
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.
Müshahibəni təqdim edirik:
- Qüdrət bəy, 20 Yanvar faciəsindən 36 il keçir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən olmuş bir siyasətçi kimi o gün haqqında fikirlərinizi öyrənmək istərdik.
– 20 Yanvar xalqımız üçün böyük faciə, eyni zamanda böyük qəhrəmanlıq günü idi. Həmin gün sovet hakimiyyətinin mənəvi baxımdan tam çöküşü oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! O zaman xalqımız təklənmişdi, dünya səsimizi eşitmirdi. Hadisənin səhərisi günü, 21 yanvarda Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü kimi dünyada tanınan Heydər Əliyev böyük vətənpərvərlik və cəsarət nümayiş etdirərək, İlham Əliyevlə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə getdi, bu qanlı cinayəti pislədi, dünyanın diqqətini dinc insanların qətliamına yönəldə bildi. O, Milli Azadlıq Hərəkatına ciddi dəstək verməklə, 1991-ci ilin iyulunda Kommunist Pariyasının sıralarını tərk etməklə, Kommunist Partiyasının və Sovet İttifaqının çöküşünə böyük töhfə vermiş oldu. Eyni zamanda həmin vaxt faktiki olaraq lidersiz qalmış xalqımızın önünə çıxan, böyük hörmətlə şəhidlərimizin dəfnini təşkil edən dini lider Şeyxülislam Hacı Allahşükür Paşazədəni böyük ehtiramla xatırlayıram. Xalqımız qarşısında böyük xidmətləri olub həyatını dəyişənlərə Allahdan rəhmət, yaşayanlara uzun və sağlam ömür arzu edirəm.
- Qüdrət bəy, Rza Pəhləvi İran üçün konstitusiyalı monarxiya dövlət quruluşu modelini təklif edib. Bu İran üçün məqbul sayıla bilərmi?
- Hazırda İran üçün ən uyğun variant Böyük Britaniyanın dövlət quruluşu ola bilər. Bu islahatı dini liderin həyata keçirməsi İran üçün ən uğurlu variant olardı. Dini lider Britaniyanın kralı statusunda qalır, ölkə parlamentli respublika modelini qəbul edir, milli respublikalar formallaşır və İran federativ dövlətə çevrilir. Amma əsas sual budur ki, Xameneyi öz səlahiyyətlərinin məhdudlaşdırılması ilə razılaşarmı? Demokratiyanın olmadığı müsəlman ölkələrində demokratiyaya keçidi təmin etmək üçün konstitusiyalı monarxiya dövlət quruluşu ən ideal variantdır. Bu yolla qanlı inqilabları önləmək olar.
- İranda farslardan başqa digər xalqlar ölkədən qovulmuş şahın oğlu Rza Pəhləvini qəbul edəcəkmi?
- Rza Pəhləvi digər xalqların milli hüquqları ilə bağlı heç bir vəd vermir. Məsləhət görülsəydi danışardı. Ona görə də digər xalqların ciddi dəstəyini qazana bilmir. Həm də o digər diktatorun varisidir. Amma o ABŞ-də böyüyüb. Əgər ABŞ İranın demokratikləşməsini istəsə, İranda demokratiya qurmaq olar. Hərçənd bu uzun zaman alacaq və çox da asan olmayacaq.
- ABŞ niyə İranın demokratikləşməsini istəməsin ki?
- Çünki bu zaman İranda yaşayan digər xalqların milli hüquqları tanınmalı və İran ən azından federativ ölkəyə çevrilməlidir. Bunu isə gələcəkdə İranın bütövlüyünə təhlükə hesab edirlər. ABŞ-yə isə İran unitar dövlət kimi Türkiyə, türk və ərəb ölkələrinə qarşı qoymaq üçün lazımdır. Sadəcə rejimi dəyişib İranı öz adamının idarə etməsini istəyir. Venesuelada olduğu kimi. Ona görə uzun illərdir İranda milli qüvvələrə siyasi dəstək vermir. Verilsəydi, çoxdan İranda böyük dəyişikliklər baş vermişdi. Həm də demokratik İran qısa bir müddətdə dünyanın güclü ölkələrindən birinə çevrilə bilər. İran onlara inkişaf etmiş sənaye ölkəsi kimi yox, xammal satan və özlərinin sənaye məhsulları üçün bazar kimi lazımdır. Müttəfiq hesab olunan Türkiyənin inkişafına yaradılan maneələri görürsünüz.