
Kreml Ukraynanı onun sərhəddini pozduğunu iddia edir
Cavid
Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır. Rusiyanın xarici işlər nazirliyi Ukrayna ərazisindən atılan mərminin Rusiyanın sərhədyanı şəhərində partladığını bəyan edib. Rəsmi Kiyev Rusiyanın bu iddalarını təkzib edib. Rusiya tərəfindən bildirilib ki, mərmi Rostov vilayətində yerləşən Donetsk qəsəbəsində yaşayış sahəsinin həyətində partlayıb və Andrey Şulyatev adlı yerli sakin həlak olub. İnsident nəticəsində Şulyatevin anası da yaralanıb.
Rusiyanın "Rossiya" telekanalının verdiyi məlumata görə, mərminin partlamasından sonra binanın pəncərələri və qapıları dağılıb. İkinci mərmi isə evin arxasına düşüb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə şurasının rəsmisi qonşu ölkənin ərazisinə Ukrayna ordusunun heç bir artileriya zərbəsi endirmədiyini bəyan edib. O hücuma görə elə rusiyayönümlü üsyançıları təqsirkar bilib.
Donetskin qərbində yerləşən Mayinka qəsəbəsində isə gecə ilə baş verən artileriya bombardmanından sonra 150-ə yaxın sakin evlərini tərk edib. Artilleriya zərbələri üsyançılara məxsus bazanın yaxınlığında yerləşən yaşayış məhlələrinə tuş gəlib. Mərmilərin partlaması nəticəsində azı 4 nəfərin həlak olduğu bildirilir. Minaatanlardan kimlərin istifadə etdiyi bəlli deyil. Sakinlərin təhlükəsizliyi üçün onlar müvəqqəti olaraq Donetks Universitetinin yataqxanalarına yerləşdirilib, bəziləri qəsəbədən aralıda yaşayan qohumlarının evinə sığınıb.
Qeyd edək ki, Ukraynanın şərqində üsyançılarla hökümət qüvvələri arasında gedən döyüşlər azı 400 nəfərin həyatına son qoyub, on minlərlə insan qaçqın və məcburi köçkün düşüb.
Luqanskda isə Ukrayna ordusu silahla və separatçılarla dolu 2 yük maşınını məhv edib.
Bu barədə hərbi ekspert Dmitri Timçuk açıqlama verib.
Onun sözlərinə görə, Luqanskın Roskoşnoe və Georgiyevka rayonlarında ordu qüvvələri ilə separatçılar arasında qızğın döyüşlər başlayıb. Ordu tərəfdən itkilərin olmadığı bildirilir.
"Luqansk hava limanı mühasirəyə alınıb. Mühasirədə olan separatçılar "Qrad"larla ordu qüvvələrini atəşə tutub. Bundan başqa Staraya Krasnyanka kəndində də güclü döyüşlər gedir. Separatçılar dayanmadan hərbçilərin blokpostlarını atəşə tutur. Son döyüşlərdə ordu itki verməyib. Lakin separatçıların iki silah, separatçı dolu yük maşını məhv edilib", deyə Timçuk bildirib.
"Kommersant" qəzeti Kremlə yaxın mənbəyə istinadən yazır ki, Moskva Ukrayna ərazisinə "nöqtə zərbələri"nin endirilməsi imkanına baxır.
"Bizim səbirimizin sonu var. Amma hər hansı genişmiqyaslı əməliyyatlardan söhbət getmir. Rusiya ərazisinə atəş açılan müəyyən hədəflərə nöqtə zərbələri endiriləcək", - mənbə bildirib.
Daha əvvəl isə Ukrayna ərazisinə zərbəni vurmaq imkanı barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yevgeni Buşmin danışıb.
Rusiya isə Ukraynanı "qarşısıalınmaz nəticələrlə" hədələyib. Səbəb Ukraynadan atıldığı iddia olunan mərmidən Rusiyada bir nəfərin ölməsidir. Kremlin sözçüsünün sözlərinə görə, Prezident Vladimir Putin hadisədən "dərin narahatlıq" keçirdiyini bildirib. Kiyev isə sərhəddən atəş açmadığını deyib və iddiaları "tam cəfəngiyat" adlandırıb.
Ukrayna rəsmiləri rusiyayönlü separatçıların məsuliyyət daşıması ehtimalını irəli sürüb, belə ki, onların niyyəti Moskvanın müdaxiləsini qazanmaq ola bilər. Yaraqlılar bunu yalanlayır.
Ukrayna prezidenti Petro Poroşenko isə öz növbəsində Rusiya qüvvələrini sərhədi keçməkdə və Ukrayna hərbçilərinə hücumda suçlayıb. Öncə 100 zirehli və yük maşınından ibarət karvanın Rusiyadan Ukraynaya keçdiyi barədə məlumat yayılıb. Məlumatı "anti-terror əməliyyat qrupu" yayıb. Ordu karvanı dağıtdığını desə də, bunu müstəqil mənbədən təsdiqlətmək mümkün olmayıb.
Rusiya Federasiya Şurasının vitse spikeri Yevgeni Buşmin bildirib ki, Ukrayna ərazisinə dəqiq zərbə endirilməlidir.
Onun sözlərinə görə, bazar günü Ukrayna tərəfindən atılan mərmi nəticəsində Rostov vilayətinin "Donetsk şəhəri"ndə bir yaşayış evi zərər çəkib. Hadisə zamanı bir kişinin öldüyü, bir qadının isə ağır yaralandığı deyilir.
"Son iki həftədir ki, mən Rostov vilayətindəyəm. Burada kim xidmət edirsə, onların hamısı ilə həmsöhbət olmuşam. Əvvəllər rus sərhədçilərinə qarşı heç bir provakasiya hiss etməmişdim, indi isə əksinə düşünürəm ki, kimsə bizi Ukrayna silahlı qüvvələri ilə üz-üzə qoymaq istəyir", - deyə Buşmin bildirib.
Luqansk şəhərinin ətrafında isə gərgin döyüşlər başlayıb.
Qondarma Donetsk xalq respublikasının könüllülərinin komandanı İqor Strelkov bildirib ki, düşmən (Ukrayna ordusu nəzərdə tutulur) həmin əraziyə 70 tank gətirib. Alınan digər xəbərə görə, onlar vertolyotlarla döyüş bölgəsinə desant endirib: "Ancaq bütün cəbhə boyu bizim artilleriya qurğusu yerləşdirilib. Düşmən də hücuma keçmək üçün artilleriya qurğusundan, zirehli maşınlardan və vertolyotlardan istifadə edir. Donetsk şəhərinə cənub və qərbdən ukrların ("Ukr" - Ukrayna ordusu nəzərdə tutulur) kolonnası gəlir. Kramatorsk şəhərinin yaxınlığındakı Semyonovka qəsəbəsində də müdafiə postları qurulub. Həmin qəsəbədə nə işıq, nə də su var. Dükan və apteklərin də heç biri işləmir".
Digər bir məlumata görə, Ukrayna ordusu böyük qüvvə ilə hazırda separatçıların nəzarətində olan Luqansk və Donetsk şəhərinə doğru hərəkət etməkdədir.
Bunu separatçıların lideri İqor Qirkin deyib. Onun sözlərinə görə, separatçıların əsas dayağı olan bu şəhərlər itirilərsə bütün üstünlük ukraynalılar tərəfə keçəcək: "Hazırda Ukrayna ordusun aid 70-dən çox tank Luqans və Donetskə doğru irəliləməkdədir. Biz bu şəhərləri əldən versək ukraynalılar böyük üstünlük qazanacaq, bizim bu şəhərləri saxlamaq üçün köməyə ehtiyacımız var". Qeyd edək ki, hazırda Donbass bölgəsinin böyük hissəsi Ukrayna güc strukturlarının nəzarətindədir. Ukrayna dövləti yaxın vaxtlarda Luqansk və Donetsk şəhərlərini də azad edərək silahlı separatizmə son qoymağı planlaşdırır.
"Ukraynanın vəziyyəti getdikcə pisləşir". Bu sözləri Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel Braziliyada görüşü zamanı deyib.
Dünya çempionatının final oyunu öncəsi Putin və Angela Merkelin görüşü bir saatdan artıq davam edib. Görüşdən sonra mətbuata açıqlama verən Putinin mətbuat üzrə sözçüsü Dmitri Peskov bir saat ərzində ancaq Ukraynadakı vəziyyətin müzakirə edildiyini və hər iki liderin Ukraynada böhranın dərinləşdiyi barədə həmfikir olduqlarını qeyd edib.
Putin Merkelə Ukraynanın apardığı hərbi əməliyyatdan narahatlıq hiss keçirdiyini və bunun da qəbuledilməz olduğunu bildirib. Hər iki lider müzakirələrin yenidən başlanması üçün atəşkəs elan edilməsi istiqamətində birgə addımlar atmaq razılığına gəliblər.