Yaxın Şərqdə eskalasiya təhlükəsi
21 Yanvar 23:43

Ölkə iqtisadiyyatına investisiya qoyuluşlarında azalma müşahidə olunur ki, bu da diqqət çəkməyə bilməz. Belə ki, AR Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ildə əsas kapitala 21,226 milyard manat məbləğində, yaxud 2024-cü illə müqayisədə 5,6 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna investisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb.
İstifadə olunmuş investisiyanın 10,972 milyard manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinə, 7,2 milyard manatı (33,8 faizi) xidmət sahələrinə, 3 milyard manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunubş Əsas kapitala yönəldilmiş investisiyaların 17 milyard manatını və ya 80,2 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 16 milyard manatı və ya 75,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib.
Göründüyü kimi, həm neft-qaz, həm də qeyri-neft sektoruna investisiyalar azalıb. Digər tərəfdən daxili sərmayələr üstünlük təşkil edir, xarici ölkə investorlarının ölkəyə cəlb edilməsi öz aktuallığını saxlayır. Sənaye istehsalında da azalma qeydə alınıb. Belə ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ildə 63,1 milyard manatlıq və ya 2024-cü illə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 2,0 faiz azalıb, ancaq qeyri neft-qaz sektorunda isə 5,5 faiz artıb. Sənaye məhsulunun 59,6 faizi mədənçıxarma sektorunda, 33,9 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 0,7 faiz artmışdır.
Neft-qaz sektoruna sərmayələrin azalması başa düşüləndir, lakin ötən il qeyri-neft sektorunda azalma narahatlıq doğurmaya bilməz. 2026-cı ildə bu sektorda özəl sərmayə qoyuluşlarının artacağına ümid etmək olar. Hər halda hökumət müəyyən təşviq siyasəti həyata keçirir. 2025-ci ildə investisiya forumlarında əldə olunmuş razılaşmalar növbəti illərdə müsbət dinamika yarada bilər. Belə ki, 22-23 sentyabr tarixlərində Bakıda "Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi" mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur.
Yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalı birgə müəssisənin yaradılmasına dair Sazişə əsasən ölkəmizə təqribən 700 mln. ABŞ dolları dəyərində xarici investisiya yatırılacaq. Sənəd “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund OEIC Limited” investisiya şirkəti arasında imzalanıb.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və istismarına dair dəyəri 407 milyon ABŞ dolları olan və xarici investisiya hesabına maliyyələşdirilən Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi imzalanıb. Bu layihə İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir.
İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında "Şəhər daxilində şəhər" ("City within a City") konsepsiyasının inkişafına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb. Ümumi dəyəri təxminən 5 milyard ABŞ dolları təşkil edən konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.
İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında dövlət-özəl tərəfdaşlığı sahəsində potensialın artırılması, İqtisadiyyat Nazirliyi ilə “MAN Truck & Bus SE” və “Improtex Trucks & Buses” şirkətləri arasında Azərbaycanda elektrik avtobuslarının istehsalı, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi və “China Datang Overseas Investment Co” şirkəti arasında Azərbaycanda “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılmasına dair anlaşma memorandumları, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Dünya İqtisadi Forumu arasında Assosiativ Mərkəz Əməkdaşlıq Sazişi, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) və “Basalt Group” MMC arasında “Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-yə dair Birgə İştirak Müqaviləsi, ABİF və “ARGS Holding” MMC arasında “AzerFloat” QSC-nin nizamnamə kapitalına investisiya qoyuluşuna dair Birgə İştirak Müqaviləsi, “EEL electric” MMC və “ABB Group” arasında Modulyar Panel Sistemlərinin Quraşdırılması üzrə Müqavilə imzalanıb.
“See Breeze Resort” turizm zonası və “Crowne Plaza Hotels & Resorts by IHG”, “MEAIT and Rixos”, “Radisson Blue”, “Digital Residence”, “Sana Hospital Group”, “Don Agro Intl” kimi tərəfdaşlar arasında imzalanan anlaşma memorandumları ümumilikdə ölkəmizə 500 mln. ABŞ dolları xarici investisiyanın cəlbini nəzərdə tutur.
Forum çərçivəsində imzalanan sənədlər və əldə edilən razılaşmalar Azərbaycanın xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Böyük miqyaslı sərmayələr Azərbaycanın investisiya cəlbediciliyini bir daha təsdiqləməklə yanaşı, innovasiya və texnologiya transferini sürətləndirir, dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda yeni imkanlar açır.
Bu yaxınlarda Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyətə başlaması da qeyri-neft sektoruna özəl investisiyaların cəlb olunması baxımından əhəmiyyətlidir. Kompleksə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub. Yenidənqurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb. “Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə işə başlayan ilk layihədir. Mis flotasiya zavodunda “Dəmirli” mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul - mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır.
1993-cü ildən Ermənistanın işğalı altında olan “Dəmirli” mis yatağı 2013-cü il mayın 13-dən etibarən təqribən 10 il ərzində qeyri-qanuni istismara məruz qalıb. O dövr üçün məlum olan 311 min ton çıxarılabilən mis ehtiyatının 218 min tonu, yəni 70 faizi qanunsuz şəkildə hasil edilib. Hazırda qalıq ehtiyatların ilkin istismar dövrü 2025–2030-cu illəri əhatə edir. Bu müddətdə Çin Xalq Respublikasına 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır. İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarıla bilən həcmi dəqiqləşdiriləcək.
Kompleksdə ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunub. Onlardan 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır. Növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır. Mədəndə hasilat Azərbaycan ərazisində bir sıra filiz yataqlarının kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə ABŞ-ın “R.V. Investment Group Services” şirkəti arasında 2024-cü ildə bağlanmış saziş üzrə əməliyyat şirkəti “Azerbaijan International Mining Company Limited” tərəfindən aparılır.
Bu layihənin icrası ölkəmizin qeyri-neft sektorunda ixrac qabiliyyətinin artması, işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması, dağ-mədən sahəsinin müasirləşdirilməsi və şaxələndirilməsi, bölgədə iqtisadi fəallığın artırılması və yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir.
Mahir Həmzəoğlu