İrəvanın əndişələnməsinə səbəb nədir? Siyasət

İrəvanın əndişələnməsinə səbəb nədir?

Ermənistan rəhbərliyi cəbhə xəttində baş verənlər barədə dezinformasiya yaymaqla məşğuldur

Cavid

Azərbaycanın regionda hərbi üstünlüyü ələ almasından və diplomatik cəbhədə hücum taktikasına keçməsindən ciddi narahatlıq keçirən Ermənistan informasiya müharibəsində dezinformasiya yaymaqla həm daxildə ictimai rəyi azdırmağa, həm də beynəlxalq səviyyədə havadarlarından daha çox dəstək almağa çalışır.
Ermənistan rəhbərliyi mütəmadi olaraq bir tərəfdən sosial-iqtisadi problemlərdən boğaza yığılmış əhalisini xof altında çaxlamaq üçün təmas xəttində təxribatlar törədərək gərginliyi qoruyub saxlayır, digər tərəfdən guya Azərbaycan tərəfindən hücumlara məruz qaldığını bəyanlamaqla beynəlxalq səviyyədə hay-küy qaldırır.
Elə son vaxtlar Ermənistan mediasında qoşunlarının təmas xəttində Azərbaycan əsgərlərinin "mütəmadi hücumu" barədə yalan xəbərlər dərc olunur. Məsələn, "Novosti Armenii" yazır ki, iyulun 1-də saat 15:00 radələrində Tavuş vilayətinin Ayqepar kəndi istiqamətində Azərbaycan ordusunun əsgərləri Ermənistan ordusunun döyüş postlarından birini mühasirəyə alaraq ələ keçirməyə cəhd edib. Xəbərdə qeyd olunur ki, "Azərbaycan tərəfinin bu cəhdinin qarşısı alınıb və Ermənistan ordusu heç bir itki verməyib".
Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsryun Ovannisyan də erməni mətbuatına açıqlamasında bu hücumdan danışıb. Erməni saytlarında "bu ilin aprelində baş verən atışmalardan" birinin videosunu da yayıb. Həmin kadrlarda isə beşmərtəbəli evin atəşə tutulması əks olunur. Ancaq görüntüdə binanın üst mərtəbəsinə güllələrin hansı istiqamətdən atılması görünmür. Üstülik erməni mətbuatı həyətdə uşaqların oynadığını yazsa da görüntülərdə nə bir uşaq görünür, nə də onların səsi eşidilir.
Halbuki son həftələr ərzində məhz Ermənistan ordusu tərəfindən Azərbaycanın yaşayış məntəqələri və dinc sakinlər, o cümlədən Naxçıvanı intensiv şəkildə atəşə tutulub.
Erməni nəşrlərinin yaydığı daha bir dezinformasiya Naxçıvan istiqamətində neytral dağlıq zonada bəzi yüksəkilikləri ələ keçirməsilə bağlıdır. Ermənistan mətbuatında bu kimi yalan məlumatların yayılması, qorxu dolu "təhdidlər" adi hal alıb.
Bu yaxınlarda erməni mətbuatı belə bir xəbər yaymışdı ki, onlar Azərbaycanın Qazax rayonunu işğal edərək Tavuş rayonuna birləşdirmək istəyirlər. Sonra özünütəkzib edən məlumatlarda Azərbaycan ordusunun "diversiya qrupunun hücumu" barədə məlumatlar dövriyyəyə buraxıldı.
Ermənistan mətbuatının Azərbaycan ordusunun diversiya qrupu barədə belə narahatlıqları başadüşüləndir. Düşmən tərəf Azərbaycanın gün-gündən artan hərbi gücünü diqqətə alır. Üstəlik düşmən tərəfdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun təkbaşına həyata keçirdiyi əməliyyatın xofu qalır. O zaman xeyli sayda erməni əsgəri məhv edilmişdi.
Digər tərəfdən Ermənistan beynəlxalq siyasi və hüquqi böhrana baxmayaraq, Rusiya ilə Azərbaycan arasında münasibətlərin səviyyəsindən və üstəlik Azərbaycanın şimal qonşusundan iri həcmdə müasir silah və hərbi texnika almasından əndişələnib. Ermənistanın atəşkəs rejimini Azərbaycanla dövlət sərhəddində mütəmadi pozmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hərbi müttəfiqi olan Rusiyanı öz çirkin avantürasına cəlb etməyə çalışır.
Başqa bir məqam, Avrasiya İttifaqı ilə bağlı Sarkisyan iqtidarının üzləşdiyi biabırçı durum və Ermənistanın rəzi vəziyyəti daxildə siyasi gərginliyi artırıb. Bura sosial-iqtisadi gərginliyi və sonuncu addım kimi təbii qazın qiymətinin artırılmasını da əlavə etsək, Ermənistan rəhbərliyinin "Azərbaycan təhlükəsi" barədə təbliğatının mahiyyəti bütün çılpaqlığı ilə aydın olur. Halbuki Azərbaycan hər zaman bəyan edib ki, ölkənin pozulmuş suveren hüquqlarının bərpası istiqamətində hərbi əməliyyatlar yalnız işğal edilmiş Dağlıq Qarabağda və onun ətrafındakı rayonların azad edilməsi əməliyyatına başlayacaq. Düzdür, ermənilərin yaşadıqları indiki ərazilər də nə vaxtsa Azərbaycanın olub və böyük siyasi oyunların nəticəsində o torpaqlar Ermənistana hədiyyə edilib.
Ölkə prezidenti İlham Əliyev və digər rəsmilər də dəfələrlə deyib ki, Azərbaycan Qafqazda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Təbii ki, lazım gələrsə, Ermənistana hədiyyə edilmiş o torpaqların da azad edilməsi reallaşa bilər.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Azərbaycan əsgərlərinin düşmən üzərinə hücumu barədə Ermənistan mətbuatının yaydığı məlumatların heç bir əsası yoxdur və həqiqətə uyğun deyil: "Bu, Ermənistan tərəfinin uydurmasıdır. Əsgərlərimiz atəşkəs rejiminə ciddi əməl edir".
Onu da qeyd edək ki, Naxçıvan istiqamətində uzun illərdir susmağa məcbur olan ermənilər bu uzun müddətdən sonra yeni yaradılmış Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun nəyə qadir olduğunu yoxlamaq istədilər və bunun acı nəticəsi ilə üzləşdilər. Məlumdur ki, iyunun 2-də ermənilər Sədərək istiqamətində bir əsgərimizi şəhid etdilər. Cəmi 2 gün sonra isə düşmən həmin yerdə iki zabitini itirdi. Necə deyərlər Azərbaycan ordusu ikiqat əvəz çıxdı.
İllərdir "qüdrətli ordu" haqqında öz xalıqını aldadan Ermənistan rəhbərliyi hər vəchlə bu faktı malalamağa, başqa rəngdə təqdim etməyə çalışırlar.
Erməni mediası günlərlə Ermənistan ordusunun Naxçıvan MR ərazisindən bir parça ələ keçirdiklərini və orada post qurduqlarını iddia etdi. Bu fonda rəsmi İrəvan erməni mətbuatı vasitəsi ilə irəli geri səndəlləyib narazı erməniləri sakitləşdirmyə çalışırdı. Guya Naxçıvanda hansısa kənd flan boşalmamışdı. Ermənilərin bu yalanları da ifşa olundu. Bəlli oldu ki, əksinə Sədərək istiqamətində Ermənistanın Armaşa qədər əhalisi qorxudan evlərini tərk edib.