“Qərbin Gürcüstanda vəziyyəti gərginləşdirmək üçün atdığı addımlar ciddi problemlər yarada bilər” Siyasət

“Qərbin Gürcüstanda vəziyyəti gərginləşdirmək üçün atdığı addımlar ciddi problemlər yarada bilər”

Mübariz Göyüşlü: “Eyni ssenarini təkrarlamaq istəyirlər”

“Cənubi Qafqazda, Gürcüstanda baş verən hadisələri diqqətlə izləyirik, sabitliyə qarşı olan addımlardan narahatlıq keçiririk. Qərbin Gürcüstanda aranı qarışdırmaq, vəziyyəti gərginləşdirmək üçün atdığı addımlar, planlaşdırdığı məsələlər ciddi problemlər yarada bilər”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. O, bildirib ki, illər əvvəl Gürcüstanda belə gərin durum yaranmışdı: “O zaman hakimiyyətə gələn Qərbpərəst qüvvələr ölkəni Rusiya ilə müharibəyə sürüklədilər və çox böyük fəalkət yaşandı.

O vaxt bu hadisələrin arxasında birbaşa ABŞ dayanırdı. İndi də eyni ssenarini təkrarlamaq istəyirlər. Amma bu dəfə həmin ssenarinin alınma ehtimalı azdır. Çünki Gürcüstan cəmiyyəti ayıqdır və mövqe ortaya qoymağı bacarır.

Ukraynada istəyinə çatan Qərb ölkəni Rusiya ilə müharibəyə sürüklədi, torpaqlar işğal olundu, əhali qırıldı. Nəticə isə yoxdur. ABŞ və digər Qərb ölkələri eyni durumu Gürcüstanda da törətmək istəyirlər. Rusiya ilə müharibə cəbhəsinin sayını artırmağa çalışırlar.

Amma bu dəfə Qərbin planları baş tutmayacaq. Gürcüstanda, elə həm də Azərbaycanda ayıq cəmiyyət, güclü hakimiyyət var. Bu məkrli planlar baş tutmayacaq”.