“Türkiyə dünyada baş verə biləcək ağır insan dramının qarşısını almaq üçün hərəkətə keçib” Dünya

“Türkiyə dünyada baş verə biləcək ağır insan dramının qarşısını almaq üçün hərəkətə keçib”

Üzeyir Cəfərov: "Hər bir dövlət qardaş Türkiyəyə dəstək və kömək əlini uzatmağa borcludur"

Elxan Mehdiyev: "İndi Türkiyənin yeganə yolu AKP-CHP koalisiyasının qurulmasıdır"

Türkiyə hərbi təyyarələrinin PKK terror təşkilatının mərkəzi sayılan Kandil dağını bombardman etməsi nəticəsində 200-ə yaxın terrorçu öldürülüb. Əməliyyatlar zamanı PKK-nın ana qərərgahının vurulduğu, terror təşkilatının liderlərindən hesab edilən Murad Karayılanın isə son anda canını qutardığı bildirilib. Öldürülən 200 nəfər terrorçunun içərisində terror təşkilatının "Gabar" ləqəbli liderinin də olduğu bildirilib. Qeyd edək ki, Türkiyə 5 ündür Suriyada İŞİD-in düşərgələrini vurmaqla yanaşı, Şimali İraqda PKK-çılarla mübarizə aparır.
Hərbi ekspert Üzeyir Cəfərov Türkiyənin İŞİD və PKK terror təşkilatlarına qarşı apardığı mübarizə barədə danışıb. Ü.Cəfərov bildirib ki, Türkiyənin PKK və İŞİD terror təşkilatına qarşı apardığı mübarizə təkcə əhəmiyyətinə görə deyil, tarixi nöqteyi-nəzərdən də çox önəmli bir hadisədir: "Son vaxtlar adları qeyd olunan terror təşkilatları insanlıqdan kənar, dünyanın məhvinə yönəlik hərəkətləri ilə hamını gərgin bir vəziyyətdə saxlayır. Ona görə də, Türkiyə dövləti həm öz təhlükəsizliyini, həm də region ölkələrinin, o cümlədən dünyada baş verə biləcək ağır insan dramının qarşısını almaq üçün hərəkətə keçib. Bu ağır və son dərəcə məsuliyyətli missiyada hər bir dövlət qardaş Türkiyəyə dəstək və kömək əlini uzatmağa borcludur".
Ü.Cəfərov "Türkiyə sözügedən terror təşkilatlarını zərərsizləşdirə biləcəkmi" sualını belə cavablandırıb: "Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatları nəticəsində PKK terror təşkilatının xeyli gizli cəbbəxanası sıradan çıxarması haqqında xəbərlər aldım. PKK-nın əsas liderlərindən biri Murad Karayılanın qərargahının da hava hücumu nəticəsində darmadağın edildiyi bildirilir. Əlbəttə ki, bu silahlı dəstələrin tam da olmasa sıradan çıxarılması yönündə ən lazımlı addımlardan biri kimi qiymətləndirmək lazımdır. Öldürülən və əsir götürülən PKK-çıların sayı günbəgün artır. Eyni zamanda, Türkiyənin zəifləməsində, onun nüfuzunun aşağıya düşməsində maraqlı qüvvələr də boş dayanmırlar. Onlar İŞİD və PKK-nı hər vəcdlə silahlandırır və onlara maliyyə və mənəvi dəstəklərini ortaya qoyurlar. Qardaş Türkiyə dövləti də bu mübarizədə tək deyil".
Hərbi ekspert əlavə edib ki, NATO kimi nəhəng bir hərbi-siyasi təşkilat rəsmi Ankaraya terrorla mübarizədə hər cürə yardım edəcəyini bildirib: "Bu da çox önəmlidir. İndiyə kimi susan bir çox dövlətlər bu terror qruplaşmalarından gördükləri zərəri öz üzərlərində hiss etdikdən sonra Türkiyə Silahlı Qüvvələrinə dəstəklərini ifadə etdilər. Ən azından bu terror təşkilatlarının tam da olmasa, bel sütunun qırılması üçün atılan addımların effektivliyi çox yüksəkdir. Mən inanıram ki, son hərbi əməliyyatlar PKK, İŞİD və digər terror yuvası sayılan təşkilatlar üçün çox ciddi zərbə oldu və onların canfəşanlığının qarşısını aldı. Amma eyforiaya da qapılmaq olmaz. Bundan sonra qəzəblənən həmin təşkilatların gizli və ya açıq şəkildə fəaliyyət göstərən qüvvələri daha da radikallaşacaq və bunu da diqqətdən qaçırmaq olmaz".
Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə bildirib ki, Kobaninin kürd əhalisini Türkiyə qucağına alır, onları yerləşdirir, yedirib-içirir, saxlayır: "Vəziyyət sakitləşəndə isə geri göndərir. Hətta ora 100 milyonlarla yardım göndərir. Yəni kürd xalqının əziyyətini Türkiyə çəkir, amma terrorçuların hədəfinə çevrilir. Bu da heç bir məntiqə uyğun deyil. Əksinə, onları Türkiyənin himayəsində saxlamaq türk dövlətinin maraqlarına uyğundur. Bundan əvvəl Bərzaniyə qarşı da belə siyasət aparıldı, amma sonradan bu siyasət düzəldildi. İndi də bu proses Kobanidə müşahidə edilir".
Onun sözlərinə görə, Suriya və İraq dövlətləri dağılıb, hərbi qruplaşmalar ortaya çıxıb: "Bu qruplaşmalar zamanında ABŞ-ın İraqdakı hərbi hissələrinə qarşı vuruşan dəstələr olub. Onlar İraqda böyük canlı qüvvə toplayıb və Suriyaya da keçib. İndi bu qüvvələr Suriya ərazilərini və İraqın yarıdan çoxunu kontrola götürüb. Faktiki olaraq keçmiş İraq və Suriya dövlətləri parçalanıb, onların ərazisində müxtəlif hərbi sərkərdələrə tabe olan qüvvələr meydana gəlib. Bu qüvvələrin bir qismi ifrat radikal, qeyri-insani qüvvələrdir. Onların bir çoxu İslam bayrağı altında hərəkət edir. Bunlardan biri İŞİD-dir. Eləcə də, əl-Qaidə yönümlü hərbi qüvvələr var. Ancaq müxtəlif sərkərdələrə bağlı qruplar arasında amerikapərəst, Türkiyəyə yaxın, İran tərəfində olan, eləcə də, Suriya və İraq mərkəzi hökumətinə meyl edənləri var. Ümumilikdə, bu qruplar arasında ən güclüsü İraq Şam İslam Dövləti (İŞİD) adlandırılan hərbi qruplaşmadır". Onun fikrincə, İŞİD qruplaşmasına Səddam Hüseyn dönəmindəki İraq ordusunun zabit və generalları da daxil olub: "Onlar güclü hərbi bacarığa malikdirlər. İŞİD Suriya və İraqın böyük qismini tutaraq xilafət elan edib. Hazırda bu qüvvələr Suriya və İraq mərkəzi hökumətlərinə, eləcə də, Amerikaya, indi isə Türkiyəyə qarşı mübarizə aparırlar. Suriya və İraqın dağılması ilə regionda yaranan xaotik situasiya mövcuddur. Bu vəziyyətdən də istifadə edən yerli qüvvələr var. Məsələn, kürd qüvvələri. Onlar Türkiyə ilə sərhəddə yerləşən Kobani və ətrafını İŞİD-dən təmizləyərək tampon yaradıblar və öz gələcəklərini fikirləşirlər. Bu da Türkiyədə ciddi narahatlıqla qarşılanır. Kürdlərin Suriya mərkəzi hökuməti, Amerika ilə təmasları var. Bu da Türkiyə üçün qeyri-müəyyən vəziyyət yaradır. İrana bağlı qüvvələr də İraq və Suriya ərazisində aktivdir. Onlar da öz hərbi qüvvələri vasitəsilə müəyyən ərazilərə nəzarət edir. Təəssüflər olsun ki, sonda Türkiyə də bu proseslərdə iştiraka cəlb edilib. Bu, Türkiyənin daxili stabilliyinin pozulmasına aparan mənfi gedişdir".
Ekspert əlavə edib ki, Türkiyə 30 ildir separatizmlə mübarizə aparır: "İndi Türkiyə-Suriya sərhədi radikal kürd qruplarının əlinə keçib. Türkiyə də onlara şübhə ilə yanaşır. Necə ki, əvvəllər Şimali İraqda Bərzani yönətiminə şübhə ilə yanaşırdı. Amma indi Türkiyə Bərzani yönətimi ilə yaxın dostluq əlaqələri qurub. Əslində, Suriyanın Türkiyə ilə sərhəddə yerləşən ərazilərini nəzarətə alan kürd qruplaşması ilə Ankaranın əlaqələr yaratması, yaxın münasibətdə olması Türkiyənin maraqlarına daha uyğun olardı, nəinki onlarla qarşıdurmaya getmək. Türkiyə istəmir ki, onun sərhədində müstəqil kürd idarəçiliyi yaransın. Bu, dəqiqdir. İkincisi, İŞİD qüvvələrinin barbar hərəkətləri var. Türkiyə bir müddət ona dözümlü yanaşsa da, bu qrupun Türkiyə içindən adamları seçib aparması, türk siyasətindən xoşları gəlməməsi müşahidə edildi. Sonradan İŞİD adına Türkiyədə terror hadisələri yaşandı. Türkiyə dövləti də İŞİD-ə olan dözümlülüyünü itirib və bu qrupa qarşı havadan zərbələr endirməyə, koalisiyaya qoşulmağa məcbur olub. Türkiyə uzun müddətdir Suriyada Əsədə qarşı olan qüvvələrə isti münasibət göstərirdi, istəyirdi ki, Əsəd hakimiyyətdən getsin. Son dövrlər isə Avropa və Amerika Əsədin üzərinə getmirdi. İndi güman olunur ki, Türkiyə Suriya ilə sərhədləri parametrində daha güvənli ərazinin yaradılmasında qərarlıdır. Çünki burada Türkiyə özünün kontrolundan kənar kürd qüvvələrinin və ya İŞİD-in hakimiyyətini istəmir. İndilikdə Ankara minimum bunun üçün çalışır. Ancaq burada Türkiyənin daxili siyasəti məsələsi də var. HDP ilə bağlı məsələyə toxunmağı da məqbul saymıram. Bəlkə də, bütün bunların səbəbləri həm də daxili siyasətin köklərinə gedib çıxır".
O, bildirib ki, əgər PKK ilə qarşıdurmaya gedilirsə, bu neçə illərdir aparılan çözüm layihəsinin əhəmiyyətini yox edir: "Əgər Türkiyə PKK-nın kamplarını vurursa, onlar da türk ordusuna qarşı addımlara start verəcəklər. Bu da yenidən əvvəlki dönəmə qayıtmağa səbəb olacaq. Bu isə Türkiyənin maraqlarına uyğun deyil. Əksinə, indi Türkiyənin yeganə yolu AKP-CHP koalisiyasının qurulmasıdır. Məncə, bu, Türkiyənin maraqlarına daha uyğundur. Həm də Türkiyənin daxilindəki problemləri həll edib ölkənin birliyinə səbəb olacaq atmosfer yaradar. Amma indi PKK ilə yenidən savaşa girmək heç də Türkiyənin güclənməsinə səbəb olmayacaq. Bəllidir ki, İŞİD-in əsas məqsədi Suriya və İraq ərazilərini bütövlükdə tutmaq, burada vahid İslam dövləti yaratmaqdır. Düzdür, İŞİD Türkiyəyə qarşı dözümlü münasibət bəsləyirdi. Yəni Türkiyə ərazini qarışdırmaq, terror etmək kimi hadisələrdən çəkinirdi. Elə Türkiyə də onlara qarşı açıq mübarizəyə girmirdi. Bəşər Əsəd seçki dönəmində və ondan sonra Türkiyəni qıcıqlandırırdı. Məsələ kürd millətçi qrupun Suriyanın Türkiyə ilə sərhəd ərazilərini ələ keçirməsi ilə başladı. Sonra baş verən terror hadisələri vəziyyəti dəyişdi və indiki duruma gəlib çıxdı. Əlbəttə, mən burada Türkiyənin daxili siyasətindən irəli gələn məqamları da görürəm... Əfqanıstanda Sovet işğalına qarşı vuruşan hərbi dəstələri Amerika və Avropa dəstəkləyirdi. Bundan sonra Əfqanıstandan Taliban, Əl-Qaidə ortaya çıxdı. Yəni Sovet işğalına qarşı Əfqanıstanda aparılan mübarizə sonda terrorçu qrupların yaranmasına gətirib çıxardı. Eyni ssenari son illər Suriyada oldu. Başqa sözlə, dünya Bəşər Əsədə qarşı vuruşan qüvvələrə dəstək verdi. Bura ən müxtəlif qüvvələr anti-Əsəd adı ilə toplaşdı. Daha sonra isə öz sistemlərini və bildiklərini həyata keçirməyə başladılar. İndi bu qüvvələr anti-Suriya, anti-Amerika, anti-Türkiyə fəaliyyəti göstərirlər. Məsələyə bu prizmadan baxıram. Çünki normalda heç bir dövlət anti-insani fəaliyyətdə olan İŞİD-i yaratmaq fikrində olmaz. Bu, sadəcə, anti-Əsəd qüvvələrindən doğan dəstələrdir və hazırda onlar böyük güc halına gəliblər. Hesab edirəm ki, Türkiyə üçün Kobani məsələsi olmamalıdır...".

Əli