
“Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr edilmiş toplantıdakı nitqi böyük əhəmiyyət daşıyır. Bu nitqdə Akademiyamızın keçdiyi yol təhlil edilir, müasir şəraitin nədən ibarət olduğu diqqətə çatdırılır və yeni şəraitdə elmimizin qarşısında dayanan ən vacib vəzifələr müəyyənləşdirilir. Akademiya 80 ildə böyük bir yol keçib. Cənab Prezidentimizin söylədiyi kimi, hansı sistemdə mövcud olmasından aslı olmayaraq Azərbaycan elminə diqqət göstərilib. Həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev Azərbaycan elminə, Akademiyaya lazımi qiymət veriblər”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı söyləyib.
M.Qasımlı bildirib ki, digər bir məsələ müasir şəraitin təhlili idi: “Cənab Prezident nitqində müasir dövrdə dünyada baş verən bütün prosesləri prinsipial olaraq təhlil etdi və ondan çıxış edərək elmimizin qarşısında dayanan vəzifələri konkret olaraq müəyyənləşdirdi. Hər şeydən əvvəl, ölkəmizdə yeni texnologiyaların tətbiqini, süni intellektə ayrılan diqqəti, tükənən neft kapitalının tükənməyən insan kapitalına çevrilməsini, informasiya təhlükəsizliyini önə çıxardı. Bildirdi ki, informasiya təhlükəsizliyi sadəcə virtual məkanda, informasiya məkanında təhlükəsizlik deyil, bu, eyni zamanda, hər hansı bir ölkənin, dövlətin fiziki mövcudluğu məsələsidir. Ona görə də kibertəhlükəsizlik mərkəzinin yaradılmasının nə qədər böyük əhəmiyyət daşıdığı cəmiyyətimizə bildirildi”.
Deputatın sözlərinə görə, Prezidentin nitqində vurğulanan ən vacib məsələlərdən biri elmin nailiyyətlərinin istehsalata tətbiq olunması, müdafiə sənayesinə xüsusi diqqətin yetirilməsi, dövlət orqanlarının alimlərlə birgə işləməsinin zəruriliyi idi: “İndi dünyada elə bir şərait yaranıb ki, həmin sahəyə xüsusi diqqət yetirilməsində fayda var. Milləti ayaqda saxlayan onun tarixi və dilidir. Nitqində cənab Prezidentimiz tariximizin tədqiqini, təbliğini önə çəkdi və eyni zamanda, bizə qarşı xaricdəki erməni diasporu və Ermənistanda olanlar tərəfindən aparılan uydurma təbliğata cavab verilməsinin vacibliyini bildirdi. Xüsusi vurğuladı ki, bu məsələdə çarizm dövründə olan xəritələrdəki toponimlər böyük mənbədir, bu, ərazinin mənsubiyyəti məsələsini, etnomədəni kimliyini təsdiq edir. Bununla cənab Prezidentimiz toponimika sahəsində məşğul olan alimlərin, tarixçilərin, coğrafiyaçıların və digərlərinin qarşısında mühüm vəzifələr qoydu”.
O əlavə edib ki, məsələnin digər çox zəruri tərəfi cənab Prezidentimizin nitqində milli dövlətçilik tariximizin yazılmasıdır: “Müstəqillik tarixinin dərindən yazılması, onun müxtəlif tərəflərinin araşdırılması vətəndaşlarda milli dövlətçilik hislərinin artırılmasında müstəsna rol oynayır və cənab Prezidentimiz bu məsələni önə çəkdi. Nitqdə Azərbaycan dili ilə bağlı məsələnin irəli sürülməsi, dilimizin saflığının qorunması ən ümdə məsələ kimi diqqətə çatdırıldı. Bizi bir millət olaraq ayaqda saxlayan əgər bir tərəfdə milli tariximizdirsə, o biri tərəfdə Ana dilimizdir, dövlətimizin dilidir və bu dilin qorunması çox vacibdir. Dili zibilləmək olmaz, zaman-zaman dilin lüğət tərkibi daim zənginləşər. Ona görə də cənab Prezidentimiz bu nitqində dilçi alimlər qarşısında da çox prinsipial məsələlərin həllini qoydu. Hesab edirəm ki, Akademiyanın 80 illik yubiley toplantısında cənab Prezident İlham Əliyevin nitqi Azərbaycan elmininin inkişafında, ən vacib məsələlərin həllində yeni səhifə açır”.
Röya İsrafilova