“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu” Siyasət

“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu”

“Aprel döyüşləri müasir Azərbaycan tarixinin, qəhrəmanlıq tarixinin ən önəmli məqamlarından biridir. Biz uzun illər torpağı işğalda olan bir dövlət, xalq, toplum olaraq həm də bir psixoloji gərginlik içərisində idik. Psixoloji olaraq da o məğlubiyyət sindromu demək olar ki, çox ciddi təsir edirdi”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.

M.Göyüşlü vurğulayıb ki, Aprel döyüşləri, orada əldə olunan nəticə xalqda bir inam formalaşdırdı ki, biz ermənilərə qalib gələ bilərik və gələcəyik, torpaqlarımızı da qısa müddətdə azad edəcəyik: “Aprel döyüşləri bir növ sanki II Qarabağ müharibəsinin zəfərinin başlanğıcı, elanı oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar qanları ilə tarix yazdılar və xalqımızı o məğlubiyyət sindromundan, psixoloji gərginlikdən xilas etdilər, xalqa özünə inam aşıladılar. Bunun üzərində Tovuz döyüşlərinin də baş verməsindən sonra biz II Qarabağ müharibəsində qəbələni əldə etdik. Antiterror tədbirlərində isə bu məsələlərə nöqtə qoyduq. Ona görə də Aprel döyüşlərinin istər müasir tarixdə, istər ümumən Azərbaycan tarixində çox böyük anlamı var və Azərbaycan dövləti, xalqı mövcud olduqca da bu, öz mahiyyətini itirməyəcək”.

Röya İsrafilova