Jurnalistin əməliyyatı dövlət hesabına həyata keçiriləcək Hadisə

Jurnalistin əməliyyatı dövlət hesabına həyata keçiriləcək

Nizami Eyvazovun donoru artıq məlumdur və yaxın qohumundan orqanın köçürülməsi nəzərdə tutulur

Azərbaycanda "İnterAz" telekanalının əməkdaşı Nizami Eyvazovun müalicəsi və əməliyyatı dövlət hesabına həyata keçiriləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev göstəriş verib.
Onun sözlərinə görə, bundan sonra Nizami Eyvazovun bütün müalicə və əməliyyat xərcləri Mərkəzi Neftçilər Xəstəxanasında dövlət hesabına ödəniləcək: "Hazırda Nizami Eyvazov Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb və əməliyyata hazırlıq tədbirləri başlayıb. Əməliyyat üçün özünün və donorun hazırlığı prosesi gedir. Xəstə yaxın zamanlarda əməliyyat olunacaq. Xəstənin vəziyyəti ilə nazirliyin müvafiq şöbəsi və mən mütəmadi olaraq maraqlanırıq, yanında mütəxəssislər var. Nizami Eyvazovun donoru artıq məlumdur və yaxın qohumundan orqanın köçürülməsi nəzərdə tutulur".
A.Qədirli qeyd edib ki, Nizami Eyvazovun müalicəsi və əməliyyatı ilə bağlı jurnalistlər millət vəkili Qənirə Paşayeva müraciət ediblər: "Qənirə Paşayeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciət etdikdən sonra nazir buna dəstək verərək, jurnalistin müalicə və əməliyyatının dövlət hesabına pulsuz həyata keçirilməsi ilə bağlı tapşırıq verib".
Qeyd edək ki, "Hepatit-B" virusuna yoluxan Nizami Eyvazov qaraciyər serrozundan əziyyət çəkir. Həkimlər onun əməliyyat olunarsa, tam sağala biləcəyini deyiblər.