Əli Əhmədov: Azərbaycan BMT qarşısında 100-120 milyon insan ölümünün qarşısını alacaq təşəbbüs irəli sürüb Siyasət

Əli Əhmədov: Azərbaycan BMT qarşısında 100-120 milyon insan ölümünün qarşısını alacaq təşəbbüs irəli sürüb

Azərbaycan BMT qarşısında Dayanıqlı İnkişaf Məqsədlərindən biri kimi 100-120 milyon insan ölümün qarşısını alacaq təşəbbüs irəli sürüb.

“APA-Economics” xəbər verir ki, bunu "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, qadınların iqtisadi hüquq v’ imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda 4-cü DM Dialoqunda çıxışı zamanı Baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycan minaların təmizlənməsindən irəli gələn bir məqsədi BMT-nin qlobal əhəmiyyət kəsb edən bu proqramına daxil edilməsinin tərəfdarıdır: “Hazırda dünyanın 60-70 ölkəsində piyada əleyhinə 100-120 milyon mina basdırılıb. Bu isə BMT-yə daxil olan ölkələrin üçdə birində 100-120 milyon insanın həyatının təhlükə altında olması deməkdir. Miqyasın böyüklüyü anlamaq üçün bilmək lazımdır ki, koronavirus pandemiyası zamanı beynəlxalq təşkilatların açıqladığı rəqəmlərə əsasən həyatını itirən insanların sayı 15 milyon nəfər olub”.

Əli Əhmədov əlavə edib ki, Azərbaycan da mina təhlükəsindən əziyyət çəkən ölkələrdən biridir. Ölkə ərazisində 1,5 milyon mina basdırılıb və bunun nəticəsində dinc sakinlər həyatını itirməkdə davam edir. Bu mənada Azərbaycan bu DİM məqsədini dəstəkləyəcək.