13:58
749
“1990-cu ildə Bakıda dinc əhali atəşə tutuldu, amma xalqın iradəsi sarsılmadı”.
Bunu Litva səfiri Kestutis Vaşkeleviçus Azərbaycan xalqının 20 Yanvar və Litva xalqının 13 Yanvar faciələrinin ildönümünə həsr olunmuş “Yaddaş yaşayır, çünki şahidlik edir” adlı anım tədbirindəki çıxışında deyib.
“Biz Bakıda baş verənləri heç vaxt unutmamışıq. Azərbaycan da Litvadakı hadisələri heç vaxt unutmayıb. Litva Azərbaycanın 1991-ci ildə Vilnüs hadisələri yaşanan zaman göstərdiyi dəstəyinə görə minnətdardır. Həmin hadisələrdə yaralanan azərbaycanəsilli iki litvalı medalla təltif olunub. İki fərqli şəhər, iki fərqli tarix, amma bir həqiqət. Həm Bakı, həm Vilnüs hadisələri göstərdi ki, azadlığın ödənilməli bir qiyməti var”, – səfir qeyd edib.
Litva səfiri anım mərasiminin Mstislav Rostropoviçin ev-muzeyində keçirilməsinin təsadüfi olmadığını, onun Vilnüs hadisələri zamanı Litvaya dəstək göstərdiyini, Sovet təcavüzünü açıq-aşkar qınadığını və Litvada xeyriyyə işləri ilə məşğul olduğunu bildirib.
Vaşkeleviçus hazırkı dövrdə də qonşuların dəstəklənməsinin vacibliyini vurğulayıb və bu baxımdan təcavüzə qarşı Ukraynanın yanında olmağın əhəmiyyətindən danışıb.
Səfir çıxışının sonunda Vilnüs faciəsini unutmadığına görə Azərbaycan xalqına təşəkkürünü bildirib.
“Həm 20 yanvar, həm də Vilnüs hadisələri qurbanlarının əziz xatirələri qarşısında baş əyirik”, – səfir çıxışını yekunlaşdırıb.