Cənubi Koreya Prezidentinin qayınanası azadlığa buraxılacaq Dünya

Cənubi Koreya Prezidentinin qayınanası azadlığa buraxılacaq

Cənubi Koreya Prezidenti Yoon Suk Yeolun qayınanası azadlığa buraxılacaq.

APA "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın Ədliyyə Nazirliyi saxtakarlığa görə dəmir barmaqlıqlar arxasında olan Prezidentin qayınanasının şərti azadlığa buraxılmasına qərar verib.

Nazirlik bildirib ki, şərti azadlığa buraxılma ilə bağlı məsələlərə nəzarət komitəsi 76 yaşlı Choi Eun-soon-un yaşı, səhəti, cinayəti, islah işləri və təkrar cinayət riski də daxil olmaqla müxtəlif amilləri nəzərə aldıqdan sonra yekdilliklə bu qərarı qəbul edib.

Keçən ay komitə üzvləri razılığa gələ bilmədiyi üçün Nazirlik onun şərti azadlığa buraxılması ilə bağlı qərarı təxirə salmışdı.
Onun şərti azadlığa buraxılması ədliyyə naziri tərəfindən yekun təsdiqini aldıqdan sonra prezidentin qayınanası gələn çərşənbə axşamı həbsdən buraxılacaq.

Qeyd edək ki, birinci xanım Kim Keon Heenin 76 yaşlı anası Choi Eun-soon 2013-cü ildə Seulun cənubundakı Seongnamda daşınmaz əmlak almaq üçün saxta bank balansı sertifikatından istifadə etməkdə ittiham olunurdu.

2021-ci ilin dekabrında Seul məhkəməsi Choini sənədləri saxtalaşdırmaqda ittiham edərək bir il həbs cəzasına məhkum etmişdi. Lakin apellyasiya məhkəməsi bu ilin iyulunda bir illik həbs cəzasını qüvvədə saxladıqdan sonra onun həbsinə qərar verildi. Prezidentin qayınanası keçən iyul ayında məhkum olunduqdan sonra hazırda Seulun cənub-şərqindəki Dongbu həbsxanasında bir illik həbs cəzasını çəkir. O, cəzasının 70 faizini tamamlayıb, bu da onun şərti azadlığa buraxılması üçün uyğun olmasını təmin edir.