Aktivləşən “Böyük Oyun”un ən təhlükəsiz seçimi - Azərbaycanın Mərkəzi Asiyada əhəmiyyəti artır Siyasət

Aktivləşən “Böyük Oyun”un ən təhlükəsiz seçimi - Azərbaycanın Mərkəzi Asiyada əhəmiyyəti artır

Mövcud geosiyasi vəziyyətdə dünyanın aparıcı dövlətləri, xüsusi ilə Avropa İttifaqı və ABŞ kritik xammala (nadir metallara) nail olmaq üçün ciddi mübarizə aparırlar. Bu istiqamətdə artıq Avropa İttifaqı regionun bir sıra dövlətləri ilə əməkdaşlığı dərinləşdirməyə başlayıb. Bunlardan biri də ilk növbədə Özbəkistandır.

Trend xəbər verir ki, cari ilin 5 aprel 2024-cü il tarixində Özbəkistan və Avropa İttifaqı arasında kritik xammal sahəsində dayanıqlı dəyər zəncirlərinin inkişafı üçün qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Bu müqavilə, Özbəkistanın mədən sənayesinin inkişaf etməsinə təsir göstərəcək, həmçinin Avropa İttifaqının mis və molibden kimi mineralları əldə etməyə nail olacağı gözlənilir. Növbəti mərhələdə tərəflər operativ yol xəritəsinin yaradılması üzrə birgə fəaliyyət göstərəcəklər.

Şəkil 1. Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis.

Son illərdə Avropa dövlətlərinin nümayəndələri, xüsusi ilə Fransa və Almaniya rəsmilərinin Özbəkistan başda olmaqla Mərkəzi Asiyaya səfərləri intensivləşməyə başlayıb. Məsələn, 2 noyabr 2023-cü il tarixində Fransa prezidenti Emmanuel Makronun Özbəkistana səfəri strateji məsələləri əhatə edirdi. Almaniyanın isə iqtisadi maraqları Özbəkistanda fəaliyyət göstərən böyük şirkətlərin sayını artırmaq və yeni investisiya layihələrini genişləndirməkdir. Olaf Şolts və Şövkət Mirziyoyevin son görüşü nəticəsində 9 milyard dollarlıq ticarət, investisiya və texnologiya sazişi imzalanıb. Tarixi “Böyük Oyun”-un bu dəfə müstəqil şəkildə iştirakçısına çevrilən Mərkəzi Asiya ölkələri üçün hazırda geniş fürsətlər var. Lakin regionda böyük güclərin fərqli maraqları olduğu üçün bu, müstəqil dövlətlər üçün əlavə risklər də təşkil edir. Burada geosiyasi balansa təsir göstərən faktorlardan biri- nadir metal ehtiyatlarının olmasıdır. Çünki kritik xammal uğrunda böyük qüvvələr arasında ciddi qarşıdurma izlənilir və bu vəziyyətin gələcəkdə də davam etməsi proqnozlaşdırılır. Avropanın qarşıdurma vəziyyətində olduğu Rusiyadan kritik xammal məhsullarından asılılığını azaltma cəhdləri və Çinin bu sahədə qlobal istehlakçılardan biri olması rəsmi Brüssel üçün çağırışdır.

Kritik xammal və ya nadir metallara sahib olan Özbəkistan niyə Aİ-nın strateji tərəfdaşına çevrilir?

Kritik xammal (Critical row materials) və ya nadir metallar bir çox strateji və kritik əhəmiyyət kəsb edən aviasiya komponentləri, civə buxar lampaları, lazerlər, mikrodalğalı filtirlər, akkumulyator elektrodları, nüvə batareyaları və s. sahələrdə, həmçinin, bərpa olunan enerji avadanlıqlarının istehsalında (günəş panelləri, külək turbinləri, elektromobillər) da istifadə olunur. Avropa üçün yeni yataqların kəşfi ilə məşğul olmaqdansa, artıq sovet dövründə tədqiq edilmiş və təsdiqlənən yataqlardan istifadə etmək daha əlverişlidir.

Qərbin Özbəkistana olan yüksək diqqətinin səbəblərindən biri də ölkənin zəngin mis yataqlarıdır. Avropa üçün bu resursların iqtisadi əhəmiyyəti yüksəkdir. Eyni zamanda, Aİ-nın iqlim hədəflərinə nail olmaq səyləri təhlükə altında olduğu üçün rəsmi Brüssel alternativ çıxış yolları tapmağa cəhd edir.

Açıq mənbələrdə təsdiq olunan qlobal çapda nadir metal yataqları Çin, Hindistan, Rusiya və Braziliya ərazilərində yerləşir. Qərb mətbuatının yaydığı məlumatlara görə, Çin nadir metal istehsalı sahəsində dominantlığını qoruyur və rəqabət yaradır. Bunu təhlükə kimi qiymətləndirən Avropa İttifaqı bu baxımdan Mərkəzi Asiya regionunda yerləşən dövlətlər ilə yeni sövdələşmələrə və layihələrə xüsusi diqqət göstərir.

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen parlamentdə çıxışı zamanı “Tezliklə litium və nadir metallar neft və qazdan daha vacib olacaq. 2030-cu ilə qədər nadir metallara tələbat 5 dəfə artacaq...". Neft və qazda olduğu kimi yeni asıllığa düşməməliyik deyə bildirməsi təsadüfi xarakter daşımır. Beləliklə, Avropanın yeni və etibarlı təchizatçı axtarışında olduğu şübhəsizdir. Bütün bunlar nəzərə alındıqda Mərkəzi Asiya yeni qlobal oyunçu olaraq diqqəti cəlb edir və Özbəkistan, həmçinin Qazaxıstan xarici investorların ölkəyə daxil olmasını müsbət qarşılayır.

Nəqliyyat-logistika strateji əhəmiyyət daşıyır

Qərb dünyası üçün həyati əhəmiyyət kəsb edən xammalın daşınmasında, təbii olaraq, sabit, adekvat daşınma istiqamətləri mövzusu da xüsusi ilə aktuallaşır. Bu baxımdan Mərkəzi Asiyanın Avropa ilə kritik xammal təchizatını Azərbaycan üzərindən reallaşdırması ən uyğun və təhlükəsiz seçim sayıla bilər. Hələki tərəflər bu məsələ ilə bağlı mətbuata rəsmi çıxışlar etməyiblər. Avrasiyada davam edən qlobal dəyişikliklər və mübarizə diqqətə alındıqda Rusiya Federasiyası üzərindən keçən ənənəvi xəttin Ukraynada davam edən müharibə səbəbindən artıq aktuallığını itirdiyini görmək mümkündür. Digər tərəfdən İran İslam Respublikası üzərindən keçə biləcək nəqliyyat dəhlizinin isə rəsmi Tehranla Qərb arasında münasibətlərin tarixi və proqnozlaşdırıla bilməyən xarakteri nəzərə alındıqda dayanıqlı olmayacağı aydındır. Elə fikrin davamı kimi, nadir metalların Qərb istiqamətində ixracatı, çox güman ki, Orta Dəhliz və ya digər adla Trans-Xəzər Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində reallaşa bilər. Nəhayət, belə olduqda, sabit, güvənilir və gərəkli infrastruktur imkanlarına malik olan Azərbaycanın tranzit ölkə kimi rolu və əhəmiyyəti artır və rəsmi Bakı bu strateji layihəni dəstəkləyir.

Beləliklə, Avropa üçün həyati əhəmiyyət kəsb edən kritik xammal resurslarının Mərkəzi Asiya ölkələrindən qərb istiqamətində dayanıqlı ixracının məhz Azərbaycan üzərindən reallaşması mümkündür.