Günay Əfəndiyeva: Xəzər dənizinin qorunması həm də bizim tarixi-mədəni irsimizin gələcəyi ilə bağlıdır - MÜSAHİBƏ Müsahibə

Günay Əfəndiyeva: Xəzər dənizinin qorunması həm də bizim tarixi-mədəni irsimizin gələcəyi ilə bağlıdır - MÜSAHİBƏ

Son illərdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, ölkənin diplomatik uğurları və qlobal çağırışlara verdiyi töhfələr dünya ictimaiyyətinin diqqətindədir. Xüsusilə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorka etdiyi səfər ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini bir daha göstərdi. Səfər çərçivəsində baş tutan yüksək səviyyəli görüşlər, səsləndirilən qlobal çağırışlar və konkret təşəbbüslər Azərbaycanın sülhə, dayanıqlı inkişafa və ətraf mühitin qorunmasına yönəlmiş qətiyyətli siyasətini ortaya qoydu.

AZƏRTAC olaraq biz Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva ilə bu səfərin əhəmiyyəti, Prezidentin BMT tribunasından verdiyi mühüm mesajlar və Xəzər dənizi ilə bağlı çağırışları ətrafında söhbət etdik.

- Günay xanım, qısa zaman öncə Prezident İlham Əliyev Nyu-Yorka mühüm bir səfər etdi. Bu səfərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Prezident İlham Əliyevin Nyu-Yorka həyata keçirdiyi səfər Azərbaycanın qlobal proseslərdə iştirakı baxımından son dərəcə mühüm məqamlarla yadda qaldı.

Biz səfər zamanı Prezidentin dünyanın müxtəlif siyasi-iqtisadi liderləri, beynəlxalq təşkilatların rəhbərlərinin təşəbbüsləri əsasında gerçəkləşdirdiyi çoxsaylı görüşləri izlədik. Bu, beynəlxalq müstəvidə dövlət başçısına olan münasibətin, onun günü-gündən artan nüfuzunun bir daha sübutudur. Qeyri-obyektivlik və ikili standartların mövcud olduğu mürəkkəb bir mühitdə Prezidentə göstərilən etimad, onun parlaq şəxsiyyətindən, güclü liderlik xarizmasından, ali siyasi və mənəvi keyfiyyətlərindən qaynaqlanır.

- Prezidentin BMT tribunasından çıxışı xüsusi diqqət çəkdi...

- Bəli, bu dəfə Prezident Nyu-Yorkda növbəti bir tarixi ilkə imza atdı. O, BMT tribunasında qalib ölkənin lideri kimi çıxış edərək, Azərbaycanın həm qələbə, həm də sülhə aparan yolda təcrübəsini qlobal ictimaiyyət ilə bölüşdü. Dövlətimizin başçısı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin ikili standartlara məruz qalaraq illərdir icra olunmamasını elə BMT tribunasından böyük cəsarətlə səsləndirdi. Ermənistanın mülki əhalini hədəf alan addımlarına rəğmən, Azərbaycanın israrla, qətiyyətlə beynəlxalq hüququn fundamental prinsipləri üzərində dayanmasından bəhs etdi.

Digər tərəfdən, Prezident İlham Əliyev Azərbaycanın qlobal iqtisadi, ticari, humanitar və iqlim məsələlərinə dair hərtərəfli strategiyasını təqdim etdi.

Ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 sammitində Azərbaycan diplomatiyası aktiv, təşəbbüskar, birləşdirici missiyası ilə əhəmiyyətli qlobal nəticələrin reallaşmasına vəsilə oldu. Dövlətimiz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoq və həmrəyliyi təmin etdi. Sammit çərçivəsində iqlim maliyyələşdirmə hədəfinin 3 dəfə artırılmasını - 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutan Bakı Maliyyə Hədəfi əldə olundu. Bu, Afrikada, Asiyada, kiçik ada dövlətlərində yaşayan milyonlarla insanın sabahını xilas edəcək çox ciddi bir nailiyyətdir. Bununla bağlı dövlətimizin başçısının BMT-dəki çıxışı Azərbaycanın qlobal çağırışlara böyük məsuliyyətlə yanaşmasının və onların həllindəki yüksək səriştəsinin bir daha təsdiqi oldu.

- Sizcə, Prezidentin Xəzər dənizi ilə bağlı mesajı Azərbaycan və digər sahilyanı ölkələr üçün hansı prioritetləri ortaya qoyur?

- Düşünürəm ki, Prezidentin beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltməsi olduqca mühüm əhəmiyyət daşıyır. Çünki Xəzər dənizinin qorunması həm də bizim tarixi-mədəni irsimizin gələcəyi ilə bağlıdır.

Dövlətimizin başçısı çıxışında Xəzər dənizinin sürətlə azalmasından bəhs etdi və vurğuladı ki, əsas səbəb təkcə iqlim dəyişməsi deyil. Prezident hər bir sözündə olduğu kimi, bu ifadəsində də dərin bir mesaj verdi. O, ekologiyanın bizə yox, bizim ekologiyaya cavabdehliyimizi vurğuladı.

Yəni, Xəzər bizim ümumi mirasımızdır. Prezidentin bildirdiyi kimi, problemin həllində Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Ona görə Azərbaycanla yanaşı, bütün sahilyanı ölkələr masa arxasına toplaşaraq, bu məsələyə ciddi önəm verməlidir. Dövlətimizin başçısı, həmçinin bu işdə BMT ilə sıx əməkdaşlığa hazır olduğunu açıq elan etməsi ilə, beynəlxalq qurumların da həll mexanizminə cəlb oluna biləcəyini nəzərə çatdırdı.

Baxın, Xəzər dənizinin çəkilməsi coğrafiya ilə yanaşı, həm də mədəniyyətin yoxa çıxması deməkdir. Xəzər dənizi bizim tarixi-mədəni keçmişimizin, musiqimizin, poeziyamızın ayrılmaz parçasıdır. Xəzər bizim doğma şairimiz Mikayıl Müşfiqin əbədi məskənidir.

Sənaye tullantıları, çay axınlarının tənzimlənməməsi, məsuliyyətsiz istismar yalnız Xəzərin suyunu deyil, eyni zamanda, ətrafındakı ölkələrin kollektiv tarixi-mədəni yaddaşını da zəiflədir.

Bu səbəbdən, Xəzərin qorunması sahilyanı ölkələrin birgə məsuliyyəti və beynəlxalq əməkdaşlığın vacib prioritetlərindən olmalıdır.