“İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir” Siyasət

“İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir”

“Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin bir mühüm aspektlərindən biri həyata keçirilən layihələrin tarixi-ideoloji və siyasi məzmunu ilə bağlıdır. XX əsrin ən dəhşətli soyqırımı hadisələrindən biri olan Xocalı faciəsinin, Ermənistanın ölkəmizə vurduğu ekoloji, sosial-psixoloji, iqtisadi və maddi-mənəvi zərər Fondun daim diqqət mərkəzində saxladığı mövzulardır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.
Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir: "Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhərağa məscidi, Xan qızı bulağı və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib. Aşağı Gövhərağa məscidi, Mamayı məscidi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Yeni Şuşa məscidi, Ağdam Cümə məscidi, Xocavənd rayonunun Susanlıq kəndindəki kilsənin bərpası istiqamətində işlər davam etdirilir".