Fransanın azərbaycanlı yazıçısı... Mədəniyyət

Fransanın azərbaycanlı yazıçısı...

Onu həm də "Şamaxı şahzadəsi" adlandırırdılar

Hətta istisnasız olaraq bütün qızların çadrada saxlandığı, əksəriyyətinin təhsildən uzaq tutulduğu dövrdə belə meydana təhsili və mədəniyyəti ilə hər kəsə örnək olan Azərbaycan xanımları çıxıb ki, dünyanı heyrətləndiriblər. Bu xanımlar öz savadı, mədəniyyəti ilə təkcə cəhalətə, nadanlığa deyil, bütün yanlışlara meydan oxuyub. Azərbaycanın ziyalı xanımı Banin kimi...
Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin yanvar ayında anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram".
Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Beləliklə, həyata göz açdığı məqamda amansız tale ilk zərbəsini Ümbülbanuya göstərir. Atasının məhəbbəti, bacılarının qayğısı ilə böyüyən Ümbülbanunun tale sınağı da, əslində, doğulan gündən başlamışdı. Həyat yoldaşının vəfatından sonra qızlarının tərbiyəsilə Mirzə Əsədullayev özü məşğul olurdu. Hətta əlində olan maddi imkandan istifadə edib qızlarına Avropa təhsili alması üçün Fransadan xüsusi müəllimlər gətizdirmişdi. Onun uşaqlığı atasının və dayəsi Annanın nəzarəti altında heç bir maddi sıxıntı olmadan keçir.
Nağılabənzər, qayğısız keçən həyat uzun sürmür. On beş yaşında ikən dövrün müəmmalı hadisələri ilə bağlı bir çox Bakı milyonçuları kimi Əsədullayevlər ailəsi də İrana getmək məcburiyyətində qalır. Hadisələr səngidikdən sonra yenidən ölkəyə qayıdır və cümhuriyyətin ticarət naziri təyin olunur. Amma qarışıq olaylar nəticəsində Mirzə Əsədullayev həbs olunur. Ailənin ən ağır günlərində çoxları bu ailədən üz döndərir, amma bu ailəyə yardım edən tapılır. Cəmil adlı bir şəxs Mirzə Əsədullayevi həbsdən xilas edir. Bunun əvəzinə isə Ümbülbanu ilə ailə qurur. İstəmədən məcburi olaraq sevmədiyi insanla həyatı paylaşmalı olur. Atası həbsdən qayıtdıqdan sonra təbii ki, onların Bakıda yaşaması mümkün olmur və Əsədullayevlər ailəsi əvvəl Türkiyəyə, 1924-cü ildə Almaniyaya gedirlər. Əvvəl Mirzə Əsədullayev ailəsi ilə birgə Fransaya yola düşür. Bunu Cəmilə etiraf etmək nə qədər çətin olsa da o artıq Cəmilə sevmədiyini və onunla yaşamağın əzablı olduğunu anlatmağa çalışır. Nə qədər ağrılı olsa da ayrılmalı olurlar.
Öz dövrünün insanlarından fərqli olaraq Mirzə Əsədullayev öz qızlarına böyük varidat qoymuşdu. Onlara mükəmməl Avropa təhsili vermişdi. Təbii ki, maddi durum ehtiyacından uzaq olan ailə üçün hədsiz çətin dönəmlər idi. Ümid verici məqamsa qızların ali təhsilli olması və yüksək intellektual səviyyəyə malik olması idi. Ümbülbanunun fransız dilini bilən xanım olması onun dadına çatırdı..
Beləliklə, Ümbülbanunun Fransa həyatı başlayır. Əvvəlcə maniken kimi fəaliyyətə başlayır. Sonralar Paris dəftərxanasında katibə işləməyə başlayır. Eyni zamanda da tərcüməçiliklə məşğul olur. Bir-birindən fərqli mövzuları tərcümə etdikcə o, Fransa ədəbi mühiti ilə, həmin demokratik əhvalla tanış olur. Zaman keçdikcə Ümbülbanu tanınmış fransız yazıçıları və incəsənət xadimləri ilə sıx ünsiyyətə girir. Eyni zamanda rus, ingilis, alman dillərini mükəmməl öyərənir. Şalyar, Lev Tolstoy, bu kimi yazarlarla söhbətlər təbii ki, Baninə öz təsirini göstərir. İmkanı çatan bütün peşələrə yiyələnən Ümbülbanu fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.
Bir tərəfdən, yeni cəmiyyətə onun tamhüquqlu üzvü kimi daxil olmağa can ataraq, o, vətənində baş verən proseslərdən şüurlu şəkildə kənara çəkilir: yeni fəlsəfə təcrübəsi toplayır ki, bu da keçmiş hadisələrə, özünün keçmiş həyatına kəskin, realist, bəzən də praqmatik nöqteyi-nəzər əldə etməsinə səbəb olur.
Ümbülbanu Fransada memar Ferik Töle ilə ailə qurur. Öz yaradıcılığında bilavasitə Azərbaycanla bağlı mövzulara qayıdır, əsərlərini əsasən öz şəxsi həyat təcrübəsi üzərində qurur. Burada ona hər hansı bir xüsusi situasiya yaratmağa, özünün uydurma qəhrəmanlarını burada yerləşdirməyə lüzum yoxdur - həyatın özü konkret şəxsiyyətin konkret şəraitdə davranışının, onun mürəkkəb ictimai-siyasi silsilədə və fəlsəfi-bədii proseslər silsiləsində təkamülünün və ya tənəzzülünün təsvirini verir.
1946-cı ildə dərc olunan "Qafqaz günləri" kitabı Ümbülbanuya Baninə müvəffəqiyyət qazandırır. Fransada onu Banin adlandırırlar. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yungen və başqaları Baninə riqqətli məktublar yazırlar. 2 dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernst Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edib. Banin Yungenə bir neçə kitab həsr edib. Onlar 1943-cü ildə - Baninin Azərbaycanda sosial düzümün faciəsini özündə əks etdirən "Bizimlə" romanı işıq üzü gördükdən sonra tanış olublar. Romanın təəssüratı altında olan Yungen Baninə zəng vurur, özünü təqdim edir, növbəti gün isə cazibədar azərbaycanlı yazıçı ilə tanış olmaq üçün onun evinə görüşə gedir. Baninə şöhrət gətirən "Qafqaz günləri" kitabından sonra onun "Paris günləri" (1947), "Ernst Yungenlə görüş" (1951), "Mən opiumu seçdim" (1959), "Sonra" (1961), "Xarici Fransa" (1968), "Sonuncu ümidin zovu" (1971), "Ernst Yungenin portreti" (1971), "Ernst Yungen müxtəlif sifətlərdə" (1989) romanları geniş oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş kitabı - "Mariya mənə nə danışdı" romanı 1991-ci ildə ölümündən 1 il əvvəl işıq üzü görüb.
Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat tərcüməçisi kimi məşhur idi. Banin Buninin və Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən biri sayılırdı. Baninin yaxın rəfiqəsi rus imperator sarayının freylini, Romanovlar ailəsinin yaxını Canet Andronikova olur. Onun digər rəfiqəsi isə Rusiyada məşhur olan yazıçı-satirik Teffi idi. Məhz Teffinin yanında Ümmülbanu bir çox məşhur rus yazıçıları ilə, xüsusilə də İvan Buninlə tanış olur.
Banin mühacirətdə olan yazıçılarla birlikdə tez-tez görüşlərdə iştirak edib. Çox vaxt bu tədbirlərə ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvan Bunin sədrlik edib. Tədbirin idarəsi ona təkcə hörmətinə görə deyil, həm də gur səsinə görə tapşırılırdı. Baninlə Bunin 13 iyun 1946-cı ildə tanış olur. İlk dəfə Ümmülbanu Bunini Teffinin evində qonaq olarkən fotoşəkildə görmüşdü. Bir müddət keçəndən sonra onlar görüşürlər. 75 yaşı olmasına baxmayaraq, Buninin belə şux dayanması Banini heyrətə salır. Bunin Baninin şərq gözəlliyinə heyran olur. Bunin onu "Şamaxı şahzadəsi" adlandırarmış.
Banin Azərbaycanın belə tezliklə heç bir mübarizə aparmadan bolşevizmə tabe olmasını qəbul edə bilmədiyindən həmyerliləri ilə görüşməkdən qaçardı. Onunla ilk görüşən azərbaycanlı Ramiz Abutalıbov olub. Bu hadisə 1981-ci ilə - Parisdə Azərbaycan xalçalarının sərgisinin keçirildiyi vaxta təsadüf edir. Açılış ərəfəsində Abutalıbov ona dəvətnamə göndərir. Təəccüblü də olsa, Banin yaşlı bir fransalı kişi ilə sərgiyə təşrif gətirir. Yaşının çox olmasına baxmayaraq, Banin cavan görünürmüş. O özünün azərbaycanlı mənşəyi ilə həmişə fəxr edərmiş. Dini "xalq üçün tiryək adlandıran" bolşeviklərə cavab olaraq Banin "Mən tiryəki seçdim" kitabını yazır.
Ramiz Abutalıbovun mətbuata verdiyi açıqlamada o, məşhur Azərbaycan rəssamı ilə Banini tanış etməsindən söhbət açır. Həmin rəssam vidalaşarkən Baninə 2 banka qara kürü sovqat verir. Sovqatı qəbul edən Banin zarafatca "elə bu?" - deyə soruşur. Rəssam təəccüblə "bəs necə madam?" deyir. Banin gülümsəyərək deyir: "Bakını tərk edərkən biz orada dəfələrlə çox varidat saxlamışıq".
Fransız ədəbiyyatına qaynayıb-qarışmasına baxmayaraq, Banin öz xalqını heç vaxt yaddan çıxarmır. Parisdə "Azərbaycan evi" assosiasiyasının üzvü olan Banin Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ haqqında yazılarla çıxış edir. Məsələn, 1990-cı il hadisələrində "Le monde" və "Le fiqaro" qəzetlərində "Dağlıq Qarabağ" adı altında yazdığı məqalələr məşhurdur. Baninin ən böyük arzusu Vətənə dönmək istəyi idi. Təssüf ki, bu istək baş tutmur. Bakıya dəvət gələndə avtomobil qəzası keçirir və yataq xəstəsi olur. Onun dəfni ilə bağlı müxtəlif versiyalar var. Bəzilər onun Parisdəki Azərbaycan məzarlığında dəfn olunduğunu, bəziləri isə anatomiya institutunda saxlanıldığını deyirlər.
Azərbaycanda az tanınsa da Banin Avropada çox məşhur olub. 1992-ci il oktyabrın 29-da Fransanın "Fiqaro" qəzeti ölkəni sarsıdacaq bir məlumat yayır: "İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib...".
Fransada təhsil alan azərbaycanlı tələbə Azər Zeynallı Azadlıq radiosuna müsahibəsində deyir ki, Baninin yaşadığı binaya baş çəkib: "Bir yaşlı kişi ilə rastlaşdım. Ondan soruşdum ki, Banini tanıyırsınız? Dedi, hə! Onun bir kitabı var idi - "Mən opiumu seçdim" - onu oxumuşam, çox xoşuma gəlib. Bu kitab Baninin xristianlığı qəbul etməyi haqqında yazdığı gündəlik idi. Bir neçə ilə yazmışdı. Düşüncələrini, başına gələnləri qələmə almışdı. Karl Marx-ın "Din xalqın tiryəkidir" sözünə cavab olaraq kitaba bu adı vermişdi. Davam olaraq Banin "Sonra" adlı əsər yazdı. Burada isə "tiryəki seçəndən" sonra başına gələnlərdən danışır.
Azər Zeynallı sosial şəbəkədə Baninlə bağlı səhifə açıb, onunla bağlı materiallar, Baninin müxtəlif dövrdə çəkdirdiyi şəkillərini yerləşdirib: "Ramiz Abutalıbovun yazdıqlarını topladım. Çünki Sovet Azərbaycanından onunla görüşən ilk azərbaycanlıdır. Sonra Baninin varisini axtarmağa başladım. Bir az çətin oldu, amma onunla əlaqə qura bildim. İki ay yazışmadan sonra Parisdə görüşdük. Baninin varisi bir almandır. Adı - Rolf Heinrich Stürmerdir. Onları alman yazıçısı Ernst Jünger tanış edib. Ernst Jünger Baninin yaxın dostu idi. Rolf-la da dostluq yaranmışdı aralarında.
Baninin hər şeyini ona miras qoymasının səbəbi Rolf-un alman olması və Baninin etibarını qazanması idi. Hər şeyini deyəndə, əlyazmaları və kitablarını nəzərdə tuturam, onun elə də sərvəti olmayıb".

Ülviyyə Tahirqızı