Hakerlər ABŞ HHQ-nin "Cloud One" bulud platformasını sındırıblar Gündəm

Hakerlər ABŞ HHQ-nin "Cloud One" bulud platformasını sındırıblar

Naməlum hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) "Cloud One" adlı flaqman bulud hesablama platformasını sındırmağa nail olublar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, sındırma faktı təxminən bir ay əvvəl sistemin modernləşdirilməsi zamanı aşkarlanıb. Hakerlərin kimliyi, sızmanın miqyası və oğurlanmış məlumatların həcmi naməlumdur, lakin platformada taktiki, kadr və logistika xarakterli geniş həcmdə məxfi məlumatlar yerləşdirilmişdi.

"Biz konkret şəbəkə və sistemlərin təhlükəsizlik səviyyəsi, boşluqları və ya iş vəziyyəti ilə bağlı şərh vermirik. Departamentin məlumatlarını, sistemlərini və əməliyyat imkanlarını qorumaq üçün daim ağlabatan tədbirlər görürük", — deyə ABŞ HHQ agentliyin sorğusuna cavab olaraq bildirib.

"Cloud One" 2017-ci ildə ABŞ HHQ-nin daxili rəqəmsal platforması kimi hazırlanıb. Onun funksionallığına bütün Şimali Amerikadan hava hücumundan müdafiə radiolokasiya stansiyalarının (RLS) məlumatlarını və digər informasiyanı birləşdirən HHQ komandanlıq və idarəetmə sisteminin işləməsi daxildir.

Məryəm Quliyeva