“Bəzi QHT-lərin xarici donorlardan aldığı maliyyənin mənbəyi bəlli olmur” Hadisə

“Bəzi QHT-lərin xarici donorlardan aldığı maliyyənin mənbəyi bəlli olmur”

Fərasət Qurbanov: "Qanunvericilik dəyişiklikərinin başlıca məqsədi yerli qeyri-hökumət təşkilatlarını düşə biləcəkləri arzuedilməz vəziyyətdən qorumaqdır"

Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunvericilyə edilmiş dəyişikliklərin bu qurumların xeyrinə olacağı bildirilir.
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Qrant haqqında" qanunlara edilən əlavə və dəyişikliklərin ictimai qurumların fəaliyyətini məhdudlaşdırdığına dair iddialar əsassız hesab olunur.
Bu məsələni gün.az-a şərh edən QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, əslində, haqqında danışılan əlavə və dəyişikliklərin başlıca məqsədi yerli qeyri-hökumət təşkilatlarını düşə biləcəkləri arzuedilməz vəziyyətdən qorumaqdır: "Xarici fondlardan qrant alan bəzi QHT-lər heç də narahat olmamalıdırlar – onlar həmin qrantları yenə də ala biləcəklər. Amma o donorların bizim ölkəmizdə qeydiyyatı olmalıdır və müvafiq dövlət qurumu ilə əməkdaşlıq haqqında sazişi olmalıdır. Hüquqi şəxs qismində olan xarici donor, onun ayırdığı qrant qeydə alındıqdan sonra o təşkilatın işləməsinə şərait yaradılır və QHT-lər də bu imkandan istifadə edə biləcəklər.
Qanun yerli QHT-lərə xarici donorlardan qrant almağı qadağan etmir, eyni zamanda, xarici fondların da ölkəmizdə fəaliyyətinə heç bir məhdudiyyət yaratmır.
Sadəcə, burada niyyət xoş olmalı və əvvəlcədən elan edilməlidir. Daha sonra müvafiq qaydada dövlət qurumunda qeydiyyatndan keçməlidir və ardınca isə həmin xarici donor təmsil etdiyi sahəyə uyğun olaraq QHT-lərə və digər vətəndaş cəmiyyəti təşkilatlarına qrant verə bilər.
Ancaq çox təəssüf ki, bəzən ölkəmizdə qeydiyyatdan keçməyən, Azərbaycana heç bir bağlılığı olmayan, ölkəmizlə bu və ya başqa bir formada əməkdaşlıq etməyən xarici donorlardan bizim müəyyən QHT-lərimiz maliyyə alırlar və həmin maliyyənin də mənbəyi bəlli olmur.
Bilirsiniz ki, donorların büdcəsi ilk növbədə, belə deyək, xeyriyyəçi insanların şəxsi vəsaiti, ayrı-ayrı çevrələrin məqsədli siyasətinin həyata keçirilməsi üçün ayırdıqları vəsait, o cümlədən bəzi missioner təşkilatlarınverdiyi maliyyə hesabına formalaşır.
Bizim qeyri-hökumət təşkilatlarımız əmindirlərmi ki, onların həyata keçirdikləri layihələrin icrasına sərf olunan vəsaitlər təmizdir, heç Azərbaycana yönəlik hər hansı neqativ niyyətlə əlaqəsi yoxdur? Buna əmin olmaq çox böyük məsuliyyətdir, riskdir.
Dövlət bu qanunlara dəyişiklik etməklə, ilk növbədə QHT-ləri özləri də bilmədən düşə biləcəkləri pis vəziyyətdən qoruyur. Xatırlatmaq artıqdır, Azərbaycan müharibə şəraitindədir, ölkəmizin ərazi bütövlüyünə qəsd olunub, bizə düşmən münasibətdə olan Ermənistan ölkəmizin ictima-siyasi həyatına istiqamətlənmiş ideoloji təxribatlar həyata keçirməyə çalışır, bu işdə özünün havadarlarından da istifadə edir, şübhəli maliyyə mənbələrindən Azərbaycana qrant daxil olmasına cəhd göstərirlər. Bu qrantlar da əsasən, ictimai-siyasi sabitliyi pozmaq, ölkənin sağlam insan resurslarına təsir göstərmək kimi məsələləri qarşısına məqsəd qoyub.
Belə olan halda bizim QHT-ləri də qeyd etdiyim neqativ hallardan qorumaq olduqca vacib məsələdir və bu istiqamətdə addımlar atılır".