

Azərkosmos Niderland Krallığının Amsterdam şəhərində keçirilən dünyanın ən iri media, peyk və yayım texnologiyaları sərgi-konfranslarından biri olan "IBC 2025"də təmisil olunub.
Peyk xidmətləri, texnologiya, innovasiya və yayım sahələrini əhatə edən bu beynəlxalq platformada 170 ölkədən 50 mindən çox nümayəndə iştirak edib. Azərkosmos da bu nüfuzlu tədbirdə iştirak edərək öz məhsul və xidmətlərini təqdim edib.
Sərgi iştirakçılarına Azərkosmosun Afrika regionunda 10 illik fəaliyyəti, eləcə də yüksək sürətli və etibarlı rabitə imkanları təqdim edən "Azconnexus" məhsulu haqqında ətraflı məlumat verilib.
Tədbir çərçivəsində Azərkosmos nümayəndələri müxtəlif ölkələrdən olan sənaye tərəfdaşları ilə bir sıra ikitərəfli biznes görüşləri və işgüzar müzakirələr keçirib. Bu görüşlər peyk və yayım texnologiyaları sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb.
Eyni zamanda, "IBC 2025" çərçivəsində Azərkosmos və Birləşmiş Ərəb Əmirliklərinin "SS Creative Solutions FZE" şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, Pakistan ərazisində televiziya yayımı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində video yayımı (video distribution) xidmətləri Azərkosmosun peyk resursları vasitəsilə təmin olunacaq.
Bu əməkdaşlıq regionda etibarlı yayım infrastrukturunun inkişafına töhfə verməklə yanaşı, Azərkosmosun beynəlxalq tərəfdaşlıq portfelinin daha da genişlənməsinə xidmət edəcək.