“Azərbaycanın Ermənistanı sülhə cəlb etmək siyasəti...” Siyasət

“Azərbaycanın Ermənistanı sülhə cəlb etmək siyasəti...”

Elxan Şahinoğlu: "Mütləq cəbhədə düşmənə ağır zərbə vurmaqla nəticələnməlidir"


Aprelin ilk günlərində təmas xəttində yol verdiyi növbəti təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən aldığı sarsıdıcı zərbədən özünü toparlaya bilməyən işğalçı ölkə və onun rəhbərliyi daha bir uğursuzluq sindromuna düçar olmamaq üçün müxtəlif yollar axtarışındadır. Batmaqda olan birisinin saman çöpündən yapışmaq misalına uyğun olaraq hazırda Ermənistan rəhbərliyi özünü xilas üçün bütün mümkün variantlardan, hətta hakimiyyəti dövründə yaxına buraxmaq belə istəmədiyi vasitələrdən yararlanmağa çalışır. Bu mənada hazırkı dövrdə sabiq president Levon Ter-Petrosyan amili Sərkisyanın işinə yarayır. Bir müddət əvvəl işğalçı ölkə prezidentinin Levon Ter-Petrosyanla görüşməsi barədə yayılan xəbərlərin ardınca ikincinin bu günlərdə Sərkisyanın ardınca işğal edilmiş Azərbaycan ərazilərində peyda olması da təsadüfü sayıla bilməz. Məlumata görə, aprel uğursuzluğundan sonra Xankəndinə səfər edən Sərkisyanın erməni hərbiçilərində ruh yüksəklıyi yaratmaq cəhdi alınmadığı üçün, Serj ağsaqqal kimi Petrosya amilindən istifadə etməyi qərarlaşdırıb. O, ümid edir ki, Petrosyan aprel uğursuzluğundan sonra erməni hərbiçiləri arasında ruh yüksəkliyi yarada biləcək.
Ermənistanın sabiq prezidentinin işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsinı ekspertlər müxtəlif prizmalardan yanaşıblar.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Levon Ter-Petrosyan hazırki prezident Serj Sərkisyanla müvəqqəti ittifaqdadır və onun Qarabağa səfəri də məhz bu ittifaqdan qaynaqlanır. Politoloqun sözlərinə görə, bu ittifaq hər ikisi üçün taktiki xarakter daşıyır: "Keçmiş dövlət başçısı Robert Köçəryan Ter-Petrosyan üçün daha qorxulu fiqurdur. Levon Ter-Petrosyan Köçəryana qarşı Sərkisyanla mövqelərini yaxınlaşdırıb, ancaq bir müddət sonra bu ittifaq da dağılacaq". Elxah Şahinoğlu da hesab edir ki, Levon Ter-Petrosyan Xankəndinə gəlməklə Sərkisyanın mövqelərini gücləndirməyə çalışır: "Ancaq eks-prezident onu da yaxşı bilir ki, Sərkisyanın siyasi karyerasının sonu yaxınlaşır və onu xilas etmək praktik baxımdan mümkün deyil. Həmçinin Levon Ter-Petrosyan Sərkisyanın dəstəyi hesabına öz reytinqinı qaldırmaq istəyir. Dağlıq Qarabağa səfər də bu reytinq siyasətinin tərkib hissəsidir". Politoloqun sözlərinə görə, Serj Sərkisyan da Ter-Petrosyandan öz məqsədləri üçün istifadə etmək istəyir: "Sərkisyan Dağlıq Qarabağ məsələsində Levon Ter-Petrosyandan dəstək gözləyir. Sərkisyanın Dağlıq Qarabağla bağlı planı yoxdur, Azərbaycanın mülki əhalisini hədəf almaq planı da işə yaramadı. Ona görə də Sərkisyan Qarabağ məsələsində Ter-Petrosyandan konsensus gözləyir. Çünki, Sərkisyan Dağlıq Qarabağla bağlı təkbaşına qərar vermək istəmir. Bu onun üçün böyük yükdür. Ancaq, məncə Ter-Petrosyanın da hələ ki, Qarabağla bağlı yeni fikri yoxdur".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın 1997-ci ildən bəri səfər etmədiyi Dağlıq Qarabağa qəfil səfəri və separtçılarla görüşü Ermənistan prezidenti Serj Sərkisyanın Robert Koçaryana qarşı planın bir hissəsidir: "Serj Sərkisyan Robert Köçəryana özünün Levon və Bako Saakyan ittifaqını göstərir. Dörd günlük müharibədə sonra separatçılar Sərkisyan rejimindən ciddi narazıdırlar və aralarında ciddi fikir ayrılıqları var. Sərkisyan ehtiyat edir ki, Xankəndində separatçı rejimlə Koçaryan ittifaqa girib, onu devirsinlər. Çünki, belə addımlar Yerevanda zaman-zaman atılıb. Ona görə də burada məqsəd Levonu Qarabağa göndərməklə bu xofu aradan qaldırmaq və Köçəryana qarşı formalaşdırdığı cəbhəni möhkəmləndirməkdir. Həmçinin Köçərayana qarşı öz ittifaqını göstərməkdədir". Mərkəz sədri deyir ki, hazırda Ermənistanın guya "Dağlıq Qarabağın müstəqilliyini" tanımaq oyunu, Yerevanın Azərbaycana "təzyiq"siyasətidir: "Son günlər Xankəndində olan separatçı rejimə xoşməramlı jest və Sərkisyanın gərgin olan daxili auditoriyaya mesajıdır. Həmçinin Azərbaycanı mövcud status-kvo ilə razılaşdırmaq üzrə uğursuz gedişidir. Faktiki olaraq, Ermənistan bütün danışıqları pozur və cəbhə bölgəsində gərginliyi artırmaqla güzəştə getməyəcəyini göstərir. Azərbaycanın Ermənistanı sülhə cəlb etmək siyasəti mütləq cəbhədə düşmənə ağır zərbə vurmaqla nəticələnməlidir". Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ və Avropa Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün Qarabağda əməliyyatların Azərbaycanın xeyrinə dəyişməsini təmin etməlidir: "Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsi barədə açıqlamaları regionda Rusiyanın mövqelərinin zəiflədilməsi istiqamətində apardığı siyasətin davamıdır".