11:43
329
İran raket qüvvələrinin döyüş qabiliyyətini saxlayıb və ABŞ-nin beş ay davam edən zərbələrindən sonra yeni şəraitə uyğunlaşa bilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ekspertlərə istinadən "Financial Times" qəzeti məlumat verib.
Analitiklərin sözlərinə görə, iranlı mühəndislər bombardımanlardan sonra yeraltı bazaları sürətlə bərpa etməyə müvəffəq olublar. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş hərbi analitiki Cim Ləmson hesab edir ki, ABŞ-nin İordaniyadakı kazarmalarına endirilən və hərbçilərin ölümü ilə nəticələnən son zərbələr İranın ABŞ və ərəb ölkələrinin raketdən müdafiə sistemlərini yarmaq qabiliyyətindən xəbər verir. "Onlar orta mənzilli ballistik raketlərinin yarma qabiliyyətini və hədəfədəymə dəqiqliyini artırmağa nail olublar. İran keçmiş münaqişələrin təcrübəsinə söykənərək həm texniki, həm də taktik düzəlişlər edir", — deyə o əlavə edib. Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun analitiki Fərzin Nədiminin fikrincə, "ballistik raketlərdən uçuşun son mərhələsində müdafiə olunmaq getdikcə çətinləşir". Ekspert hesab edir ki, bunun üçün ABŞ-yə İsrailin dəstəyi lazım gələ bilər.
Cari ilin fevral ayının sonunda ABŞ İsraillə birgə İrana zərbə endirdikdən az sonra ABŞ-nin müdafiə naziri Pit Haqset bəyan etmişdi ki, əməliyyatın məqsədlərindən biri "İranın hücum raketlərinin və onların istehsalı vasitələrinin məhv edilməsi" idi. Lakin qəzet yazır ki, beş ay ötdükdən və ABŞ-nin yüzlərlə aviazərbəsindən sonra İran raket qoşunlarının döyüş qabiliyyətini saxlamğı bacarıb və regiondakı hədəflərə, o cümlədən İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdəki obyektlərə dəqiq zərbələr endirməkdə davam edir.
Məryəm Quliyeva