“Yaxın Şərqdəki gərginlik IMEC layihəsinin reallaşmasına əngəldir” Dünya

“Yaxın Şərqdəki gərginlik IMEC layihəsinin reallaşmasına əngəldir”

“Ağ Ev sahibi Co Baydenin “böyük bir iş” kimi qiymətləndirilən IMEC, ABŞ-ın Hind-Sakit okean və Yaxın Şərq strategiyasının əsas sütunlarından biridir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, “Politico” nəşrinin hesabatına görə, Qərb ümid edir ki, ABŞ-ın Çinin “Bir kəmər və yol” təşəbbüsünə (BRI) alternativi kimi təsvir edilən bu iqtisadi dəhliz Pekinin artan geosiyasi müdaxiləsini məhdudlaşdıra bilər: “Dehli mart ayında Hindistan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında təklif olunan gəmi-dəmir tranzit şəbəkəsinin, IMEC-in gücləndirilməsi və istismarı üçün əməkdaşlıq haqqında Hökumətlərarası Çərçivə Sazişini (IGFA) təsdiqləyib.
Səudiyyə Ərəbistanı artıq layihəyə 20 milyard dollar (18,4 milyard avro) sərmayə qoymağı öhdəsinə götürüb ki, bunun da böyük hissəsi dəmir yolu şəbəkəsinə aiddir. Təklif olunan iqtisadi dəhliz, Hindistan mallarını dəmir yolu və dəniz şəbəkələri vasitəsilə Yaxın Şərq üzərindən Avropaya birləşdirmək məqsədi ilə hazırlanıb və layihənin əsas hissələrindən birinin dəmir yolu olacağı gözlənilir. Bu əlaqə BƏƏ və Səudiyyə Ərəbistanını İordaniya vasitəsilə İsraillə birləşdirəcək. Bir qrup analitikin fikrincə, layihə uğurlu olarsa, IMEC Avropanın iqtisadi dayanıqlığını artıra və ticarətin diversifikasiyası seçimlərini artıra bilər.
Çinin “bir kəmər, bir yol” layihəsi təxminən 150 ölkəni, dünya əhalisinin 60 faizini əhatə edir. ABŞ-ın dəstəklədiyi alternativ layihə özünü təsdiq etdirməlidir. Yaxın Şərqdəki gərginlik və İranın dəstəklədiyi husi üsyançılarının Qırmızı dənizdəki gəmilərə hücumları IMEC layihəsinin reallaşmasına əngəldir”.