdırılıb

"Azneft" İstehsalat Birliyinin (İB) "Abşeronneft" neft və qazçıxarma idarəsində (NQÇİ) bu ilin sentyabr ayında gündəlik orta neft hasilat ən yüksək həddə - sutkada 1000 tona çatdırılıb. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, idarədə 2010-cu ildə orta gündəlik neft hasilatı 474 ton, 2011-ci ildə 552 ton, 2012-ci ildə 555 ton, 2013-cü ildə 664 ton, 2014-cü ildə 775 ton, 2015-ci ildə isə 886 ton təşkil edib. 2010-cu ildə neft hasilatı illik 172 min 964 ton olduğu halda, bu ilin 8 ayında hasilat 242 min 154 ton səviyyəsində olub. Hasilatın artmasına təsir edən başlıca amillər quyu fondunun yenilənməsi, davamlı olaraq yeni quyuların qazılaraq istismara verilməsidir. Belə ki, 2011-ci ildə qazmadan 32 quyu, 2012-ci ildə 34 quyu, 2013-cü ildə 27 quyu, 2014-cü ildə 30 quyu, 2015-ci ildə 38 quyu istismara daxil edilibsə, bu ilin yanvar-avqust aylarında 15 quyu qazılaraq mədənçilərə təhvil verilib. Bu quyulardan 24 min 940 ton neft alınıb.
Ümumiyyətlə, qazmadan alınan quyuların hasilatı idarə üzrə neft hasilatının 11 faizini təşkil edib. Hasilatın rekord həddə çatdırılmasına təsir edən digər səbəblərdən biri də, idarənin balansındakı quyu fondu üzərində aparılan texniki və geoloji tədbirlər olub. Görülmüş işlərin nəticəsidir ki, fəaliyyətsiz fonddan istismara qaytarılmış quyulardan 2012-ci ildə 168 min 554 ton, 2013-cü ildə 204 min 756 ton, 2014-cü ildə 236 min 44 ton, 2015-ci ildə 272 min 696 ton neft alınıb.
Bütün bunlarla yanaşı, 2013-cü ildən başlayaraq idarədə erlift üsulu ilə işləyən quyuların sayı surətlə artıb. Bu üsul yüksək səmərə verdiyi üçün 2012-ci ildən başlayaraq quyuların sayı 2 quyudan 2016-cı ilin 8 ayında 87 quyuya çatdırılıb. Cari ilin 8 ayında bu quyulardan 68 min 897 ton neft hasil edilib. İdarədə yeni texnika və texnologiyaların tətbiqinə də geniş yer verilib, yanvar-avqust aylarında 25 quyuda quyudibi zona turşu ilə işlənilib və nəticədə əlavə 510 ton neft alınıb. Tıxac təmizləyən qurğu 60 quyuda tətbiq edilib və bu da 290 ton əlavə neft hasilatına səbəb olub.