Rusiyanın iqtisadiyyatı çökür Dünya

Rusiyanın iqtisadiyyatı çökür

Krım "oyunu" Putini çıxılmaz vəziyyətə salıb
USA Today: "Rusiya sürətlə böyük transformasiyaya doğru hərəkət edir, bu da Sovet İttifaqının 20 il əvvəlki çöküşü qədər miqyaslı olmağı vəd edir"

Cavid

Rusiyanın Ukraynaya hərbi təcavüzü, Krımda keçirilən qondarma referendum, onun nəticələrinin rəsmi Moskva tərəfindən tanınması, Duma tərəfindən Krımın Rusiyaya birləşdirilməsinin rəsmiləşdirilməsi dünya dövlətlərinin Putin hakimiyyətinə qarşı sanksiyaları gücləndirməsinə təkan verib.
Artıq ABŞ prezidenti Barak Obama Ukrayna böhranında günahkar sayılan bir sıra rusiyalı məmura sanksiya tətbiqinə qol çəkib. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, baş nazirin müavini Dmitri Roqozin, Rusiya prezidentinin köməkçiləri Vladislav Surkov, Sergey Qlazyev, deputatlar Yelena Mizulina, Leonid Slutski və Andrey Klişasa ABŞ-a giriş qadağası qoyulur. Sanksiyaya əsasən, onların Birləşmiş Ştatlardakı aktivləri və əmlakı da dondurulur.
Avropa Birliyi də Ukraynanın ərazi bütövlüyünün pozulmasında günahlandırılan 21 Rusiya və Ukrayna məmuruna qarşı eyni sanksiyalar tətbiq edib.
Ağ Evin mətbuat katibi Cey Karni Rusiyanın Ukraynada böhranın aradan qaldırılmasına mane olacağı halda Vladimir Putinə qarşı şəxsi sanksiyaların tətbiqini istisna etmir.
RBK-nin verdiyi məlumata görə, bu barədə o, dünən keçirilən brifinqdə bəyan edib.
Cey Karni Putinin Krımın Rusiyaya birləşdirilməsində iştirakına görə ABŞ-ın barəsində sanksiyalar tətbiq edəcəyi şəxslərin siyahısına daxil edilməsinin mümkün olub-olmaması barədə suala cavab verərkən deyib ki, Birləşmiş Ştatlar "hansısa şəxsi və ya fəaliyyəti istisna etmir".
ABŞ prezidentinin nümayəndəsi bəyan edib: "Biz hadisələrin inkişafı üzrə addımların düzgünlüyünü qiymətləndirməyə hazırlaşırıq. Biz hansısa şəxsi və ya fəaliyyəti istisna etmirik. Qeyd etmək lazımdır ki, Rusiya Ukraynada vəziyyətin nizamlanması ilə bağlı öz mövqeyini dəyişməzsə, o, əlavə cəzaya məruz qalacaq. Prezidentin bu gün xatırlatdığı kimi, yaxın günlərdə və həftələrdə nə baş verəcəyindən, Rusiyanın Ukrayna ilə bağlı atacağı addımlardan asılı olaraq daha geniş sanksiyalar tətbiq etmək imkanımız var. Biz Ukraynada yaranmış vəziyyətin diplomatik yollarla həll olunması üçün Rusiyaya təzyiq göstərməkdə davam edirik".
Böyük Britaniyanın xarici işlər naziri Vilyam Heyq isə bəyan edib ki, Aİ-nin "qara siyahı"sı genişləndirilə bilər.
Müşahidələr göstərir ki, Rusiya iqtisadiyyatında geriləmə tendensiyası hər keçən gün özünü daha qabarıq formada göstərir. Bu da öz növbəsində, ərazisinə görə dünyada birinci olan Rusiyada iqtisadiyyatın çöküşünü sürətləndirir.
Vəziyyət o həddə gəlib çatıb ki, artıq ölkə iqtisadiyyatında müşahidə olunan geriləmə rəsmi səviyyədə etiraf olunur və bununla bağlı yaranan narahatlıq ifadə edilir. Belə ki, Rusiya hökuməti makroiqtisadi proqnozu əks etdirən hesabatı açıqlayıb. Görünən odur ki, bir sıra vədlər hələ də özünü doğrultmayıb. Baş nazir Dmitri Medvedyevin xarici investorlarla görüşü zamanı məlum olub ki, ilin sonuna qədər ölkə iqtisadiyyatında iqtisadi inkişaf əvvəlki kimi 5-6 faiz olmayacaq. İqtisadi artım heç 2 faizi belə ötməyəcək. Bütün bunlar isə Rusiya iqtisadiyyatının çöküşünə ciddi işarədir. Görünən mənzərə isə ondan ibarətdir ki, mövcud Rusiya hakimiyyəti və ölkədəki idarəçilik sistemi problemi həll etməkdə acizdir.
Onu da qeyd edək ki, hazırda ABŞ Dövlət Departamentinin, Ağ Evin və ABŞ Maliyyə Nazirliyinin ekspertləri Rusiyaya qarşı əlavə iqtisadi sanksiyaların hazırlanması ilə məşğuldur
Prezident Vladimir Putinin müraciəti əsasında Rusiya Federasiya Şurasının Ukraynaya hərbi müdaxilə haqda qərarından sonra bu ölkənin valyuta bazarında rublun dollar və avro qarşısında kursu dramatik şəkildə aşağı düşüb. "newsru.com"un verdiyi məlumata görə, Moskva birjasında 1 dollar 37 rubl, 1 avro isə 50,7 rubla yüksəlib. Bəzi banklar dolları 40 rubla satıblar. Dolları 36,9 rubla, avronu 50,7 rubla satan "Sberbank" bir gün sonra dolları 38,5 rubldan, avronu isə 53,5 rubldan satmağa başlayıb.
Valyuta bazarında sabitlik yaratmaq üçün Rusiya Federasiyası Mərkəzi Bankı xarici valyutaya olan tələbatı azaltmaq məqsədilə bazara külli miqdarda valyuta çıxarıb. İqtisadi təhlilçilər ilk saatlarda satışa çıxarılan xarici valyutanın həcminin bütün tarix boyu ən yüksək həddə olduğunu açıqlayıblar. Bunun nəticəsində lokal sabitlik yaratmaq mümkün olub. Mərkəzi Bankın həyata keçirdiyi valyuta intervensiyasının konkret həcmi açıqlanmayıb.
Təkcə martın 10-da yarım saat ərzində Rusiya Fond Birjasında MMVB indeksi 7%, RTS indeksi 8%, bir sıra iri şirkətlərin səhmlərinin qiyməti təxminən 10%, konkret olaraq "Qazprom"un səhmlərinin dəyəri 11% aşağı düşüb.
Rusiya iqtisadçıları vəziyyətin bu cür davam edəcəyi və Krımda müharibə başlayacağı təqdirdə ölkənin maliyyə bazarında çöküş riskini proqnozlaşdırırlar. Müstəqil investor Mixail Zak bildirib ki, baş verənlərə bazarların reaksiyası kifayət qədər güclü olacaq. Belə ki, Ukrayna böhranı artıq xarici siyasət müstəvisinə də keçib: "Beynəlxalq sərmayəçilərin istər Qərb, istərsə də Rusiya maliyyə bazarlarında Rusiya aktivlərinin məcburi satışlarına başlaması üçün əsas yaranacaq".
"Thrid Rome" beynəlxalq şirkətlər qrupunun idarəedici tərəfdaşı Andrey Movçan qeyd edib ki, bu gün sülh şəraitində yaşayan bir ölkə sabah müharibəyə başlayırsa, kəskin neqativ reaksiya qaçılmazdır: "İnvestorlar praqmatikdir və anlayırlar ki, istənilən müharibə əlavə xərc və inflyasiya deməkdir".
İqtisadçı Sergey Aleksaşenko deyib ki, müharibə təhlükəsinin qısamüddətli effekti valyuta bazarında rublun çöküşü, MMVB və RTC indekslərinin aşağı düşməsi olacaq. Uzunmüddətli perspektivdə isə Rusiya ilə əlaqəli siyasi risklər kəskin şəkildə artacaq və ölkənin xarici sərmayəçilər üçün cəlbediciliyi ciddi şəkildə azalacaq: "Aydındır ki, Rusiya kapitalı ölkədən qaçmağa, Rusiyadakı xarici kapital isə böyük həcmdə geri dönməyə başlayacaq, rubl yaxın aylarda kifayət qədər sürətlə ucuzlaşmağa davam edəcək".
Rusiya Sənayeçilər və İş Adamları İttifaqının vitse-prezidenti İqor Yurgens isə bəyan edib ki, Rusiyanın dollar və avro ilə borclanan neft, qaz və metallurgiya şirkətləri artıq böhranı hiss edirlər: "Hazırda bütün iri Rusiya şirkətləri risk altındadır. Bu münaqişənin sülh yolu ilə həllini tapmasaq, bizim Krıma real hərbi müdaxiləmizə görə tətbiq olunacaq iqtisadi sanksiyalar ağır olacaq".
Artıq Rusiyadakı ticarət şəbəkələri təchizatçılardan qida məhsullarının topdansatış qiymətlərinin yüksəldiyi haqda xəbərdarlıq almağa başlayıblar. Yay aylarında şəkər və kartofun qiymətinin 10%-dən çox yüksəlməsi proqnozlaşdırılır.
ABŞ prezidenti Barak Obamanın administrasiyasında isə Rusiyaya "iqtisadi hücum" planlaşdırılır. "The Daily Beast" analitik-informasiya saytı Amerika administrasiyasındakı adının çəkilməsini istəməyən mənbəyə istinadən xəbər verir ki, XIX-XX əsrlərin ruhuna uyğun qərarlar qəbul edən Putinə XXI əsrdə - iqtisadi planda bir-birindən asılı olan dünyada yaşadığını başa salacaqlar. ABŞ Konqresi də prezident Obamaya Rusiyaya qarşı sanksiyaların tətbiqini təklif edəcək. Artıq senator Con Makkeyn "Maqnitsk Aktı"nın genişləndirilməsini təklif edib. Administrasiya sanksiyaların effektini yüksəltmək üçün atılacaq addımları Avropa Birliyi ilə razılaşdırmaq istəyir. 2008-ci ildə Gürcüstandakı böhrana ABŞ-ın reaksiyasını xatırladan amerikalı mənbə "Ukraynada biz yəqin ki, Gürcüstan məsələsində olduğundan daha irəli gedəcəyik", - deyə söyləyib.
"Bu əsrin əhəmiyyətli hissəsi Rusiyanın çöküşü və bu prosesin səbəb olduğu qlobal qeyri-stabilliklə yadda qalacaq". ABŞ-ın "USA Today" nəşri Rusiyanın yaxın gələcəkdə üzləşə biləcəyi problemlərdən bəhs edən məqalə dərc edib.
Qəzetin yazdığına görə, ilk baxışdan Rusiya əminliklə irəli addımlayan ölkəyə oxşayır. Ötən həftə Rusiya prezidenti Vladimir Putin ABŞ-ı Suriyanın kimyəvi silahına dair planı qəbul etməyə məcbur etdi. Putinin Rusiyanın İrana və onun nüvə proqramına təsirini artırmağa hazırlaşdığını təsdiq edən faktlar da mövcuddur. ABŞ administrasiyası isə dəfələrlə çalışsa da, İranın nüvə proqramını dayandıra bilməyib. Ancaq bu görüntü altında artan zəiflik gizlənir. Bu da ABŞ-ın maraqlarına Rusiyanın indiki hər hansı xoşagəlməz hərəkətindən daha çox ziyan vura bilər. Rusiya sürətlə böyük transformasiyaya doğru hərəkət edir, bu da Sovet İttifaqının 20 il əvvəlki çöküşü qədər miqyaslı olmağı vəd edir. Nəticə ölkənin adət etdiyimiz mövcudluğuna son qoya bilər.
O da məlum həqiqətdir ki, Rusiya iqtisadiyyatının çökməsi Azərbaycana təsirsiz ötüşməyəcək. Çünki iki ölkə arasında bir sıra sahələrdə ciddi qarşılıqlı iqtisadi əlaqələr var. Əvvəla, Rusiyada çoxlu sayda azərbaycanlı yaşayır. Onların bu ölkənin vətəndaşı və yaxud da miqrant olmalarından asılı olmayaraq, soydaşlarımız hər il Azərbaycana milyonlarla dollar göndərir. Rusiyada iqtisadiyyatın çöküşü göndərilən vəsaitlərin kəskin şəkildə azalmasına səbəb ola bilər. Eyni zamanda bu, miqrantların kütləvi geri dönüşünə də rəvac verə bilər. Digər tərəfdən, Rusiya ilə Azərbaycan arasında müəyyən həcmdə ticarət əlaqələri var. Ən başlıcası, Rusiya Azərbaycanda istehsal olunan bir sıra kənd təsərrüfatı məhsulları üçün böyük bazardır. İstənilən halda, orada iqtisadi vəziyyətin pisləşməsi bu kimi sahələrə öz təsirini göstərə bilər. Ona görə də Rusiyada gözlənilən iqtisadi çöküşdən sığortalanmaq, ən azından az zərərlə çıxmaq üçün Azərbaycan nə kimi qabaqlayıcı addımlar atmalıdır. İqtisadçı-ekspert Natiq Cəfərli vəziyyətdən çıxış yolunu iqtisadiyyatın neft və qazdan asılılığının azaldılmasında gördüyünü bildirdi: "Məsələ ondadır ki, Rusiya iqtisadiyyatının böyük hissəsi enerji daşıyıcılarından asılıdır. O baxımdan, Rusiya iqtisadiyyatında zəifləmənin olacağı gözlənilən idi. Çox təəssüflər olsun ki, Azərbaycanın da iqtisadi modeli Rusiyanın iqtisadi modelinə bənzəyir. Ən azından, iki ölkənin iqtisadi modellərində bənzərliklər çoxdur. Ona görə də bu ölkədə baş verənlərin Azərbaycana çox ciddi təsir imkanları var. Bu həm miqrantların Azərbaycana göndərdiyi vəsaitlərin azalması timsalında, həm də ticarət dövriyyəsinin azalmasında özünü göstərə bilər. Ancaq əsas təhlükə Rusiya və Azərbaycanda iqtisadi strukturun enerji resurslarının üzərində qurulmasından qaynaqlanır. Proseslər göstərir ki, yaxın gələcəkdə neft və qazın qiymətində ciddi azalma gözlənir. Ona görə də Rusiyada müşahidə olunan iqtisadi geriləmədən sığortalanmaq üçün Azərbaycanda struktur islahatları sürətləndirilməlidir".