Sosial şəbəkələr sosial məsuliyyətsizlik yaratmamalıdır Hadisə

Sosial şəbəkələr sosial məsuliyyətsizlik yaratmamalıdır

Mansur Piriyev

Hazırda dünyanın əksər ölkələrində olduğu kimi ölkəmizdə də insanların böyük əksəriyyəti informasiya ehtiyaclarını ictimai rəyə güclü təsir imkanları olan sosial şəbəkə və platformaları vasitə ilə ödəyir. Eyni zamanda sosial şəbəkə kanallarının kütlə əhatəsi digər alternativ sayıla biləcək vasitələrdən dəfələrlə böyükdür.
Sosial şəbəkə istifadəçilərinin sayının sürətlə artmasına şərait yaradan əsas amillərdən biri də texnoloji inkişav və buna uyğunlaşan müasir yaşam tərzidir. Günümüzdə dünya əhalisinin 68%-i , yəni 5.2 milyardı mobil telefon istifadəçisidir ki, onlardan da 83%-i, yəni təxminən 4.3 milyardı "ağıllı telefon"dan istifadə edir. Ağıllı telefon istifadəçilərinin sayı artdıqca internet ve sosyal şəbəkə istifadəcilərinin də sayı sürətlə artmaqdadır. Bu isə dəyişən, inkişaf edən dünyamızda yeni sosial münasibətlər sisteminin yaranmasına gətirib çıxarır. Sosial şəbəkələrin formalaşdırdığı yeni ictimai münasibətlər sferasının ənənəvi sistemdən əsas fərqi isə onun dünyadakı mövcud qanunvericilik və hüquqi bazaya fərqli istiqamətdə mövcudluğu ilə bağlıdır. Yəni mövcud hüquqi sistem min illərdən bəri formalaşmış, hər kəsin tanıdığı və iştirak etdiyi, ənənəvi münasibətlər sistemi üzərində qurulub və indi isə qısa zamanda formalaşan "yeni virtual münasibətlər sistemi" hər kəsi sürətlə içərisinə doğru çəkməkdədir.
Təsadüfi deyil ki, hüquq anlayışına tərif verərkən onun əsas mahiyyətini ictimai münasibətlərin tənzimlənməsi kimi xarakterizə edirik. Ona görə də İnkişaf edən insan şürunun və ona adekvat olan yeni fəaliyyət sahələrinin, o cümlədən də virtual fəaliyyət sahəsinin-"sosial şəbəkə münasibətləri"nin də bu asbektən hüquqi tənzimlənməsi, yeni normativlərin yaradılması zərurəti meydana çıxır.
Azərbaycanda müasir rabitə və internet infrastrukturunun qurulması, hər kəsin bu sahədə sərbəst fəaliyyəti üçün şərait yaradılması, mövcud seqmentdə fikir plüralizminin təmin olunması ölkəmizdə sosial şəbəkələrin inkişafına və istifadəçilərin sayının çoxalmasına şərait yaratmaqdadır. Təkcə facebook sosial şəbəkəsində azərbaycanlı istifadəçilərin sayı 2 milyon nəfərə yaxındır və bunun yarısından çoxu aktiv istifadəçidir ki, onların da əksəriyyətini ökənin sosial-ictimai həyatının əsasını əhatə edən gənc və orta nəslin nümayəndələri təşkil edir. Bu auditoriya demək olar ki, ənənəvi informasiya kanalları ilə o qədər də maraqlanmır, laızımi məlumatları sosial şəbəkələr üzərindən təqib edir. Eyni zamanda sosial şəbəkələrin fərdi mülahizələri qısa zaman ərzində ictimai müzakirə obyektinə çevirməsi və beləliklə fərdi şüurun ictimai şüra təsiri imkanlarının müstəsna rolu danılmazdır. Bunu nəzərə alan bəzi media qurumları və ya informasiya bazarı iştirakçıları gündən-günə bu platformada imkanlarını genişləndirməyə, sosial şəbəkələrin imkanlarından maksimum istifadə etməyə çalışırlar. Hətta saytlarda dərc olunan xəbərlər sosial şəbəkələr vasitəsi ilə daha çox auditoriyaya çatdırılır və reytinqi artırmaq üçün sosial şəbəkələrdə təkrar-təkrar paylaşımlar edilir. Təbii ki, bu müasir media mühitində başadüşülən və adi hal kimi qəbul oluna bilər. Ancaq məsələnin digər tərəfi də ondan ibarətdir ki, adətən yalan, təhrif olunmuş və ya qərəzli məlumatlar böyük kütləni əhatə etsin və tez yayılsın deyə məhz sosial şəbəkələr vasitəsi ilə yayılır. Bəzən də məqsədyönlü şəkildə saxta profillərdə paylaşılmış məlumatların xəbər saytlarında manşet olduğunu görürük. Görünür sosial şəbəkələrdə "sərhədsiz azadlıq" imkanları bir sıra saytlara cazibədar görünür yaxud onlara məsuliyyəti dağıtmaq imkanı yaradır. Ancaq hesab edirəm ki, özünü peşəkar media orqanı hesab edən xəbər saytlarının, informasiya portallarının artıq sosial şəbəkələrlə aralarına məsafə qoymalarının və ya bu qarşılıqlı münasibətə ad qoymalarının vaxtı çoxdan çatıb.
Sosial şəbəkələr həm də cəmiyyətimiz üçün taleyüklü məqamlarda ictimai fəal vətəndaşların, ziyalıların milli maraqları müdafiyə etməsi, dövlətçilik əleyhinə yönəlmiş ünsürlərə qarşı fəal mübarizə meydanı və bunun üçün ictimai qınağın təşkil edilməsi imkanlarına malikdir. Bu imkanlardan istifadə edən hər bir azərbaycanlı istifadəçinin Qarabag həqiqətləri və xalqımıza qarşı törədilmiş erməni vandalizmini obyektiv şəkildə təbliğ edə və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq imkanları var.
Sosial şəbəkələrə tərif versək, onu istifadəçilərin hər kəsə və ya xüsusi quruplara açıq olan şəxsi səhifələr yaradaraq digər istifadəçiləri öz profillərinə dəvət etdikləri, müxtəlif qruplar yaratdıqları, fərqli paylaşımlar etdikləri və aralarında şəxsi və ya ümumi yazışmalar həyata keçirdikləri rəqəmsal mühit kimi xarakterizə edə bilərik.
Sosal şəbəkələrə istifadəçi kimi qatılmaq bir qayda olaraq hər kəsə açıq və ödənişsizdir. Bu mühitdə istifadəçilərin əsas məqsədi sosial paylaşım və ya əlaqə, münasibət yaratmaq olsa da paylaşılanların forma və məzmunu hər bir sosial şəbəkə səhifəsi tərəfindən fərqli təqdim olunmaqla yanaşı həm də məlumatların gizliliyi, təhlükəsizliyi və əlçatanlığı həmin səhifələr tərəfindən fərqli qaydada həyata keçirilir. Təcrübə göstərir ki, əksər hallarda bu məsələ istifadəçilərin diqqətindən kənarda qalır və şəxsi məlumatlar "böyük həvəslə" sosial şəbəkələrin istifadəçi haqqında məlumat bölməəsində yerləşdirilir ki, bu da sonradan istifadəçi üçün ciddi problər yarada bilər. Məsələn bu yaxınlarda ən populyar sosial şəbəkə sayılan Facebook səhifəsi 50 mln. istifadəçisinin şəxsi məlumatlarını biznes maraqları üçün satdığını qəbul etmək məcburiyyətində qaldı və nəzərə almaq lazımdır ki, bu sadəcə baş verənlərdən yalnız məlum olanıdır.
Sosial şəbəkələrin ödənişsiz olması hər kəsə açıq və hər kəs tərəfindən əlçatan olması və istifadə zamanı xüsusi savada, bacarığa ehtiyacın olmaması öz növbəsində bir sıra etik problemləri də meydana çıxarmaqdadır. Loru dillə desək "ağzı olanın danışdığı" bu məkanda bəzən istifadəçi öz paylaşdığı məlumatn zəncirvari formada yayılacağını əvəlcədən kəsdirə, müəyyən edə bilmir. Bu isə sonradan insan hüquqları ilə bağlı bir çox problemlərin meydana çıxarmasına gətirib çıxarır. Məsələnin digər tərəfi isə, şəxsi həyatla bağlı olan və geniş kütlə üçün nəzərdə tutulmayan məlumatların gözlənilmədən kütləvi şəkildə yayılması, bu şəbəkədən istifadə edən lokal auditoriyanın, qrupun yaxud hər hansı bir cəmiyyətin informasiya və ya mədəni təlabatının göstəricisi hesab etmək olar. Sosial şəbəkələrdə insanların şərəf və ləyaqəti, şəxsi həyatları ilə bağlı olan məlumatların yayılması real həyatda da sosial münanasibətlər mühitinin korlanmasına mənəvi dəyərlərə qarşı yönəlməklə yanaşı bəzən hüquqi məsuliyyət, hətta cinayət məsuliyyəti də yaradır.
İnsan hüquqlarının qorunması baxımından bu istiqamətdə mövcud olan qanunvericilik, hüquq mühafizə orqanlarının, eyni zamanda internet xidməti göstərən və ya buna nəzarəti həyata keçirən qurumlarla yanaşı əsas məsuliyyətin və cavabdehliyin istifadəçinin öz üzərində olduğu birmənalı şəkildə qəbul olunmalıdır. Hər bir sosial şəbəkə istifadəçisi sosial şəbəkəyə qoşulmazdan əvvəl bu məsuliyyəti qəbul etməli və paylaşımlar edərkən sosial məsuliyyətini dərk etməli və qanunvericiliyə uyğun olaraq cavabdehlik daşıdığını nəzərə almalıdır.
Unutmaq olmaz ki, sosial şəbəkələrdə yaratdığımız virtual mühit real həyatda yaratdığımız ictimai münasibətlərin, ictimai mühitin virtual əksidir və burada böyüməkdə olan gələcək nəsilin nümayəndələri də iştirak edir. Ən azı bu prizmadan yanaşaraq sosial şəbəkələrdəki məsuliyyətimizi yenidən nəzərdən keçirməli, virtual aləmdə özümüzə çəki-düzən verməliyik.