Myanma müsəlmanları üçün mitinqlər keçirmək Kadırova niyə lazımdır? Dünya

Myanma müsəlmanları üçün mitinqlər keçirmək Kadırova niyə lazımdır?

Arkadi Dubnov: "Myanmadakı vəziyyət özünü göstərmək imkanıdır və Kadırov bu imkandan istifadə edir"

Yekaterina Sokiryanskaya: "Ramzana xeyir-dua verilib"

Çeçenistan başçısı Ramzan Kadırov Rusiya müsəlmanlarını Myanmada rohinca xalqı müsəlmanlarının incidilməsinə etiraz olaraq mitinqlərə çıxmağa çağırıb və daha sonra bu məsələdə Rusiyanın rəsmi siyasətini dəstəkləməkdən imtina ilə hədələyib. BBC-nin rus xidmətinin ekspertlərdən bunun Kadırovun nəyinə lazım olduğunu öyrənib.
Arkadi Dubnov, Mərkəzi Asiya üzrə ekspert: "Ramzan Kadırov bütün Rusiya müsəlmanlarının lideri roluna iddia edir. Myanmada baş verənlərdən asılı olmayaraq mitinqlər üçün əsas, Rusiyada böyük siyasi mövsümün başlanğıcı ilə eyni vaxta təsadüf edib. Kadırov Qroznı bir yana, Moskvada mitinq təşkil edə bilməklə özünün nəzərəçarpacaq səfərbərlik resursunu nümayiş etdirib.
Mən düşünürəm ki, Kadırov bunu heç də yalnız öz təmənnasını təmin etmək üçün eləmir. Özünü "Putinin piyadası" elan edən Kadırov başa düşür ki, Putinin prezident kürsüsündəki zamanı gözlə görünən gələcəkdə başa çatacaq. Odur ki, o, Putindən sonrakı dövrdə özünün siyasi salamatlığını təmin edəcək resurs yaratmağa çalışır. Putindən sonrakı dövrdə Rusiya daxilindəki bir sıra münasibətlərə yenidən baxılacağı qaçılmazdır.
Rusiyanın siyasi xətti əleyhinə getmək hazırlığının elan edilməsi Kadırova ölkə daxilində öz statusunu sınaqdan çıxarmaq üçün lazımdır. Bunu etməklə Kadırov Kremlin ona qarşı nə edəcəyini yoxlamağa çalışır. Putinin regional rəhbərlərin xarici siyasət məsələsində öz mövqeyinin ola biləcəyinə dair sözləri onun əvvəki bəyanatları ilə ziddiyyət təşkil edir.
Bu bəyanatlarda deyilirdi ki, Rusiyanın xarici siyasətini yalnız prezident, baş nazir və xarici işlər naziri formalaşdıra bilər. Buna görə də Putinin regional rəhbərlər barədə verdiyi bəyanatı hardasa Kadırovun Rusiya siyasətinin unikal subyekti kimi statusunun təsdiq edilməsi istiqəmətində uğuru saymaq olar. Myanma səfirliyinin qarşısında mitinqə çağırış da belə bir yoxlamadır. Bu mitinqin dağıdılmasından hökumətin imtina etməsini də Kadırovun uğuru saymaq olar.
Ramzan özünü dünya miqyaslı müsəlman lideri statusunda təsdiq etdirməyə çalışır və o, müsəlman aləmindəki ziddiyyətlərə baxmayaraq, buna tədricən nail olur. O üzdə qalmaq üçün hər şeyiedir. Çeçenistan haqqında deyirlər ki, Rusiyanın bu subyekti müstəqil olmasa da, muxtar xarici siyasət yürüdə bilir. Burda bir az şişirtmə də var, amma həqiqət də olmamış deyil. Myanmadakı vəziyyət özünü göstərmək imkanıdır və Kadırov bu imkandan istifadə edir.
Eyni zamanda Kadırov özünü müstəqil siyasətçi kimi göstərmək istəyir. Bəli o, Putin əsgəridir və rusiyalıdır. Bununla belə, prezident etiraf edib ki, region başçısı olan Kadırov özünün rəsmi xətdən fərqli şəxsi fikrini də söyləyə bilər. Kadırovdan başqa belə bir ixtiyar kimə verilib? Bundan başqa Kadırov isbat edib ki, onun iki kimliyi - Rusiya və İslam kimliyi var. Bu halda İslam kimliyi irəli çıxıb və o vətəndaş kimliyini qurban verib. Bu gün üçün o kifayət qədər xal toplaya bilib.
Daha sonra nələrin olacağı bəlli deyil. Çünki belə şeylər cəzasız ötüşmür. Lakin bunu kimin və nə vaxt edəcəyini də demək mümkün deyil. Ona Putin, Putinə də o lazımdır, amma vəziyyət o qədər də sadə deyil. Lakin xarici mediada adının çəkilməsinə görə Ramzan hazırda Putindən sonra ikincidir və hətta son günlərdə ola bilər ki, birinci yerə çıxıb. Kadırov çox ambisiyalı oğlandır, cavandır və özü üçün qlobal dini-siyasi karyera qurur.
Yekaterina Sokiryanskaya, Şimali Qafqaz üzrə ekspert: "Biz bilirik ki, Qroznıdakı mitinq həm də inzibati resursların hesabına təşkil edilib. Amma adamların çoxu bu dəfə dinc insanlara qarşı cinayətə öz münasibətlərini bildirmək üçün mintinqə həqiqətən də öz arzusu ilə gəlib. Çeçen cəmiyyəti üçün bu yaxın mövzusdur. Çeçenlər iki müharibədən keçiblər və yanan evlərdən sənədsiz və üst paltarını geyinmədən çıxmaqla tanışdırlar. Bundan başqa belə situasiyalarda ümummüsəlman həmrəyliyi işə düşür.
Sözsüz ki, burada siyasi məqam da var. Ümumilikdə baş verənlər Kadırov siyasətinin ruhuna uyğundur. Onun Rusiyanın müsəlman lideri olmaq ambisiyası var. Bundan başqa ona daim repressiyalar və çoxsaylı həll olunmamış problemlər şəraitində yaşayan çeçen cəmiyyətinin birliyini möhkəmləndirmək lazımdır. Özünün hakimiyyətini möhkəmlətmək və legitimləşdirmək üçün Kadırova müsəlman ritorikası da lazımdır. Özünü İslamın müfadafiəçisi kimi göstərmək imkanı düşən kimi Kadırov bunu edir.
Bu məsələnin federal aspekti də var. Kadırov son vaxtlar federal miqyasda həm daxili, həm də xarici gündəlikdə iştirak etmək istəyir. Ona karyera yüksəlişi və miqyas lazımdır. Ona artıq çoxdan nəzarət etdiyi Çeçen Respublikası darlıq edir. Buna görə də Kadırov vaxtaşırı özünün siyasi məkanını genişləndirir, ehtiyatla olsa da, müstəqillik nümayiş etdirir. Putin onun vəziyyətini başa düşür və ona müəyyən sərbəstliklər verir.
Lakin mənim nəzərimcə, son günlərin müsəlman etirazlarının keçirilməsində həlledici amil Moskvada bir neçə yüz müsəlmanın icazəsiz mitiqnə çıxması olub. Hakimiyyət mitinqin dağıdılmasına getməyib, çünki bu halda daha ciddi müsəlman etirazları ola bilərdi. Üstəlik Birma ilə bağlı belə bir mitinqin dağıdılmasının mediaya çıxması da arzuolunan deyildi. Əgər etirazı yatırmaq mümkün deyilsə, deməli, ona başçılıq etmək lazım gəlir. Kadırov bu iş üçün uyğun fiqurdur və elə buna görə də Ramzana xeyir-dua verilib. Diqqət yetirin ki, RT bu mitinqdən canlı yayın təşkil edib və bu barədə bütün federal kanallarda bəhs olunub.