Riyakarlıq... Hadisə

Riyakarlıq...

Arzu Şirinova

ABŞ-da demokratiya, insan haqlarının qorunması, söz azadlığı, püliralizm olduğuna şübhəylə yanaşmaq müzakirə olunası son məsələlərdən biridir. Təbii ki, öz ünvanıma deyirəm. Ancaq ABŞ-ın ölkələrdə demokratiya, insan haqlarının qorunması, söz azadlığı və püliralizm istəyi, hətta ixracatı şübhəlidir. Çünki bu sadaladıqlarım ABŞ-ın dövlət siyasətində bir vasitədir ki, lazım olan məqamda istifadəsini gerçəkləşdirir. İraqda, Liviyada, Misirdə, Suriyada, Ukraynada ABŞ-ın görmək istədiyi və gerçəkləşdirdiyi demokratiya çox yaxın keçmişdə olub və bu gün də davam edir. ABŞ-ın Azərbaycanda görmək istədiyi demokratiya isə ayrı-ayrı fərdlərin müdafiəsindən və Dağlıq Qarabağın ermənilərin xeyrinə həll olunmasına çalışmasından o yana getməyib. Yəni ABŞ Dağlıq Qarabağ probleminə ta başından özünün dövlət siyasətini aparmaqla və diqtə etməklə, bəzən də siyasətçilərinin diliylə "Aərbaycanın ərazi bütövlüyünü tanıyırıq", "ABŞ-Azərbaycan tərəfdaşlığının inkişafını və möhkəmlənməsini arzulayırıq" şablon ifadələrlə yanaşıb. Bu siyasətdə isə haqq-ədalətdən zərrə qədər əsər-əlamət yoxdur. Hazırda dövlət katibi olan Con Kerrinin 1990-cı ildə 20 senatorla birgə SSRİ-nin rəhbəri Mixail Qarbaçova ünvanladığı müraciəti bu fikirlərimin təsdiqidir.
Müraciətdə bildirilir:"Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-nı təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz".
1990-cı il yanvarın 19-da Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pell SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşüb. Söhbət əsnasında K. Pell deyib ki, Sovet rəhbərliyi Azərbaycana erməni Qarabağı üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir.
"Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir".
Bəli, Mixail Qorbaçova ünvanlanan müraciətin müəlliflərindən biri də bu gün ABŞ-ın dövlət siyasətini yönləndirən Con Kerridir. Belə olan halda ABŞ-ın hazırda Azərbaycana insan haqlarıyla, söz azadlığıyla bağlı basqılarına normal baxmaq lazımdır. Çünki Dağlıq Qarabağ problemiylə bağlı həqiqətləri görməməzlikdən gələn, Azərbaycan tarixini saxtalaşdırıb bu saxta tarixdən çıxış edərək ermənilərin növbəti dafə Azərbaycanın əraziləri hesabına olmayan dövlətlərinin hüdudlarını genişləndirməsinə yardım məqsədilə Qorbaçova müraciət ünvanlayan və hətta Qorbaçovu zora çağıran ermənilərin dostu və havadarı Con Kerri sözsüz ki, əlinə düşən fürsəti 25 il bundan öncə də, nidi də dəyərləndirməyə çalışıb və çalışır. Onun üçün, eyni zamanda, dövləti üçün də Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün hüquqlarının pozulması sıradan bir hadisə, bəzən olmayan və görmək istəmədikləri bir hadisədir. Ancaq siyasi dustaq kimi müdafiəsinə qalxdıqları fərdlərin hüquqları önəmlidir. Ona görə ki, bu fərdlərin hesabına Azərbaycana qarşı təzyiqləri artıra, siyasi şoular düzənləyib dünyanın diqqətini ölkəmizə yönəldə bilirlər. Ancaq insan haqları "keşikçiləri", söz və mətbuat azadlığı "qoruyucuları" Kəlbəcərə-öz doğma yurduna gedərək, doğmalarının məzarını ziyarət edən və bu zaman həbs olunan, sonradan məhkəməsi qurulan, ömürlük həbs cəzası kəsilən azərbaycanlıların hüquqlarını görməməzlikdən gəlirlər. Bir dəfə də olsun onlarla bağlı səslərini çıxarmırlar. Bu cür siyasətin bir adı var-riyakarlıq.