

“Çin və ABŞ arasında dialoqun genişlənməsi bütün dünya üçün xeyirlidir. Çünki bu gün həm Çin, həm də ABŞ geniş imkanlara sahib olan iki ölkədir. Onların həm ciddi hərbi qüvvəsi, həm böyük iqtisadiyyatları, həm də dünya üzərində nüfuzu var. Xüsusilə ABŞ bir çox regionlarda, Çin isə Uzaq Şərqdə böyük siyasi nüfuza malikdir”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Kazım Kazımov söyləyib.
K.Kazımov diqqətə çatdırıb ki, bu iki ölkə arasında dialoq qapıları bağlandıqda soyuq müharibə ehtimalları artır: “Yəni dünya ikinci bir soyuq müharibəyə heç hazır deyil. Biz Sovet ittifaqının və ABŞ-nin soyuq müharibəsi dövründə dünyanın necə müharibələrlə qarşılaşdığını və ümumiyyətlə, dünyada bölünmüşlüyün olduğunu gördük. Çin və ABŞ arasında müəyyən rəqabət var. Bu rəqabət bəzən hətta ticarət müharibəsi olaraq adlandırılır və zaman-zaman vəziyyət gərginləşir. Lakin qarşılıqlı dialoq addımlarının atılması, rəqabətin daha sağlam yollarla aparılması bütün dünya üçün faydalıdır. Bu rəqabətin belə davam etməsi üçün əlbəttə ki, Trampın Si Cinpinin qarşılıqlı səfərləri çox vacibdir. Çünki iki ölkənin anlaşmadığı məsələlər var. Birincisi, ticarət tarifləri məsələsi var ki, iki ölkə anlaşa bilmir. Digər tərəfdən Tayvan məsələsi, bilirik ki, həll edilə bilməyən böyük problemdir”.
Politoloq əlavə edib ki, o cümlədən Rusiya-Ukrayna müharibəsində iki ölkənin mövqeləri fərqlidir: “Şimali Koreya, Cənubi Koreya məsələsində də iki ölkənin baxışları fərqlidir. Təbii ki, bunları dialoq yolu ilə həll etmək daha asandır. Yeni soyuq müharibə ehtimallarından danışmaq isə həqiqətən də təhlükədən xəbər verə bilər. Çünki soyuq müharibə olarsa, bu, daha kəskin, daha güclü bir soyuq müharibəyə çevrilə bilər. Onu qeyd edim ki, o zaman Sovet ittifaqı bir çox yönü ilə ABŞ-dən ciddi şəkildə geri qalırdısa, Çinin ABŞ-dən çox da geri qaldığı məsələlər yoxdur. Biz iqtisadi və digər kontekstlərdə, o cümlədən hərbi kontekstdə də bunu deyə bilərik. Onun üçün də daha sərt soyuq müharibədənsə, geniş dialoq iki ölkə üçün də daha yaxşıdır”.
Röya İsrafilova