“Yeni əməkdaşlıq arxitekturası regionumuzda sülh və sabitlik üçün mühüm perspektivlər yaradır” Siyasət

“Yeni əməkdaşlıq arxitekturası regionumuzda sülh və sabitlik üçün mühüm perspektivlər yaradır”

“ABŞ, Ermənistan və Azərbaycan arasında Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı yayılan Birgə Bəyanat 8 avqust 2025-ci ildə əldə olunmuş sülhün əhəmiyyətini daha da artırır və sənədlərin imzalanmasından ötən bir il ərzində nəyə nail olduğumuzun aydın təsvirini verir. Düzdür, 30 il münaqişə və düşmənçilik şəraitində yaşamış iki ölkə üçün münasibətləri bir gündə normallaşdırmaq heç də asan məsələ deyil. Amma ABŞ-nin bu prosesə şahidlik etməsi, son bir ildə Azərbaycan və Ermənistan arasında balanslı münasibətlərin qurulmasına və sülhün möhkəmləndirilməsinə verdiyi töhfələr Vaşinqtonda imzalanmış sənədlərin əhəmiyyətini daha da artırıb”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

A.Badamov qeyd edib ki, Vaşinqtonda imzalanmış sənədlərin birinci ildönümü münasibətilə yayılan Birgə Bəyanatda ölkələrin birlikdə əldə etdiyi nailiyyətlərdən dərin qürur hissi keçirildiyi və onilliklər boyu davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqazı daha firavan gələcəyə doğru aparan bu təməl üzərində irəliləmək əzmində olduqları bildirilir: “Həqiqətən də, bu gün müharibə və münaqişələrin davam etdiyi, gərgin geosiyasi mühitin hökm sürdüyü dünyamızda Azərbaycanla Ermənistan arasında paraflanmış sənədlərin regionumuzda yaratdığı sülh reallıqları kimi ikinci bir nümunə göstərmək çətindir. Onilliklər ərzində müharibə vəziyyətində olmuş və bir-birinə düşmən münasibət bəsləmiş iki ölkə son bir ildə qarşılıqlı münasibətlərin qurulması istiqamətində addımlarını genişləndirir. Azərbaycan və Ermənistan əldə olunmuş sülh razılaşmasını yüksək dəyərləndirərək sülhün daha da möhkəmləndirilməsi istiqamətində addımlarını davam etdirməkdə qərarlıdırlar. Təbii ki, bu istiqamətdə Donald Trampın rolunu xüsusilə vurğulamaq lazımdır. Uzun illər ərzində həll olunmayan və davamlı münaqişəyə çevrilmiş bir problemin sülh yolu ilə həllinə verdiyi töhfələrə görə onun Nobel Sülh Mükafatına layiq görülməsi məsələsi də xüsusi diqqətə layiqdir”.

Deputatın sözlərinə görə, ABŞ-də Donald Trampın şahidliyi ilə imzalanmış sənədlər ölkələrimiz arasında münasibətlərin normallaşdırılması istiqamətində konkret yol xəritəsini müəyyən edib: “Ötən bir il ərzində tərəflər davamlı uğurların təmin edilməsi üçün zəruri təməl işləri həyata keçiriblər. Ötən bir ildə Ermənistan və Azərbaycan Ermənistan-Azərbaycan sərhədi boyunca sabitliyi qoruyub saxlayıb. Hər iki tərəf münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və davamlı sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirməklə etimadın gücləndirilməsi istiqamətində konkret addımlar atır. ABŞ, Azərbaycan və Ermənistanla Strateji Tərəfdaşlıq haqqında xartiyaları imzalayaraq ölkələrimizlə əməkdaşlığın dərinləşdirilməsi üçün əsas istiqamətləri müəyyən edib. Bu sənədlərlə enerji təhlükəsizliyi, sərhəd infrastrukturu və təhlükəsizliyi, süni intellekt və yarımkeçiricilər sahəsində innovasiyalar, eləcə də mühüm mineral ehtiyatlar üzrə anlaşma memorandumlarının imzalanması və əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur”.

O həmçinin bildirib ki, ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada Trans-Xəzər Ticarət Marşrutuna — Orta Dəhlizə — özəl sektor investisiyalarının cəlb edilməsinə dəstək göstərmək məqsədilə Trans-Xəzər Sahibkarlıq Fonduna 201 milyon ABŞ dolları məbləğində vəsait ayırıb: “TRIPP İnkişaf Şirkəti yaradılıb, Ermənistanda mühəndis-tədqiqat işlərinin həyata keçirilməsinə artıq başlanılıb. Azərbaycan isə öz ərazisində Ermənistandakı TRIPP layihəsinə birləşəcək avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb. Üç ölkə, həmçinin TRIPP marşrutu boyunca elektrik enerjisinin ötürülməsi xəttinin inşasını dəstəklədiyini bəyan edib. Azərbaycanla Ermənistan arasında uzun illərdən sonra iki ölkənin telekommunikasiya operatorları arasında internet sazişi imzalanıb və ticarət əlaqələrinin formalaşdırılması istiqamətində konkret addımlar atılır. Azərbaycan bu prosesə daha dərin töhfələr verərək Ermənistanın tranzit yüklərinə tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırıb, 60 min ton tranzit yükün keçirilməsinə imkan yaradıb, həmçinin 20 min ton neft məhsulunun ixracını həyata keçirib”.

A.Badamov əlavə edib ki, ATƏT-in Minsk qrupu və onunla bağlı yaradılmış bütün təsisatların ləğvi də tərəfləri yekun sülhə daha da yaxınlaşdıran mühüm addımlardan biri olub: “Birgə Bəyanatla ABŞ, Ermənistan və Azərbaycan Ermənistanın və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına sarsılmaz dəstəklərini bir daha təsdiq edərək, 8 Avqust Birgə Bəyanatının mətninə və ruhuna uyğun olaraq onun tam şəkildə həyata keçirilməsinə, habelə regionun fövqəladə iqtisadi potensialının üzə çıxarılmasına sadiq qaldıqlarını bildiriblər. Bundan əlavə, ABŞ Ermənistan və Azərbaycanla imzalanmış ikitərəfli xartiyaların və anlaşma memorandumlarının tam şəkildə həyata keçirilməsinə, eləcə də hər iki ölkə ilə ikitərəfli münasibətlərinin gücləndirilməsinə sadiq olduğunu nümayiş etdirir. 8 avqustda imzalanmış sənədlər Cənubi Qafqazda, eləcə də ABŞ-nin Azərbaycan və Ermənistanla münasibətlərində yeni məzmun yaradaraq regiondakı münasibətlər sisteminin yeni arxitekturasını müəyyən edib. Bəli, bu gün həmin yeni arxitektura üzərində formalaşmağa başlayan münasibətlər və əməkdaşlıq regionumuza davamlı sülh, sabitlik və firavanlıq gətirə biləcək mühüm perspektivlər yaradır”.

Röya İsrafilova