“Leyla Yunusu müdafiə edənlərin bəziləri vaxtilə ona mənfi münasibət bəsləyən adamlardır” Hadisə

“Leyla Yunusu müdafiə edənlərin bəziləri vaxtilə ona mənfi münasibət bəsləyən adamlardır”

Əhməd Abbasbəyli: "Məhkəmənin hökmündə bu adamların cinayətkar olduqları qeyd olunub"

Azər Badamov: "Heç bir bəd niyyətli qüvvə ölkəmizin imicinə xələl gətirə bilməz"


"Leyla Yunusu müdafiə edənlərin bəziləri vaxtilə ona mənfi münasibət bəsləyən adamlardır". Bunu Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin rəhbəri Əhməd Abbasbəyli deyib: "Mən Arif Yunus, Leyla Yunus və adlarını çəkdiyiniz şəxslərə və digərlərinə ayrı-ayrı insanların, yaxud da beynəlxalq qurumların ifrat dərəcədə marağına təəccüblənirəm. Hesab edirəm ki, Leyla və Arif Yunusa qarşı bu prosesdə hər hansı ədalətsizlik, haqsızlıq olubsa, bu zaman Apelyasiya və Ali Məhkəməyə, nəhayət, Avropa Məhkəməsinə müraciət edə bilərlər. Amma indilikdə məhkəmə hökm çıxarıb, məhkəmənin hökmündə bu adamların cinayətkar olduqları qeyd olunub. Onların hər birinə cinayət məsuliyyətinə müvafiq olaraq cəza tətbiq olunub. Məhkəmənin hökmündən narazılığı isə artıq apelyasiya şikayəti vasitəsilə rəsmiləşdirmək olar. Bəzən hər iki şəxsə həm ölkə daxilində, həm də xaricdə bəraət qazandırmaq hallarına rast gəlirik... Haqsız olaraq ya kimisə ittiham etmək, ya da ona bəraət qazandırmaq çox yanlış mövqedir. Mən bunu cəmiyyətin fikrini azdırmaq kimi qiymətləndirirəm. Əgər sən bu işin içində deyilsənsə, ümumiyyətlə, kiminsə adını eşitmisənsə, onun haqqında heç bir məlumatın yoxdursa, cinayət işi, görülən işlərlə, ümumiyyətlə, aparılan istintaqla tanış deyilsənsə, sənin nə haqqın var ki, bunun haqqında ya mənfi, ya da müsbət fikir söyləyəsən?! Mən normal Azərbaycan vətəndaşı kimi istənilən məhkəmənin qərarına hörmətlə yanaşıram. Amma həmin məhkəmə istintaqının düzgün aparılıb-aparılmaması, ədalətli olub-olmaması ilə bağlı, sadəcə olaraq, qanuna görə yuxarı məhkəməyə şikayət etmək hüququ var. Mən məsələyə bu prizmadan yanaşıram. Almaniyada oturub Azərbaycanda gedən proseslərə müsbət rəy verməmək, nəyisə tənqid etmək çox asan bir işdir. Sən bu işin içində olmalı, həmin işlə yaxından tanış olmalısan. Sən öz mövqeyini deyə bilərsən. Tutaq ki, "mən istəməzdim ki, Leyla Yunus həbs olunsun". Amma sən deyə bilməzsən ki, "bu iş düzgün aparılmayıb". Çünki bu işi bilmək üçün onun içində olmaq lazımdır. Sən öz arzunu bildirə bilərsən. Yəni, deyə bilərsən ki, filankəsin məhkum olunmasını istəmirəm. Amma bu həmin şəxsin arzusudur, istəyidir. Amma elə bir hal ola bilməz ki, insanın dostu, yaxını, qardaşı cinayət etsin, o cinayət sübut olunsun və məhkum olunmasın. Bu, normal bir şeydir. Məsələyə bu cür yanaşmaq lazımdır. İstər mənfi, istərsə də müsbət tərəfdən qərəzli yanaşmaq düzgün deyil. Hesab edirəm ki, bu məsələ ilə ciddi şəkildə tanış olub sonra fikir yürütmək lazımdır. Leyla Yunusun hərəkətlərində, ümumiyyətlə, onun davranışlarında, özünü cəmiyyət içində aparmağında mənim xoşuma gəlməyən çox məsələlər var. Amma bunun cinayət işi ilə nə əlaqəsi ola bilər ki?! Yaxud da kimsə onunla dost ola bilər. Amma bunun bu prosesə, cinayət işinə dəxli ola bilməz".
O, bildirib ki, onun həbsi ətrafında ajiotaj öz hərəkətləri, davranışları ilə Leyla Yunus özü yaratmışdı: "Yəni, o bunu bacarmışdı. Bu gün Leyla Yunusu müdafiə edənlərin bəziləri var ki, vaxtilə Leyla Yunusa radikal müxalif olan, ona mənfi münasibət bəsləyən adamlar olub. Sadəcə, iqtidara olan mənfi münasibətini Leyla Yunusu müdafiə etməklə göstərir. Bu cür yanaşma da düzgün deyil. Əgər hüquqi dövlətdən danışırıqsa, əgər insanların, vətəndaşların hüquqlarının müdafiəsindən danışırıqsa, hər bir məsələyə fərqi olaraq yanaşmaq lazımdır. Demək olarmı ki, hər iki şəxsin ittiham olunduğu dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma, saxta sənədlərdən istifadə etmə kimi maddələr bütövlükdə QHT-lərin cəmiyyətdə nüfuzdan düşməsinə səbəb olur? Ola bilsin ki, mən mətbəxin söhbətini mətbuata çıxarıram, amma sizə deyim ki, bir çox QHT-lər ona görə narazıdırlar ki, bu proseslər hamımıza təsir elədi. Həm mənəvi cəhətdən, həm də digər formalarda çox təsir elədi. Yəni, biz həmişə şəffaflığın, ölkədə müsbət ideyaların, ən uğurlu təşəbbüslərin tərəfdarı kimi çıxış etmişik. Çalışmışıq ki, bu sahədə dövlətə, vətəndaşlara yardımçı olaq. Amma bu gün müxtəlif QHT rəhbərləri barədə bu maddələrlə cinayət işləri açılırsa, vətəndaş fikirləşəcək ki, deməli, bunların hamısı bu cürdür. Bu, mənəvi cəhətdən bizə təsir edir. Digər tərəfdən bu həm də bizim fəaliyyətimizə təsir edir. Bu hal dövlət orqanları, donorlarla problem yaradır. Düşünürəm ki, yaxın müddətdə yeni bir nəfəslə bu proseslər davam edəcək və hər şey müsbətə doğru dəyişəcək".
Millət vəkili Azər Badamov isə vurğulayıb ki, qanun alidir və hər kəs törətdiyi əməllərinə görə qanun qarşısında cavab verməlidir: "Oğurluğun, cinayət əməllərinin ömrü uzun olmur və zaman gələndə haqq - ədalət öz yerini tutur".
Onun dediyinə görə, oğurluq deyəndə vətəndaşların haqq səslərinin oğurluğu, vətənə qarşı siyasi oğurluq, maddi oğurluq və sair kimi başa düşmək olar. O, deyib ki, özlərini hüquq müdafiəçiləri adlandıran Yunusların törətdiyi oğurluq da bu qəbildəndir və xalqa, vətənə qarşı cinayət əməllərinə görə cəza hökmünü avqustun 13-dəki məhkəmədə səsləndirməklə Azərbaycanda qanunun aliliyi bir daha ortaya qoyuldu:
"Allah insanı yaradanda vətəninə, xalqına və torpağına sevgi ilə yaradır. Amma, damarlarında Vətən qanı olmayan vətəndaşlarda bu sevgi heç vaxt ola bilməz. Çünki onların Vətənlə heç bir bağlılığı yoxdur. Yunuslar da bu qəbildəndir. Onlar hüquq müdafiəçisi maskasını taxaraq ancaq mənsub olduğu ölkəni satmaqla, nəyin bahasına olursa-olsun pul qazanmaq və var-dövlətini artırmaq hərisliyilə yaşayırlar". A.Badamov hesab edir ki, özlərini azərbaycanlı adlandıraraq daima Azərbaycanı satmaqla məşğul olan Yunusların birbaşa ermənilərə xidmət etdiyi onların hər bir əməlindən məlum idi: "Hüquq müdafiəçi olduğunu iddia etməklə Yunuslar heç bircə dəfə də hüquqları pozulmuş qaçqın və köçkülərimizdən bir kəlmə olsun dillərinə gətirməyiblər. Öz vətənlərində doğmalarının məzarlarını ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəhşicəsinə pozulmuş hüquqları barəsində bir kəlmə də danışmayıblar. Onların məqsədi bir olub, erməni lobbisinin və Azərbaycanın inkişafını görmək istəməyən qüvvələrin maraqlarını beynəlxalq təşkilatlarda həyata keçirmək.
Mal-mülk hərisliyi ilə yaşayan Yunuslar gizli şəkildə xaricdən aldığı qrantları ermənilərin sifarişlərinin həyata keçirilməsinə xərcləyərək dövlət büdcəsinə ödənilməli vergiləri də oğruluq etmiş və nə yaxşı ki, onların çirkin əməllərinə qiymət verən Azərbaycanda ədalət məhkəməsi var. Yunuslar və Yunuskimilər birmənalı olaraq bilməlidirlər ki, Azərbaycan güclü, müstəqil ölkədir. Heç bir bəd niyyətli qüvvə ölkəmizin imicinə xələl gətirə bilməz. Əgər belə cəhdlər yenə olarsa, onlar dərhal müəyyənləşəcək və qanun qarşısında layiqli cəzanı alacaqlar".