"Avropa İttifaqı (Aİ) yaxın bir neçə il ərzində "Şərq Tərəfdaşlığı" ölkələrinə alyansa üzv olmağı təklif edə bilməz".
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Aİ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Yuq Minqarelli bildirib.
"Aİ-nin indi tərəfdaş ölkələrdən heç birinə perspektiv təklif etmək imkanı yoxdur. Bir neçə il sonra olacaq, amma indi yoxdur", - səfir vurğulayıb.
Bununla yanaşı, o, Aİ-nin tərəfdaşlarının, o cümlədən Ukraynanın assosiasiya barədə sazişi həyata keçirməyə davam etməli olduqlarını söyləyib.
Xatırladaq ki, Avropa İttifaqının altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Onun təşəbbüskarı qismində Polşa və İsveç çıxış edib.
Qeyd edək ki, 5-ci "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.