“Bütün bunlar Avropa ölkələrini müdafiə “çətir”ini gücləndirməyə vadar edir” Dünya

“Bütün bunlar Avropa ölkələrini müdafiə “çətir”ini gücləndirməyə vadar edir”

“Rusiya təhlükəsinin davam etməsi Avropa İttifaqı dövlətlərini müdafiə tədbirlərini gücləndirməyə vadar edib. Bu, özünü Avropa dövlətlərinin sənaye potensialını döyüş vasitələrinin istehsalına yönəltməsində və dövlət büdcəsində müdafiə xərclərinin artmasında göstərir. Rusiyaya məxsus dronların və ballistik raketlərin Polşa, Rumıniya ərazisinə zərbə endirilməsi Ukraynadakı müharibənin Şərqi Avropaya genişlənmək təhlükəsini artırır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla söyləyib.

O qeyd edib ki, son vaxtlar Moskvanın və Rusiyanın neft emalı müəssisələrinin Latviya ərazisindən vurulmasına dair informasiyaların dövriyəyə buraxılması, Baltikyanı ölkələrin infrastrukturuna Ukrayna pilotsuz uçuş aparatları ilə hücum ediləcəyi barədə Litvanın müdafiə naziri Robertas Kaunasın açıqlaması, hətta qonşu Moldovaya Rusiyaya məxsus PUA-nın düşməsi münaqişənin coğrafiyasının böyüməsindən xəbər verir: “Lakin Baltikyanı ölkələrin Ukrayna tərəfindən vurulması təbii ki, inandırıcı deyil. Həmin dronların Rusiya tərəfindən buraxıla bilməsi ehtimalının yüksək olduğunu Litvanın müdafiə naziri özü də təsdiq edib. Yəni Rusiya bölgədə hərbi təxribat törətməklə yanaşı, siyasi çaşqınlıq və xaos yaratmaq istəyir”.

M.Abdulla qeyd edib ki, bütün bunlar Avropa ölkələrini müdafiə “çətir”ini gücləndirməyə vadar edir: “Hazırda Avropanın hava məkanında təhlükəsizliyin tam təmin edilməsi yeni strateji məqsəd kimi qarşıya çıxıb. Əgər 2022-ci ildən ötən dörd ildə Avropa ölkələri daha çox Ukraynanın hava məkanının müdafiəsi haqqında düşünürdülərsə, indi hərbi potensiallarını özlərinə yönəltməyə məcbur olublar. NATO üzvü olan Avropa dövlətləri Ukraynanı “Patriot” raketdən müdafiə sistemi ilə təmin etməkdə çətinlik çəkirlər. Moskvanın istədiyi də elə budur. ABŞ Prezidenti Donald Tramp “Patriot” sistemlərinin istehsalı texnologiyasının Ukraynaya verəcəyinə dair NATO-nun Türkiyədə keçirilən sammitində vədinə əməl etmədi. Üstəlik, ABŞ-nin İranla müharibədə raket ehtiyatlarının azalması Ukrayna üçün əlavə problem yaradıb”.

Onun sözlərinə görə, Almaniyanın briqada generalı Yurgen Şrödl ölkəsinin daha çox öz müdafiəsini təmin etməyə üstünlük verməli olduğunu deyib: “Almaniya ilə yanaşı, İsveç və Polşa da özünün hava məkanını qorumağı daha vacib hesab edir. Ukrayna ümidini İspaniya və Yunanıstandan “PAC-2” və “PAC-3” Hava hücumundan müdafiə sistemlərinə bağlayıb. Son günlər Rusiyanın Ukrayna ərazisinə raket zərbələri endirməsi fonunda rəsmi Kiyev hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı Qərblə danışıqları fəallaşdırmalı olacaq. Onu da qeyd edim ki, logistika şəbəkəsi, istehsal müəssisələri və neft-yanacaq kompleksi, hərbi anbarları Ukrayna tərəfindən hər gün vurularaq sıradan çıxarılan Rusiyanın Avropaya qarşı ikinci cəbhə açmaq imkanları tükənir. Avqustun 10-da Krımda Rusiyanın “S-400” sistemlərinin vurulması göstərdi ki, Moskva özü perspektivdə HHM təminatında ciddi çatışmazlıqlarla üzləşə bilər. Artıq Rusiyanın Şimali Koreyadan qanadlı raketlər və HHM sistemləri alması buna sübutdur”.

Röya İsrafilova