“Bu əməliyyat təkcə hərbi uğur deyil, həm də siyasi baxımdan böyük qələbə idi” Gündəm

“Bu əməliyyat təkcə hərbi uğur deyil, həm də siyasi baxımdan böyük qələbə idi”

“2023-cü ilin 19–20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatı ölkəmizin müasir tarixində mühüm mərhələ oldu. Cəmi 23 saat ərzində davam edən əməliyyat separatçı qüvvələrin müqavimətini tam qırdı, onların mövqeləri və hərbi texnikası zərərsizləşdirildi. Ermənistan silahlı dəstələri təslim olmağa məcbur oldu, qondarma rejim ləğv edildi”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.

Z.Qarayeva vurğulayıb ki, bu əməliyyat təkcə hərbi uğur deyil, həm də siyasi baxımdan böyük qələbə idi: “Azərbaycan öz suverenliyini tam bərpa etdi, üçrəngli bayrağımız Xankəndi, Xocalı, Ağdərə və digər şəhərlərdə dalğalandı. Dövlətin prinsipial mövqeyi göstərdi ki, ərazi bütövlüyümüzə qarşı hər hansı iddia qəbul edilməzdir”.

Politoloqun bildirdiyinə görə, əməliyyatın diqqətçəkən məqamlarından biri də mülki əhalinin qorunması oldu: “Azərbaycan beynəlxalq humanitar hüquqa uyğun şəkildə humanist mövqe sərgilədi, yerli əhalinin təhlükəsizliyinə təminat verdi. Nəticə etibarilə, 2023-cü ilin antiterror əməliyyatı Qarabağda separatizm dövrünə son qoyaraq yeni reallığın əsasını qoydu”.

Röya İsrafilova