“Banklar insanlara zülm edir” İqtisadiyyat

“Banklar insanlara zülm edir”

Millət vəkili: "Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır"

"Azərbaycanda bu gün ən ciddi problemlərdən biri bank sisteminin sağlamlaşdırılması ilə bağlıdır".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Kredit Büroları haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının 8 aydır fəaliyyət göstərdiyini xatırladan Vahid Əhmədov qeyd edib ki, qurum bu müddət ərzində çox ciddi işlər görüb: "Bankların çox ciddi sağlamlaşdırılması işləri həyata keçirilib. Azərbaycan iqtisadiyyatının onurğasını təşkil edən bank sistemini sağlamlaşdırmaq lazımdır. Biz bankların bağlanmasının yox, təmərküzləşdirilməsinin tərəfdarıyıq. Əgər banklar birləşmək istəmirlərsə, onlarla danışıq aparılmalıdır".
Vahid Əhnədov deyib ki, "Bank Standard"da vətəndaşların 560 milyon manata yaxın əmanəti var. Onun sözlərinə görə, bu əmanətlərin 460 milyon manat qorunan, 100 milyon manat qorunmayan pullardır: "Bəs indi bu 100 milyon manatın axırı necə olacaq. Bu pullar axı insanların, vətəndaşlarındır".
Vahid Əhmədov vətəndaşların bank sisteminə inamının bərpası ilə bağlı problemlərin olduğunu deyib: "Necə ki vətəndaşları milli valyutamıza inandıra bilmirik. Digər tərəfdən isə banklar bağlanan kimi insanlarımız pis günə qalır. Mən iqtisadçı kimi özüm də bu proseslərdən baş açmıram. Özlərinin nə əməliyyatları varsa, 5-10 gün milli valyutanı möhkəmləndirərək həyata keçirirlər, daha sonra isə milli valyutanı buraxırlar. Axı insanlarla bu cür davranmaq olmaz. 30-40 məktubu elə banklardakı bu cür hallarla bağlı mən şəxsən özüm Rüfət müəllim, sizə göndərmişəm".
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanov isə deputat Vahid Əhmədova bu cür cavab verib: "Bu, bank sirridir. Siz gərək bunu açıb deməyəsiniz".
Vahid Əhmədov isə söylədiklərində heç bir sirrin olmadığını deyib: "Burada bank sirri var ki? Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Heç birinin bankı bağlansa belə, veclərinə deyil. Olan yenə də sadə vətəndaşlara olur. Dövlət başçısı harda səfərdə olursa deyir ki, dövlət arxanızdadır, kreditləri rahat ala bilərsiniz. Digər tərəfdən isə banklar bu cür neqativ, qanunsuz əməllərlə məşğuldurlar. Hər bankın arxasında müyyən insanlar dayanır. Amma belə də olmaz axı... "Royal Bank" bağlandı. Bu günə qədər də orada əmanətləri olan insanlar hələ də əmanətlərini almayıblar".
Millət vəkili Əli Məsimli isə bildirib ki, banklar insanlara zülm edir: "Bizə çoxsaylı şikayətlər daxil olur. Devalvasiyadan sonra insanların qaytaracağı məbləğ artıb. Müştəri var ki, 9300 dollar məbləğində kredit götürüb, onun müəyyən hissəsini ödəyib. Devalvasiyadan sonra bank ona deyir ki, sən 14 min manat əlavə ödəməlisən. Belə çıxır ki, müştəri 9300 dollar kreditə görə, 23 min manata yaxın kredit ödəməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. İnsanlar banklardan yox, banklar insanlardan asılı olmalıdır. İndi demək olar ki, banklar insanları idarə edir".
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə bu fikirlərlə razılaşmayıb: "Devalvasiyadan əvvəl xarici valyutada öhdəliklər ümumi öhdəliklərin 47%-ni təşkil edirdi. Devalvasiyadan sonra manat ifadəsində ödəniş ikiqat artıb. Amma nəzərə almaq lazımdır ki, banklar öz sərvətləri hesabına kredit verməyib. Bankların verdiyi kredit cəmi kapitallarının və 10 il ərzində qazandıqları puldan çoxdur. Banklar krediti biznes subyektlərindən, əhalidən cəlb etdiyi pullar hesabına verib. Banklara kredit qaytarılmalıdır ki, banklar da öz öhdəliyini yerinə yetirə bilsin. O ki qaldı Palatanın bankların tərəfində durmasına, rəhbərlik etdiyim qurum dövlətin, xalqın maraqlarını qoruyur".
Rüfət Aslanlı bankların məcburi qaydada təmərküzləşməsinin tərəfdarı olmadığını vurğulayıb: "2-3 bankın, sığorta şirkətinin məcburi qaydada birləşdirilməsi uğursuz cəhddir. Bir problemin digər problemlə birləşdirilməsi bir böyük problemin yaranmasına səbəb olur. Bu zaman mahiyyət etibarilə heç nə dəyişmir. Məsuliyyət eyni olaraq qalır".
Rüfət Aslanlı deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun diaqnostikasını aparıb. Onun sözlərinə görə, bunun nəticəsində biz bankların mövcud durumunu və onların ayrı-ayrı bank üzrə və ayrılıqda bank sektoru üzrə sağlamlaşdırılması ilə bağlı müvafiq siyasət tədbirləri hazırlamışıq: "Bu tədbirlər müxtəlif bank qrupları üzrə hazırlanıb. Sistem əhəmiyyətli banklar var ki, bu bankların iflası təkcə bankların müştəriləri deyil, həmçinin maliyyə sektorunun və onun vasitəsi ilə iqtisadiyyatın dayanıqlığına təsir edə bilər. Dünyada sistem əhəmiyyətliliyin qiymətləndirilməsi meyarları var. Bank nəzarəti üzrə beynəlxalq standartları müəyyən edən beynəlxalq hesablaşmalar bankının Bazel komitəsinin metodikasını əsas götürmüşük. Eyni zamanda, Avropa Birliyinin direktivlərini, iqtisadiyyatının həcmi, xarakterinə, maliyyə sisteminin xüsusiyyətlərinə görə Azərbaycana yaxın olan ölkələrin təcrübələrinə də baxmışıq. Onun əsasında biz bankların sistem əhəmiyyətliyini müəyyən edərək "Banklar haqqında" qanuna müvafiq olaraq zərurət yaranarsa, bu bankların dövlət tərəfindən dəstəklənməsi mexanizmlərini hazırlamışıq. Bu günə bu banklardan ikisinə dövlət dəstəyi ilə bağlı qərar verilib. Beynəlxalq Bankın sağlamlaşdırılması prosesi gedir. İkincisi isə "Bank Standard"ın sağlamlaşdırılması ilə bağlı qərar verilib. Sonradan "Bank Standard"ın sağlamlaşdırılması üçün çəkiləcək xərclərin çox olduğunu gördükdən sonra ləğvinə qərar verdik".
Rüfət Aslanlı qeyd edib ki, Azərbaycanda həm manatda, həm də valyutada olan böyük məbləğdə olmayan qorunan əmanətlər üzrə verilən kompensasiyalar valyutaya konvertasiya oluna bilər: ""Bank Standard"ın qorunan əmanətləri kompensasiya edilir. Qorunan əmanətlər qanuna müvafiq olaraq 100% həcmində kompensasiya edilir. Qorunmayan əmanətlərə gəlincə, həmin insanlar şüurlu surətdə buna qol çəkiblər. Məsələn, bankda "Uşaq əmanəti"nə görə ildə 20% xarici valyutada faiz ödənilib. Siz də digər tərəfdən deyirsiniz ki, biznesmenlər yuxarı faizlə kredit ala bilmir. Bəli, iqtisadiyyat xarici valyutada 20%-i generasiya etmək iqtidarında deyil, o qədər dəyər yaratmaq mümkün deyil. Bəri başdan bəllidir ki, bu 20%-lik depozit itəcək. Bu məbləğdə xarici valyutada faiz alan insanlar bilərəkdən o itkilərə qol çəkiblər. Gəlin razılaşaq ki, 100 min dollar əmanətə malik şəxs maliyyə cəhətdən savadsız sayıla bilməz. 100 min dolları qazanmağı bacarmaq lazımdır. Ona görə də mən burada dövlət tərəfindən sosial ədalətin pozulması ittihamını qəbul edə bilmərəm. Çünki, orada olan əmanətçilərin hamısını az qala şəxsən tanıyıram. Bu gün "Standard Bank"da 262 min bank hesabı, 158 min əmanətçi var. Təxminən 15 minə qədər əmanətçi məhz sizin dediyiniz əmanətçilərdir ki, bunların kompensasiyaları manatda ödənilir. Nəyə görə? Çünki, qanunvericilikdə öz əksini tapıb ki, əgər insanın əmanəti həm xarici valyutada, həm də manatdadırsa, bu əmanətlər birləşdirilir və ona kompensasiya manatda verilir. Bu gün hökumətdə də bir daha müzakirə etdik. Cənab prezidentlə də müəyyən məsləhətləşmələr aparılıb. Çox güman ki, mən bunu hələ vəd edə bilmərəm, amma çox güman ki, biz bir həll tapacağıq və bu insanlara kompensasiyaları manatla ödənildiyi kimi, valyutaya konvertasiya edək. Bunun yollarını araşdırırıq, bu bizim diqqətimizdədir".