Keçmiş dövlət katibi yeni təhlükələrdən danışıb Müsahibə

Keçmiş dövlət katibi yeni təhlükələrdən danışıb

Henri Kissincer: "Çin günü-gündən daha qüdrətli bir dövlət olmağa doğru irəli addımlayır"

Cavid

ABŞ-ın keçmiş dövlət katibi "Handelsblatt" qəzetinə verdiyi müsahibədə yeni təhlükələr, Yaxın Şərqdə baş verən münaqişələrin həlli yolları və Alman kansleri ilə razılaşmasından söhbət açıb
Handelsblatt: Hörmətli cənab Kissincer, "Dünya nizamı" adlı kitabınız işıq üzü gördükdən sonra dünyada, əksinə, nizamsızlıq baş aldı - daha arxaik, qəddar və qarma-qarışıq hadisələr baş verdi. Bu inkişafın aparıcı qüvvələri hansılardır?
Henri Kissincer: Əlbəttə ki, bu kitab gələcəkdə baş verəcək hadisələrə dair öncədən birbaşa xəbər vermirdi. Mən bu hadisələrlə bağlı ola biləcək bəzi təhlükələr və vəziyyətləri təsvir etməyə çalışdım. Buna görə də, dünyada daha çox nizamsızlığın baş alması məni təəccübləndirmir. Fikrimcə, söhbət əsaslı problemlərdən gedir: tarixdə ilk dəfə olaraq müxtəlif qitələrdə eyni zamanda belə hadisələr baş verir. İnsanlar dünyanın bu və ya digər regionlarında istənilən zamanda nəyin baş verdiyindən xəbərdardırlar. Bu, prosesləri sürətləndirməklə yanaşı çətinləşdirir. İkincisi, dünyanın müxtəlif hissələrində bir birindən çox fəqlənən dəyişikliklər baş verir. Lakin onların ortaq xüsusiyyətləri yoxdur. Məhz buna görə də, bu problemləri həll etməyə müvəffəq ola bilən ortaq prinsiplər də yoxdur.
- Şərq və Qərb arasındakı qarşıdurma, o cümlədən Şimal və Cənub arasında baş verən münaqişələr müəyyən qədər aydın və öncədən təyin edilə bilən struktura malik idilər. Hansı region sizi daha çox təşvişə salır?
- Yaxın Şərq! Orada eyni vaxtda üç və ya dörd inqilab baş verdi. Hazırda isə bu regionu mövcud dövlətlərə qarşı yönləndirilmiş münaqişələr, müxtəlif dini qruplaşmalar arasında yer alan münaqişələr, o cümlədən bu və ya digər hüdudları aşan münaqişələr əhatə edir. Bundan əlavə, bütöv sistemə qarşı hücumlar edilir. Və bunların hər birisi sadəcə bir regionda baş verir!
- Çin yüksəlməkdədir…
- Çin günü-gündən daha qüdrətli bir dövlət olmağa doğru irəli addımlayır, bu isə beynəlxalq arenada mövcud güc tarazlığının dəyişilməsi ilə nəticələnəcək. Yeri gəlmişkən, çinlilər özləri də böyük dəyişikliklər dövründən keçir.
- Putin Rusiyası dünya arenasına geri dönür.
- Rusiya hazırki qeyri-stabil vəziyyətdə yenidən öz eyniyyətini tapmağa çalışır. Və bununla Qərbdə daha bir yeni problem yarana bilər.
- Siz nəyi nəzərdə tutursunuz?
- Hazırki Avropa yüz il bundan öncəki Avropa ilə müqayisədə tanınmaz hala gəlib. O yeni birlik islahatlarının keçirilməsinə cəhd edir, lakin hələ ki, bu cəhdə siyasi ifadə verə bilmir. Avropa öz inkişafının uzunmüddətli strategiyasını tərtib etməyə müvəffəq ola bilmir. Hazırda bütün bu elementlər eyni vaxta təsadüf edir. Mən bunda yeni çağırış mərhələsini müşahidə edirəm.
- "Dünya nizamı" adlı kitabınızda xaos və müxtəlif dövlətlərin bu vaxtadək görülməmiş qarşılıqlı asılılığından söz açırsınız. Qərb ictimaiyyətinin həddindən artıq yükləndiyindən və ya özünü əldən saldığından danışmaq zəruriyyəti var mı?
- İstənilən halda, bugünədək tərəflər mövcud tənəzzül və təhlükələrin müştərək təhlili və bu problemlərin həlli yolları barəsində ümumi razılığa gələ bilmədilər. Beləliklə, həqiqətən də "taqətsizlikdən" danışmaq olar. Lakin, çox güman, bu psixolojı mahiyyətə malik bir prosesdir. Daha çox gözə çarpan hal internetin yaranması ilə müasir dünyanın kökündən dəyişməsidir. İnsanlar kağıza deyil ekrana baxaraq məlumat alırlar. Bilavasitə alınan məlumat daha emosional çalar alır. Lakin proses bütövlüklə refleksiyadan bir o qədər də asılı deyil.
- İnternetin xarici siyasətə göstərdiyi təsir barəsində daha ətraflı danışa bilərsiniz?
- Eyni cavaba dəfələrlə klikləmək olar, buna görə də dünyada baş verən hadisələri kateqoriyaya bölmək və müxtəlif konsepsiyalara ötürmək stimulu nisbətən azalıb. Bir çox faktların mövcud olması onların təhlilini aparmağa mane olur. Bundan başqa, siyasi liderlərin ictimaiyyətin əhvalına reaksiya verməyə daha çox səbəbi var. Bu o deməkdir ki, insanlar problemlərə bir qədər fərqli yanaşırlar, cəmi 20 il bundan öncə isə vəziyyət başqa cür idi. Bununla belə, mən hələ dünyanın necə qəddarlaşdığından danışmıram. Xeyir, o sadəcə olaraq dəyişib.
- Bizə çağırışlarla dolu hazırki dünyaya daha çox nizam salmağa kömək edin. Britanıyanın keçmiş baş naziri Toni Bler CNN kanalına verdiyi müsahibədə İraqda baş verən müharibə və "İslam dövlətinin" yüksəlməsi arasında bir əlaqənin olduğunu qeyd etdi. Siz də belə düşünürsünüz?
- 11 sentyabr 2001-ci ildə Ümüdünya Ticarət Mərkəzinə edilən hücum mübariz islamın qərb strukturuna qarşı başlatdığı hücumların ilki idi. Qərb bunu insanların kiçik qruplaşması tərəfindən həyata keçirilən terror aktı kimi dəyərləndirdi. Lakin o zamandan bəri tərəflər arasındakı qarşıdurmanın mahiyyəti dəyişib. İD-in əsas cəhətləri Əl-Qaidəninkindən fərqlidir. İD adi dövlət kimi fəaliyyət göstərə biləcəyi ərazi bazasına sahibdir. Digər tərəfdən isə İD desentralizasiya olunmuş şəkildə fəaliyyət göstərən dini hərəkatdır-bu halda əsas faktor olaraq dövlətçilik deyil məhz ideologiya göstərilir.
- Qərb aləmi İD ilə nə etməlidir? Parisdə törədilən terror aktlarından sonra terrorla mübarizə Avropa üçün əsas məsələyə çevrildi.
Zənnimcə, biz İD probleminin diplomatik həllini tapa bilməyəcəyik. İD-nə qalib gəlmək lazımdır, çünki o var olduğu müddətdə öz əqidəsini (bu əqidəyə əsasən bütün digər cəmiyyətlər qeyri-qanunidir) yaymağa və Yaxın Şərqdə xilafət qurmağa çalışacaq. Bu hallarda diplomatiya yalnız təhlükə altında olan icmaları birləşdirərək və İD-nə onu işğal etməyə mane olaraq vacib rolu oynaya bilər.
- Siz hər zaman sülh danışıqları və diplomatiyanın tərəfdarı olmusunuz. Siz inanırsınız ki, kölgədə qalan, məsələn, Səudiyyə Ərəbistan, İran və s., bəlkə də, İsrail kimi dövlətlər müəyyən razılığa gələ bilərlər? Birbaşa terrorçularla deyil İD-in arxasında dayana zəngin ailələr və ya qruplaşmalarla. Çünki, məsələn Kemp-Devid, az insanın ümid etdiyi nəticələrin əldə olunduğu bir yer idi.
- Hər zaman hesab etmişəm ki, əsaslı danışıqlar aparmaq üçün tərəflərin müəyyən sayda ümumi məqsədləri və dəyərləri olmalıdır, lakin mən İD-də bunu görmürəm. Qərb və islam aləmi arasında hər hansı bir razılaşma əldə oluna bilər mi (İD-in iştirakı olmadan)? Əgər islam aləmi əsasında dövlət dayanan sülh strukturunun legitimliyini qəbul etsə, bu mümkün olardı, və hətta bu barədə danışıqlar aparılmalıdır.
- Bu proses zamanı siz tərəflərə nə məsləhət görərdiniz?
— Yaxın Şərqdə baş verən bu çaxnaşmalar Vestfal sülh müqaviləsinin analoqu olmadan bitməyəcək. Bu müqavilə müxtəlif motivlərə sahib bir çox qruplaşmalar arasında baş verən Otuzillik müharibəyə son qoydu və dövlətlər sisteminin yaranmasına gətirib çıxardı, daha sonra bu sistem bir neçə yüzilliklər ərzində beynəlxalq əlaqələrin əsasını təşkil edirdi. Hətta bugün belə sözügedən sistem fundamental konsepsiya hesab olunur. Buna bənzər nəsə yarana bilər mi? Bəli. Lakin bu "nəsə" birbaşa İD ilə danışıqların aparılması nəticəsində yaranmayacaq.
- Oradakı diktator Bəşər Əsəd və Rusiyanın prezidenti Vladimir Putin Suriya probleminin həllində iştirak etməlidirlər?
- Əsədin iştirakı mütləq deyil, lakin onun təmsil etdiyi digər əlavilərin təmsilçiləri iştirak etməlidir. Əsədin sülh yolu ilə getməsi şərti böyük razılaşmanın bir hissəsi ola bilərdi. Qərb anlamalıdır ki, Rusiyanın razılığı olmadan bu böyük razılaşma da olmayacaq. Bu və digər problemlərin sülh yolu ilə həll edilməsi Rusiyanın iştirakı olmadan mümkün deyil.
- Angela Merkel Ukrayna krizisi ilə bağlı sizin fikirlərinizə qulaq asdı. O, Putinlə Ukraynanın şərqi vilayətlərindəki vəziyyətlərin müstəqil surətdə deeskalasiya edilməsinə dair danışıqlar aparmağa çalışdı.Nəticədə,gərginləyi nisəbətən azaldan birinci və ikinci Minsk sazişlərinin imzalanmasına nail olundu.
- Angela Merkel bu məsələdə mərkəzi və həlledici rolu oynadı.
- Bəs Ağ Ev rəhbərliyi?
- O çox güman, hesab edirdi ki, Putinlə razılaşmaqdan öncə ona dərs keçmək lazımdır.
- Siz hər zaman hərbi "tədqiqatların" diplomatik yolla həll olunmasını üstün tuturdunuz. Məhz siz Çinlə hazırki uğurlu tərəfdaşlığın qapılarını açdınız. Siz ATƏM-in yaranması barəsində razılaşmanın imzalanması ilə nəticələnən gərginliyin azalması siyasətini irəli sürdünüz. Məhz bu razılaşma nəticəsində Şərqi və Qərbi Avropanın sülh içində birlikdə yaşaması mümkün oldu. Hazırda Yaxın Şərq prosesinin iştirakçıları ilə razılaşmaq bir zamanlar sovet və ya Çin rəhbərlikləri ilə razılaşmaqdan daha çətindir? Çünki Xrushov, Brejnev və Mao heç də mülayim insanlar deyildi.
- Əlbəttə ki, onlar mülayim təbiətli insanlar deyildi, lakin o zamanlar vəziyyət fərqli idi. 1969-cu ildə Sovet İttifaqı Çin üçün Qərblə ideolojı qarşıdurma ilə müqayisədə daha böyük təhlükə yaratdığına görə bu ölkə ilə tərəfdaşlığa nail olundu. Eyni zamanda, o Birləşmiş Ştatlar barəsində irəli sürülən mənfi rəylərdən də əhəmiyyətli idi. Şübhəsiz, 20-ci əsrin son rüblüyündə Çin, Moskva və ya Şərqi Berlin ilə danışıqlar apararkən müxtəlif bölgələrdə tez-tez böyük gərginliklər yaranırdı. Bugün isə etnik qruplar arasında mənsubiyyət və ya din əsasında münaqişələr yaranır. Hazırda münaqişələr qismən dövlət və ya qeyri-dövlət təşkilatları arasında baş verir. Böyük münaqişəli potensiala malik bu vəziyyət tamamilə fərqli xarakter daşıyır.
- Bundesver ABŞ, Fransa və Böyük Britaniyaya birləşdi və Suriya əməliyatında iştirak üçün 1200 hərbçi təqdim edəcək. Sizcə, bunu əsl siyasət adlandırmaq olar?
- Qeyd etmək lazımdır ki, "əsl siyasət" anlayışını çox vaxt mənimlə əlaqələndirirlər, lakin mənim heç bir kitabımda bu anlayışa rast gəlməyəcəksiniz.
-…çünki onu hər zaman sizə qarşı istifadə ediblər, o cümlədən partiyanızın nümayəndələri də
- Respublika partiyası?
- Onu mənə qarşı istifadə ediblər. Tənqidçilər asanlıqla o almandır, o amerikalıların mövqeyində dayanmır deyərək bəzi əsaslar gətiriblər.
- Ola bilsin, bəlkə də bu qismən belədir?
- Hesab edirəm ki, xarici siyasətdə hər iki amili nəzərdə saxlamaq vacibdir, bunlar idealizm və realizmdir... Məşğul olduğun problemi və qarşına qoyduğun məqsədləri dərindən təhlil etmədən xarici siyasətlə məşğul olmaq olmaz. Bununla belə, realist olmaq lazımdır. Lakin mürəkkəb problemlərin birmənalı həlləri olmadığı və nisbətin 50:50 və ya 51:49 təşkil etdiyi üçün cəhd etdiyiniz etik məqsədlərinizdə inamlı olmalısınız. Buna görə də, kiminsə yalnız realist və ya təmiz idealist olmaq lazımdır söyləməsi mənim xoşuma gəlmir. Bunun mümkünlüyünə inanmıram. Təmiz realist hesab olunan Bismark belə bunları söyləyib: "Siyasətçi nəyisə özbaşına edə bilməz - o yalnız bu və ya digər hadisələri müşahidə edərək Tanrının yerişini gözləyə bilər. Və bu zaman o onun paltosunun ucuna toxunmaq üçün hoppanmalı olacaq".