Strateji Yol Xəritəsi üzrə həyata keçirilən islahatlar azad sahibkarlığın inkişafına şərait yaradır İqtisadiyyat

Strateji Yol Xəritəsi üzrə həyata keçirilən islahatlar azad sahibkarlığın inkişafına şərait yaradır

Hazırda Azərbaycanda iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, iqtisadiyyatın şəxələndirilməsi, qeyri-neft sektorunun və azad sahibkarlığın inkişaf etdirilməsi hökumətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nə əsasən ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması nəzərdə tutulur və bu istiqamətdə islahatlar aparılır.
Biznes mühiti yaxşılaşdırılır
Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaq. Yerli şirkətlərin canlanmasına və investorların dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə şərait yaradacaq biznes mühiti təmin ediləcək. Biznesin həyata keçirilməsinin asanlığı üç əsas sahəni əhatə edir: investisiya qoyuluşlarına şəraitin yaradılması, beynəlxalq dəyər zəncirlərinə inteqrasiya və biznes əməliyyatlarında qlobal standartlara nail olunması. "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"də istehsalın və investisiyanın təşviq edilməsi nəzərdə tutulur ki, bu da azad sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar deməkdir.
Azərbaycanda son illər həyata keçirilən iqtisadi islahatlar biznes mühitinin daha da yaxşılaşdırılmasını, təşviq siyasətinin davam etdirilməsini və institusional islahatları əhatə edir. Makroiqtisadi sabitlik və infrastrukturun inkişafını dəstəkləməklə dövlət biznes şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verməyə bundan sonra da davam edəcək. Bu Strateji Yol Xəritəsində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı 11 sektoru əhatə edən konseptual məsələlərdə öz əksini tapıb.
Ölkədə sahibkarlığın inkişafı, onun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun cəlbedici biznes və investisiya mühitinin formalaşdırılması və əlverişliliyinin daha da artırılması, bu sahədə mütərəqqi tənzimləmə və hüquqi bazanın olması ən vacib məsələlərdir. Göstərilən hədəflərə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, rəqabətqabiliyyətliliyinin və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərinin göstərilməsi sahəsində kompleks tədbirlər həyata keçirilib. Xüsusilə də, azad rəqabət mexanizminin inkişaf etdirilməsi, dövlət-biznes münasibətlərində insan amilinin rolunun azaldılması ilə səmərəlilik, hesabatlılıq və şəffaflığın artırılması əsas istiqamətdir. Dövlətin daha bir rolu xarici bazarlara çıxışın təmin edilməsi üçün azad ticarət sazişlərinin bağlanması, texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasını təmin etməkdən ibarətdir. Həmçinin dövlət vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması və optimal vergi yükü siyasəti vasitəsilə biznes mühitinin səmərəliliyinin yüksəldilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Strateji Yol Xəritəsində nəzərdə tutulan bütün bu tədbirlər isə Azərbaycanda sahibkarlığın inkişafı üçün daha əlverişli şərait yaradır.

Azərbaycan işgüzar mühitin əlverişliliyinə görə dünyada 65-ci yerdədir

Əslində indiyədək həyata keçirilmiş iqtisadi islahatlar artıq öz nəticələrini verir, biznes mühiti getdikcə yaxşılaşır, sahibkalıq inkişaf edir, ölkəmizin beynəlxalq institutların hesabatlarında mövqeləri yüksəlir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən dərc edilən "Doing Business – 2017" hesabatında Azərbaycan işgüzar mühitin əlverişliliyi səviyyəsinə görə 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Ölkəmiz bu hesabatda 4 göstərici üzrə dünya ölkələrinin sıralamasında ilk 40-lığa daxil olub. Belə ki, "biznesə başlamaq" göstəricisi üzrə dünyada 5-ci, "mülkiyyətin qeydiyyatı" göstəricisi üzrə 22-ci, "investorların müdafiəsi" göstəricisi üzrə 32-ci, "vergilərin ödənişi" göstəricisi üzrə 40-cı yerdəyik.
Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan "Qlobal Rəqabətlilik Hesabatı"na əsasən isə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 138 ölkə arasında 37-ci yerdədir. Azərbaycanın bu pillədə olmasına əsas səbəb əmtəə və əmək bazarlarının səmərəliliyinin artması, institusional keyfiyyət üzrə göstəricilərin, həmçinin infrastruktur göstəricilərinin əvvəlki illərlə müqayisədə irəliləməsi olub. Hesabata əsasən ölkəmiz nisbətən daha səmərəli əmək bazarına malikdir (26-cı yer). Hesabatda Azərbaycan bəzi alt göstəricilər üzrə ilk 20-yə daxil olub: " biznesə başlama prosedurlarının sayı " (3-cü yer), "biznesə başlamaq üçün günlərin sayı" (9-cu yer).
Ümumiyyətlə, son illərdə Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış hesabatlarda nəticələri yaxşılaşıb. Belə ki, ölkəmiz "Qlobal rəqabət qabiliyyəti" hesabatları üzrə 32 pillə - 2005-ci ildə 117 iqtisadiyyat arasında 69-cu yerdən 2016-cı ildə 138 ölkə arasında 37-ci yerədək irəliləyib. Dünya İqtisadi Forumunun son hesabatında da, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti indeksinə əsasən MDB ölkələri arasında 1-ci mövqeyini saxlayıb.

İqtisadiyyatda özəl sektorun payı artaraq 83,7%-ə çatıb

Azərbaycanda aparılmış köklü islahatlar və toplanmış təcrübə bir daha sübut edir ki, dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi müasir bazar iqtisadiyyatının prinsiplərinə əsaslandığı halda daha yaxşı nəticələrə nail olunur, sahibkarlıq fəaliyyəti isə ölkədə sosial-iqtisadi inkişafın əsas aparıcı qüvvəsinə çevrilir. Bu baxımdan hər şeydən əvvəl ölkədə sahibkarlığın inkişafı üçün daha əlverişli sahibkarlıq mühitinin olması mühüm amildir. Məhz ölkəmizdə formalaşmış əlverşli biznes mühitinin nəticəsidir ki, özəl sektor iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən də qeyri-neft sektorunda dinamik inkişaf edir.
Belə ki, Azərbaycanda Ümumi Daxili Məhsulda (ÜDM) iqtisadiyyatın bütün sahələri üzrə özəl sektorun payının artımı müşahidə olunur. Əgər 2000-ci ildə ÜDM-də özəl sektorun payı 70,8 faiz idisə, sonrakı illərdə artaraq 2005-ci ildə 77,8%-ə, 2010-cu ildə 81,7%-ə yüksəlmiş, 2015-ci ildə 81,2%, 2016-cı ildə 83,7% təşkil etmişdir. Müqayisə edilən 16 il ərzində iqtisadiyyatın bütün sahələrində özəl sektorun xüsusi çəkisi çoxalmışdır. 2000-2016-cı illərdə özəl sektorun payı sənayedə 48,4%-dən 87,6%-ə, tikintidə 63,5%-dən 86,8%-ə, kənd təsərrüfatında 99%-dən 99,9%-ə, ticarət və xidmət sahələrində 98,3%-dən 99,6%-ə, nəqliyyatda 62,6%-dən 82,8%-ə, rabitədə 57,8%-dən 80,5%-ə, sosial və digər xidmətlər sahəsində isə 2005-ci ildəki 31,8%-dən 2015-ci ildə 58%-ə çatmışdır.
Təkcə 2016-ci ildə ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunda 39.4 milyard manatlıq əlavə dəyər yaradılıb. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 65,7% təşkil edib. Ötən il ÜDM-də qeyri-neft sənayesinin xüsusi çəkisi 4,7%, sənayedə yaradılan əlavə dəyərdə qeyri-neft sənayesinin payı 12,5% olub. İqtisadiyyatda əsas kapitala qoyulmuş cəmi investisiyaların 42.2%-i və ya 6286.0 milyon manatı qeyri-neft sektoruna yönləndirilmişdir. Əsas kapitala qoyulmuş investisiyaların 6.9%-i, qeyri-neft sektoruna yönləndirilən investisiyaların isə 16.3%-i və ya 1021.9 milyon manatı qeyri-neft sənayesi bölməsinin inkişafında istifadə edilmişdir.

Dövlət sahibkarlara maliyyə dəstəyini davam etdirir

Bunlarla yanaşı, dövlət sahibkarlara maliyyə dəstəyini davam etdirir, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu onlara güzəştli şərtlərlə kredit verir. Təkcə 2017-ci ilin birinci yarımilliyi ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit ayrılıb. Bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu dövrdə verilən güzəştli kreditlərin 76%-i ölkə regionlarının, 24%-i isə Bakı qəsəbələrinin payına düşür. Dövlətin maliyyə dəstəyi və sahibkarların iştirakı ilə Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında aqroparklar da yaradılır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu işə 76,1 milyon manat güzəştli kredit verilib. Bu isə dövlətin regionlarda sahibkarlığın inkişafının dəstəklənməsinə nə qədər yüksək önəm verdiyini göstərir.

Bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli

kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum bu il iyulun 6-də İsmayıllı rayonunun Təzəkənd kəndində keçirilib. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib. İsmayıllı rayonunun iqtisadi potensialına uyğun olaraq intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. Forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, müalicə-sağlamlıq mərkəzinin tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə layihələrin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq. Ümumilikdə isə indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit verilib.
Bir sözlə, Azərbaycanda son illər sahibkarlığın inkişafı istiqamətində həyata kəçirilən tədbirlər artıq öz müsbət nəticələrini verir. Aparılan islahatlar daha geniş vüsət alıb və sahibkarlığın inkişafı sahəsində keyfiyyətcə yeni - davamlı inkişaf mərhələsi başlayıb. Yeni mərhələnin əsas hədəfi qeyri-neft sektorunun, azad sahibkarlığın inkişafının sürətləndirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, ixrac potensialının artırılması, özəl sektorda yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsidir.

Mahir Həmzəoğlu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur