Vergilər Nazirliyi: “Proqnoz tapşırığa tam əməl ediləcək” İqtisadiyyat

Vergilər Nazirliyi: “Proqnoz tapşırığa tam əməl ediləcək”

Gələn il üçün hesablamalarda dolların məzənnəsi 1,75 manatdan götürülüb

"Bu il Vergilər Nazirliyi proqnoz tapşırığa tam əməl edəcək". Bunu dünən Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, Vergilər Nazirliyinin xətti ilə bu il büdcəyə 7 mlrd. 5 milyon manat vəsait toplanmalıdır: "Bu il vergi orqanlarının əməkdaşlarının gərgin əməyi nəticəsində proqnoz tapşırığa tam əməl olunacağına ümid edirik. Gələn il üçün Vergilər Nazirliyinin xətti ilə 7 milyard 510 milyon manat vəsait toplanmalıdır. Yəni, builki proqnozdan 500 milyon manat çox vəsait toplanacaq. Biz bu proqnoz tapşırığa da əməl etməyə çalışacağıq. Vergi Məcəlləsində dəyişikliklər büdcəni doldurmaq üçün nəzərdə tutulmayıb. Vergilər Məcəlləsində 8 maddə məhz güzəşt və azadolma ilə bağlıdır. Optimist olmaq lazımdır. İqtisadiyyatda müşahidə olunan çətinliklər yaxın 1-2 ildə tam aradan qaldırılacaq. Azərbaycanda sürətli inkişaf gözlənilir. Beynəlxalq təşkilatlar da bunu bəyan ediblər".
"ABŞ dollarının məzənnəsindəki dəyişiklik az qala bütün sahələrə təsir edir. Bu, təbii prosesdir. Təəssüflər olsun ki, dollar qlobal valyutadır və bu valyutaya bağlılıq olduqca yüksək səviyyədədir. Çox ölkələr dollardan asılılığa son qoymaq istəyir. Bununla bağlı müxtəlif təkliflər də səslənir", - deyə nazir müavini qeyd edib.
Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi Zaur Fətizadə isə dolların bahalaşmasının bu il büdcəyə təsirini 100 mln. manat səviyyəsində qiymətləndirib: "Əlbəttə ki, dolların məzənnəsinin yüksəlməsinin büdcəyə birbaşa təsiri var. Bu, təkcə gəlirə aid deyil. Vergi ödəyicisinin satdığı malın dəyəri bahalaşıbsa, bunun xərcləri də artıb. Avtomatik qaydada, burada yaranmış mənfəət praktiki olaraq eyni səviyyədə qalıb. Ona görə də, məsələn, dolların məzənnəsinin iki dəfə qalxması o demək deyil ki, vergi daxilolmaları də artmalıdır. Çünki, onun həm gəlir, həm də xərc hissəsi var. Burada müsbət məqam odur ki, dövlət büdcəsinə valyuta formasında toplanan vergilərdə məzənnənin yüksəlməsi ilə əlaqədar artım var. Bu il ərzində valyuta formasında vergi daxilolmalarında manat ifadəsində artım var. Amma digər vergi istiqamətləri üzrə artım yoxdur".
Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov isə bildirib ki, valyuta ilə ödənişlər hasilatın pay bölgüsü və əsas ixrac boru kəməri ilə bağlı vergi ödəyiciləri tərəfindən ödənilir: "İqtisadi böhran baş verdiyi üçün ümumilikdə valyuta daxilolmalarında azalma var. Milli valyutanın devalvasiyası ilə bağlı valyuta daxilolmalarında manat ifadəsində artım var. Amma ümumilikdə valyutada vergi daxilolmalarında azalma qeydə alınıb. Manatın devalvasiyası zəncirvari bir prosesdir, devalvasiya iqtisadiyyatda inflyasiya yaradır. İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il üçün təxminən 7,3% civarında inflyasiya gözlənilir. Növbəti il üçün hesablamalarda 1 dolların məzənnəsi 1,75 manatla götürülüb. Proqnoz müəyyən edilərkən inflyasiyanın vergi daxilolmalarına təsiri nəzərə alınıb. Valyutanın kursunun dəyişməsi inflyasiyanın ümumi dəyişməsi fonunda onun elementi olaraq nəzərə alınır".
S. Ələkbərov bildirib ki, "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun vergi sistemində həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklərə əsas verir. Bütövlükdə Vergi Məcəlləsində 201 dəyişikliyin aparıldığını qeyd edən nazir müavini Məcəlləyə 115 yeni maddənin əlavə olunduğunu, 83 maddəyə isə dəyişiklik edildiyini və 3 maddənin ləğv olunduğunu bildirib: "Edilmiş dəyişiklik 23-ü vergi inzibatçılığının, o cümlədən, vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i isə vergi yükünün azaldılması, vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır".
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Samirə Musayeva isə Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri və azadolmalarla bağlı dəyişikliklərin vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacağını, sahibkarlığın inkişafına dəstək verəcəyini vurğulayıb. Qeyd edilib ki, icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirləri mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışı, buğda unu və çörəyin istehsalı və satışı, quş ətinin satışı isə 3 il müddətində ƏDV-dən azad edilib. Bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 2023-cü ilin fevral ayınadək artırılıb. Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə, ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddətləri də azaldılıb".
Məcəlləyə edilmiş mühüm dəyişikliklərdən biri də sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunmasıdır. Bu tələb ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2017-ci ilin aprelindən, bütün digər vergi ödəyiciləri üçünsə 2018-ci ilin yanvarından qüvvəyə minəcək. Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi prosedurunun sadələşməsinə, operativliyinin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edəcək. Məcəlləyə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycandakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlirlərə aid edilməsini və həmin ödənişlərdən ödəmə mənbəyində əlavə 10% dərəcə ilə verginin tutulmasını nəzərdə tutan müddəalar daxil edilib. Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı qanunvericiliyə edilmiş əlavə və dəyişiklikləri şərh edən S. Musayeva biildirib ki, elektron ticarət qaydasında qeyri-rezidentlərdən işlərin və xidmətlərin təqdim edilməsi, habelə, elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV alıcısının olduğu yerdə tətbiq ediləcək. Bu dəyişikliyin əsas məqsədi rəqabət şərtlərinin eyniləşdirilməsindən və uçot sisteminin qurulmasından ibarətdir.