Ocaqnejad “generallar”ını Gürcüstanda yerləşdirib Dünya

Ocaqnejad “generallar”ını Gürcüstanda yerləşdirib

Ölkədə olan iki mədrəsə İrandan təlimat alır, maliyyələşir....

Bir neçə gün öncə xəbər vermişdik ki, Gürcüstan Naminə Siyasi Partiya Tbilisi şəhəri Poniçala qəsəbəsi və Marneuli şəhərindəki mədrəsələrin fəaliyyətlərinin araşdırılması ilə bağlı ölkənin milli təhlükəsizlik naziri Liluaşviliyə müraciət edib.
Partiyanın sədri Fazil Əliyev “Xalq Cəbhəsi”nə bildirib ki, müraciətdə bu mədrəsələrin türkçülüyə və sünniliyə qarşı təbliğat apardığı və ölkədə məzhəblər arasında qarşıdurma yaratdığı göstərilib. Onun dediyinə görə, burada Azəraycanda Ocaqnejadın təşkilatına oxşar bir qurum yaradılıb. Gəncləri, məktəbliləri dini təhsil adı altında ora cəlb edirlər, ancaq agentura şəbəkəsinin kadrları hazırlanır. Mədrəsələrin birinin başında İran vətəndaşı Həsən Yusifzadə dayanır. Mədrəsələr İrana tabedirlər və birbaşa oradan tapşırıq alırlar. Biz də həm milli təhlükəsizlik, həm də daxili işlər nazirliklərinə bu mədrəsələrin fəaliyyətlərinin araşdırılmasın tələb etmişik”.
Dünən partiya sədri ilə yenidən əlaqə yaratdıq və məsələnin nə yerdə olduğunu soruşduq. F.Əliyev bizə bildirdi ki, həmin müraciətdən və bu məsələni sosial şəbəkələrdə ictimailəşdirdikdən sonra ona naməlum nömrələrdən zənglər edilərək gürcü dilində təhdid ediblər, hədələyiblər: “Polisə müraciət etmişəm, deyiblər ki, istintaq aparılır. Dedim məgər siz bu zənglərin haradan edildiyini aşkar edə bilməzsiz? Özləri bu məsələni uzadırlar. Amma İran tərəfdarlarından hələ heç bir hədə edilməyib. Buna baxmayaraq onların planları barədə mənə deyiblər, işimi bərk tutmuşam, ehtiyatlıyam”.
F.Əliyev ölkədə dini durumda sabitliyin olmadığını, iranpərəst mollaların aktiv fəaliyyəti nəticəsində əksər gənclərin düz yoldan yayınması hallarının artdığını deyib.
İranın Azərbaycanda baş tutmayan məkrli planlarının Gürcüstanda həyata keçirməsi bu günün mövzusu deyil.
Yazılanlara görə, İran SSRİ dağılandan sonra regionda siyasi şiəliyi yaymaq planlarını işə saldı və hələ 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Qum və Məşhəddən Borçalıya dini emissarlar göndərilirdi. Qafqaz Müsəlmanları İdarəsinin qanunauyğun olaraq bölgədə dini hakimiyyətinin mövcud olması ayətullahların yolunu bağlayırdı. Lakin 2011-ci ildə QMİ-nin Gürcüstandan çıxarılması İranın bölgədə dini siyasətini həyata keçirməsi üçün münbit şərait yaratdı.
Böyük Britaniyanın Hərb və Sülh İcmalları İnstitutunun (IWPR) 2005-ci ildə yayımladığı məqalə İranın Gürcüstan azərbaycanlıları üzərində dini təbliğatının hələ uzun illər öncə başladığını sübut edir.
İranın dini vaizlərinin Gürcüstanda Azərbaycan icmasına fokuslandığı qeyd olunan məqalədə bildirilirdi ki, İrandan gələn missionerlər rəsmi olaraq fars dili və İslamı tədris etməyə gəlir, lakin reallıqda onların əsas ünvanı Kvemo-Kartli (Borçalı) bölgəsi və paytaxtdır.
"Çoxları onların fəaliyyətindən qorxur. Yerli əhalinin əksər hissəsi bu missionerlərin təbliğatının İranın təbliğatı olduğunu düşünərək, onların fəaliyyətini salamlamır. Digərləri İrandan gələn vaizlərin bölgədə şiə-sünni qarşıdurması yaratdığını hesab edirlər. Azərbaycanlılar ehtiyat edirlər ki, İran missionerlərinin fəaliyyəti onların icmasının parçalanmasına gətirib çıxaracaq. Yerli sakinlər danışırlar ki, İran missionerləri 7-8 il öncədən Gürcüstana gəlməyə başlayıblar. Onlar ilk növbədə şiə dini adətlərini və bayramlarını təbliğ edir, dini mərkəzlər və mədrəsələr açır, yerli tələbələrin İranda təhsil almasına kömək göstərir və bir neçə dini təmayüllü qəzet və jurnalı maliyyələşdirirlər”, - deyə məqalədə qeyd olunurdu.
İnstitutun araşdırmasına görə, İran vaizləri xeyriyyə fəaliyyəti altında öz siyasi niyyətlərini gizlədirlər: "Onların əsas məqsədi yerli müsəlmanlar arasında İran siyasətini yaymaq və şiələri digər məzhəblərə qarşı qoymaqdır. Dini siyasətin nəticəsidir ki, son bir neçə ildə Marneuli küçələrində İran üslubunda hicablı qadınlar tez-tez görünür. Bəzi müşahidəçilərin fikrində, İranın təsiri ilə Gürcüstanda Azərbaycan icması arasında dini dözümlülük yoxa çıxır”.
Rza Zəncaninin müəllifi olduğu bir yazıda deyilir ki, Sovet İttifaqı süqut etdikdən sonra İran Azərbaycanda öz dini şəbəkəsini yaratmağa cəhd etdi, lakin Azərbaycanda istədiyi uğuru əldə edə bilməyən molla rejimi 1990-cı illərin ortalarından Gürcüstanda, Borçalıda yaşayan azərbaycanlılara xüsusi olaraq köklənib. Son 10 ildə Borçalıda İranın aktivliyi qat-qat artıb. Qeyd edək ki, Gürcüstanda yaşayan azərbaycanlılar, bu ölkədə gürcülərdən sonra sayca ikinci böyük qrupdur.
İrandan gəlmiş mollalar və ya İranda dini təhsil alıb beyni tam yuyulmuş yerli, din xadimləri bölgədə İran təbliğatı və məzhəbçiliklə məşğul olurlar. Qeyd edək ki, Borçalıda yaşayan soydaşlarımızın bir hissəsi sünni bir hissəsi isə şiədir. Bu bölgəyə İran təbliğatçıları gəlməmişdən öncə bu insanlar arasında heç bir dini ədavət yox idi. İndi isə bölgədə dini adəvətin əlamətləri açıq aydın görülür. İran rejiminin də istədiyi məhz budur.
İran bu illər ərzində Borçalıda mədrəsə, məscid və məktəblər inşa edib, onların nəzarəti ya bilavasitə iranlıların ya da İranda dini təhsil almış insanların əlindədir.
Həmçinin Borçalıda İranın pulu ilə çıxarılan dərgilər də var. Bu dərgilərdən bəziləri Azərbaycana da gətirilir. Dərgilər də bir qayda olaraq İran təbliğatı aparıb, məzhəbçiliklə məşğul olur.
İranlı mollalar və onların nəzarətində olan yerli din xadimləri və ictimai xadimlər Aşura zamanı xüsusi aktivlik göstərirlər. Aşura mərasimlərindən, dini ədavət salmaq və öz təbliğatlarını aparmaq üçün istifadə edirlər. İran təbliğatı həmçinin burada yaradılmış bir neçə internet saytından da istifadə edir, misal kimi ahlibeyt.ge, mgeo.ge saytlarını göstərmək olar.
2011-ci ildə Gürcüstan hökuməti “Gürcüstan müsəlmanları şurası”nı yaradır və Borçalıdakı məsçidləri bu idarəyə tabe edir. Bundan öncə məsçidlərin çoxu Qafqaz Müsəlmanları İdarəsinə tabe idi və bu hal müəyyən qədər də olsa İranın dini təsirinə maneçilik törədirdi. 2011-ci ildən sonra Borçalıda İran mollalarının və təbliğatçılarının işi asanlaşdı, sayları və aktivliyi nəzərə çarpacaq dərəcədə artdı.
Müəllif onu da qeyd edib ki, Gürcüstan İranın narkotik maddə ticarəti üçün önəmli istiqamətlərdən biridir. Gürcüstan vasitəsi ilə istər hava yolu ilə istərsə də Poti limanı vasitəsi ilə SEPAH narkotik maddələri Avropaya göndərir. Poti limanı vasitəsi ilə ixracı həyata keçirilən narkotik maddələr əsasən alban mafiyası üçün nəzərdə tutulur. Hava yolu ilə ixrac isə birbaşa qərbi Avropa ölkələrini hədəf alır.
Vacib məqamlardan biri budur ki, 2017 – ci ilin mart ayında Gürcüstan vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız qediş-gəliş imkanı qazandılar. Bu isə İran kəşviyyatı üçün yeni imkanlar açdı. Belə ki, Gürcüstan vətəndaşlarının bu hüququndan istifadə edərək, İran xüsusi xidmət orqanları, çox gözə dəymədən və xüsusi şübhə yaradmadan Borçalıda beynini yuduğu azərbaycanlıların sırasından olan agentlərini müxtəlif tapşırıqlar üçün Avropaya göndərir.
Bir gün Gürcüstanda sabitlik pozularsa İranın burada Lübnan ssenarisini tətbiq etmək istəyəcəyi labüddür. Bu gün Borçalı Qafqazda öz istinadkağını qurmaq üçün İran rejimininin ən çox diqqətini çəkən nöqtələrdəndir. Sözsüz ki, İran buradakı nüfuzunu həm də Azərbaycana qarşı istifadə etmək, Azərbaycanın həyata keçirdiyi strateji enerji layihələrinə maneçilik törədmək üçün istifadə edəcək.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov isə qeyd edib ki, zaman-zaman istər Azərbaycan, istərsə də Gürcüstan mətbuatında İranın Kvemo-Kartli regionundakı ardıcıl məzhəb təbliğatına dair işıq üzü görmüş ayrı-ayrı yazılar potensial təhlükələr haqqında düşünmək üçün maraqlı materiallar verir: “Məsələn, hələ 2005-ci ildə Gürcüstan İctimai Televiziyasının əslən azərbaycanlı olan müxbiri Ramilə Əliyeva “Sülh və demokratiya İnstitutunun” saytında dərc etdiyi yazısında iranlı missionerlərin Kvamo-Kartli bölgəsində ciddi şəkildə Xomeyni ideyalarını, həmçinin şiəliyi təbliğ etməsi haqqında öz narahatlığını bölüşmüşdü. Həmin yazıda müəllif diqqəti bir neçə mühüm məqama yönəltmişdi. Onların birincisi iranlı missionerlərin azərbaycanlılar arasında məzhəbçilik zəminində fəaliyyət göstərmələri, əsl məqsədin İslam ideallarını deyil, Tehranın maraqlarını yaymaqla məşğul olmaları idi. İkinci diqqət çəkən məsələ iranlı missionerlərin öz fəaliyyətlərini təşkilatlandırmaq istiqamətində apardıqları işlə bağlı idi. O, göstərirdi ki, İranın birbaşa dəstəyilə Gürcüstanda “Əhli-Beyt”, “Əlül-Beyt”, “Ali-hikmət” dini cəmiyyətləri yaradılmış və onlar qısa zamanda etnik azərbaycanlılar arasında ciddi təbliğat şəbəkəsi formalaşdırmağa nail olublar”.
Qeyd etmək lazımdır ki, oxşar məzmunlu yazılar sonrakı dövrlərdə Azərbaycan mətbuatında da dərc edilməyə başladı. Həmin yazılardan İranın bəzən açıq, bəzən isə dolayı yollarla həqiqətən də Gürcüstan azərbaycanlılarını öz ideoloji və siyasi təsir dairəsinə daxil etmək üçün addımlar atdığını sezmək mümkündür: “İranın Gürcüstandakı səfirlərinin ara-sıra Qardabani və Marneuli rayonlarına vaxtaşırı səfərlərini buna misal göstərmək olar. Məsələn, hətta 2009-cu ildə o zaman İranın Gürcüstandakı səfiri olmuş Müctəba Dəmirçi azərbaycanlıların sıx yaşadıqları rayonlara səfər etmiş, “Əhli-Beyt” cəmiyyətinin çətiri altında fəaliyyət göstərən fəal aktivistlərlə görüş keçirmiş və İranın azərbaycanlı dindarların problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəyini söz vermişdi. 2019-cu ilin 27 aprelində Azərbaycanın xəbər saytlarının birində nəşr edilmiş məqalədə isə göstərilirdi ki, uzun illər Gürcüstan azərbaycanlıları arasında ümumiyyətlə məzhəb zəminində hər hansı ixtilaflar müşahidə olunmayıb. Lakin bölgədə İran missionerlərinin öz fəaliyyətlərini təşkilatlandırmasından sonra soydaşlarımız arasında məzhəb ayrıseçkiliyi açıq və xoşagəlməz hal alıb. İran SSRİ-nin süqutundan sonra yaranmış boşluqdan istifadə edərək azərbaycanlıların kompakt yaşadıqları ərazilərdə məscid və mədrəsə tikintisində xeyli fəallıq nümayiş etdirib, həmçinin dini məzmunlu nəşrlərin kütləvi çapı istiqamətində də ardıcıl iş aparıb. Bu isə iranlı missionerlərə təbliğat işində ciddi üstünlüklər yaradır. Yazı müəllifinin fikrincə İranın sözügedən ərazilərdəki ideoloji təsir gücünü anlamaq üçün hər il keçirilən Aşura mərasimlərində müşahidə edilən izdiha¬ma diqqət yetirmək kifayətdir”.
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidovla bu mövzuda söhbətləşdik.
GMİ şeyxi bildirib ki, Gürcüstanda məzhəblər arası gözəl münasibət var, lakin bəzi qüvvələr şiəliklə mübarizə aparmaq üçün İran kartından istifadə edir: “Şiə müsəlmanı ümmət arasında vəhdət və barışıq istəyir. Bu arzuolunmaz gərginlik məsələsində dini bəhanə etmək mənfur niyyətdən xəbər verir. Biz İslamı təmsil edirik, sekular ölkədə siyasi məsələlərə də müdaxilə dindarlara yaraşmır”.
R.İgidov deyib ki, düzdür, ölkədə İrana aid iki şiə, 30-a yaxın sünni mədrəsəsi var: “Nə edəydilər, bu məzhəbin mədrəsəsi olmalıydı, ya yox? Məsələyə bu tərəfdən baxmaq lazımdır. Axı cəmiyyətin Ruhaniyə ehtiyacı var idi. Məzhəblər arasında müəyyən ideoloji, tarixi və fiqhi fərqlilik var, tarix boyu belə olub. Mədrəsələrin birinin rəhbəri İran vətəndaşıdır – Həsən Yusifzadə, Cənubi Azərbaycanlı din alimidir. Burada Türkiyədən də din mütəxəssisləri var. Amma inşallah, öz dini təhsil ocağımızın olması üzərində çalışırıq”.
Şeyx onu da vurğulayıb ki, ehtiyac olarsa xarici dini mütəxəssislərdən də istifadə olunacaq. R.İgidov hər iki mədrəsənin İran tərəfindən idarə edildiyi və maliyyələşdirildiyi faktı təsdiqləyib. Bildirdi ki, onlar Əlmustafa beynəlxalq universitetinin şöbəsi olaraq burada açılıb: “Vallah, anlamadım siyasi, iqtisadi və s. maraqlar üzərində yaranan ixtilaf niyə dini zəminə çəkilir. Həmin mədrəsələrdə oxuyan tələbələr daha çox Azərbaycanı dəstəkləyir, millətini sevir, sadəcə bir nəfər iranlıdır, qalan bütün din müəllimləri yerlidir. Bu gün bizim ruhanilərin böyük hissəsi Türkiyə və İran mədrısələrinin məzunudur. Burada fərqlilik olsa qarşılıqlı sayğı və birgə ibadət mövcuddur”.
GMİ şeyxi Səudiyyə Ərəbistanında təhsil alıb ölkədə fəaliyyət göstərən vəhabbilərdən də danışıb. Bildirib ki, ara, sıra özlərini sünni kimi qələmə verən vəhhabilər dini stabillyi pozmaq istəyir. Amma buna imkan verilmir, qarşısı alınır”.
Gürcüstandakı ziyalılarımızdan biri isə bizə bildirib ki, Ocaqnejad Gürcüstanda antiAzərbaycan, antiGürcüstan mövqeli bir ordu yaradıb. Məhərrəmlik, Aşura günlərində “Ya Hüseyn, Ya Hüseyn” şüarları ilə yanaşı ordu üzvlərinə “Azərbaycana ar olsun” demək tapşırılır. O, hətta burada Ocaqneyadın “generalları”nın olduğunu da söyləyib.

Cavid