“Nəqliyyat dəhlizlərinə nəzarət uğrunda mübarizə güclənib” Siyasət

“Nəqliyyat dəhlizlərinə nəzarət uğrunda mübarizə güclənib”

“Böyük dövlətlər arasında nəqliyyat dəhlizlərinə nəzarət uğrunda mübarizə güclənib”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Hindistan qlobal təchizat zəncirinə hakim olmaq məqsədi ötən ilin sentyabrında Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində Yaxın Şərq-Avropa Dəhlizi (IMEC) işə saldı: “2023-cü ilin sentyabrın 9-10 tarixlərində Hindistanda “Bir dünya, bir ailə və bir gələcək” başlığı altında G-20 Dövlət Başçılarının 18-ci Sammiti keçirilmişdi. Yığıncaq çərçivəsində Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı və Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi sessiyası da baş tutmuşdu. Hindistanın baş naziri Narendra Modi bu sessiyada Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini elan etmişdi. İqtisadi dəhlizlə bağlı Hindistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Avropa İttifaqı, Fransa, İtaliya, Almaniya və ABŞ anlaşma memorandumu imzalamışdı.
Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini iki ayrı koridordan ibarət olacaq. Hindistanı Qərbi Asiya və Yaxın Şərqi birləşdirəcək Şərq Dəhlizi və Qərbi Asiya və Yaxın Şərqi Avropanı birləşdirəcək Şimal dəhlizindən ibarətdir. Təklif olunan dəhliz layihəsi Hindistandan BƏƏ-yə qədər uzanacaq, daha sonra Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçərək Avropaya uzanacaq. Layihə Hindistandan yüklənən malların İsrail və Yunanıstan limanları vasitəsilə Avropaya daha sürətli göndərilməsini nəzərdə tutur”.