Rusiya qazının Türkiyəyə nəqli TANAP-a alternativdirmi? İqtisadiyyat

Rusiya qazının Türkiyəyə nəqli TANAP-a alternativdirmi?

İsmayıl Alper Coşkun: "TANAP-ın inşası layihəsinin icrası mövcud plana uyğun reallaşdırılır"

Vahid Əhmədov: "Azərbaycan öz qazını ixrac edəcək, burda ciddi problem olan deyil"

Qabil Hüseynli: "Azərbaycan üçün müəyyən çətinliklər yarana bilər"

Rusiya Türkiyə arasında razılaşmandan sonra bəzi mütəxəssilər bildirdilər ki, bu TANAP layihəsinin reallaşmasına mənfi təsir edəcək. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız isə Türkiyə mətbuatına açıqlamasında bildirib ki, Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan boru kəməri Trans-Anadolu qaz kəmərinə (TANAP) alternativ deyil.
"Türkiyə TANAP layihəsinin iştirakçısıdır. Avropa İttifaqı bir neçə dəfə narahatlığını bildirib ki, Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan yeni qaz kəmərinin tikintisi TANAP-ın reallaşdırılmasına təsir edə bilər. Ancaq bu belə deyil", - deyə nazir bildirib.
Qeyd edək ki, dekabrın 1-də Türkiyəyə səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin "Cənub axını" layihəsinin dayandırıldığını bəyan edib. Həmin gün Rusiyanın "Qazprom" və Türkiyənin "Botaş" şirkətləri Rusiya qazının Türkiyəyə nəqlini nəzərdə tutan boru kəmərinin tikintisi ilə bağlı müqavilə imzalayıb. Borunun nəqletmə gücü 63 mlrd. kubmetr təşkil edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, V. Putin sözügedən boruya "Türk axını" adının verilməsinin təklif edib.
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun jurnalistlərə açıqlamasında bildirib ki, Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşası layihəsinin icrası mövcud plana uyğun reallaşdırılır: "Türkiyə ərazisində boru kəmərinin çəkiləcəyi yer artıq seçilib və burada aparılan hazırlıq işləri tamamlanır.
"Dolayısı ilə "Şahdəniz-2" layihəsinin inkişaf etdirilməsi məqsədi ilə Türkiyəyə gedən mövcud boru xəttinin genişləndirilməsi işlərinə paralel olaraq TANAP-ın həyata keçirilməsi istiqamətində çalışmaları birlikdə davam etdiririk. Bu, asan iş deyil və sinxronlaşdırma tələb edir. Deyə bilərəm ki, bunu uğurla idarə edirik və zamanında BTC layihəsi də bir xəyal idi, bu gün isə artıq reallıqdır. TANAP da eyni ilə reallaşacaq. Biz bunu bacaracağıq və addım-addım buna tərəf irəliləyirik".
Səfir bu yaxınlarda Türkiyə ilə Rusiya arasında yeni qaz kəmərinin çəkilməsinə dair ilkin sənədin imzalanması ətrafında TANAP-la bağlı səsləndirilən fikirlərə də cavab verib: "Bu layihənin TANAP ilə qarşı-qarşıya qoyulması yersizdir. Türkiyənin TANAP-ın zəifləməsinə səbəb olacaq addım atmasını düşünmək düz deyil. Bu layihələr həyata keçiriləcəyi təqdirdə bir-birini tamamlayacaq".
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib ki, Azərbaycan öz qazını ixrac edəcək, burda ciddi problem olan deyil: "Bizim ölkədə haradasa 15-20 milyard kubmetr qaz ixracından söhbət gedir. Amma Avropanın tələbatı həddən artıq böyükdür. Ona görə də bu anlaşma TAP, TANAP layihəsinə ciddi problem yaratmayacaq. Hətta ola bilər ki, bu layihə ilə biz Türkmənistan, hətta İran qazının müəyyən hissəsini Avropaya ixrac etmək imkanı qazanaq. Bu, siyasi və iqtisadi cəhətdən "Əsrin kontraktı"na bərabər bir layihədir".
O qeyd edib ki, gələcəkdə hətta Xəzər dənizinin dibi ilə Türkmənistana qaz kəmərinin çəkilməsi də nəzərdə tutulur: "Bu məsələ mətbuatda artıq geniş müzakirə obyekti olub. TANAP və TAP Türkiyə vasitəsi ilə birbaşa Avropaya çıxan layihədir. Avropa da özünü Azərbaycan və Türkmənistan qazı ilə təmin edəcəyi barədə qərar verib. Gələcəkdə hətta Xəzər dənizinin dibi ilə Türkmənistana qaz kəmərinin çəkilməsi də nəzərdə tutulur. Bununla da Türkmənistan qazı Avropaya ötürülə bilər. Çünki hazırda qazla bağlı Avropa ilə əlaqlərini genişləndirən ölkə Azərbaycandır. Bu yaxınlarda da Avropa Birliyi bəyan etdi ki, Azərbaycanla çox ciddi iqtisadi əlaqlələri var. Bütün ümidlərini Azərbaycana bağladıqlarını bəyan ediblər".
Politoloq Qabil Hüseynlinun fikrincə isə bu bir faktdır ki, Ərdoğan Rusiya ilə TANAP layihəsi ilə bağlı müqavilə imzalamaqla ciddi səhvə yol verib. O, Ərdoğanın siyasətinin Azərbaycan üçün müəyyən çətinliklər yaratdığını bildirib: "TANAP və TAP-ın əsas söz sahibi Azərbaycandır. Ərdoğan Azərbaycanla razılaşdırmadan bu addımı atdı. Buna görə də Avropa dərhal hərəkətə keçdi. Brüssel Rusiya qazından asılılığı azaltmaq istəyir. Artıq illərdir ki, Avropa Rusiyanın öz qazından siyasi məqsədlərini diktə etmək üçün istifadə etdiyini deyir. Ona görə də Rusiya qazının Avropaya daxil olmasını minimuma endirmək və hətta dayandırmaq lazımdır. Belə olan təqdirdə Azərbaycanın Avropa üçün önəmi xeyli artdı. Azərbaycan da tranzit xətt kimi Gürcüstanla Türkiyənin ərazisini seçdi. Nəticədə TANAP layihəsi meydana gəldi. Hətta əvvəllər mövcud olmuş Nabukko layihəsini diriltmək istəkləri də peyda oldu. Bunun üçün əsas şərt kimi Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycan qazına qoşulması variantı meydana gəldi. Amma hazırda Ərdoğanın ölçülü-biçili olmayan siyasəti bu sahədə kifayət qədər mübahisəli vəziyyət yaradıb. Hesab edirəm ki, bunun sayəsində Azərbaycan üçün də çətinliklər yaranıb".
Politoloq artıq Avropanın yeni alternativ qaz mənbələri üçün hərəkətə keçdiyini deyib: "Rus qazı bizim qaz üçün rəqibdir. Belə olan təqdirdə nə üçün "Cənub axını" dayandırılaraq Azərbaycana rəqib olan bir ölkənin qazı TANAP layihəsinə birləşdirilməlidir? Ən azından bu, siyasi manevr da ola bilər. Amma Ankarada bunu Putinin Türkiyəyə səfəri zamanı bəyan etdilər. İndi Avropa hərəkətə keçib ki, rus qazı TANAP-a qoşularsa, bu layihəyə münasibət dəyişə bilər. Avropa alternativ qaz axtarışına çıxa bilər. Avropa rus qazının alternativini tapacaq və bunun birinci mənbəyi Azərbaycan qazıdır. Buraya avropalıların təkidi üzrə rus qazının qoşulması baş verməyəcək".
Xatırladaq ki, "Trans Anadolu" Boru Kəməri (TANAP) "Şahdəniz" qazını Türkiyə ərazisi boyunca nəql edəcək; "Trans Adriatik boru kəməri isə (TAP) qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. Bu layihələr birlikdə "Cənub qaz dəhlizi" kimi tanınır. Mütəxəssislərin rəyinə görə, bu, dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Və bu, çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. "Cənub qaz dəhlizi" ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişməlidir. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə nəqli planlaşdırılır; Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənir.
"Cənub qaz dəhlizi" boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Bütün bunlar Rusiyada da diqqətlə izlənir. Bu fonda Türkiyə ilə yeni anlaşma çərçivəsində "Qazprom" rəhbəri Aleksey Miller bildirib ki, indi Rusiya Türkiyəyə təxminən "Cənub axını" layihəsi gücündə yeni qaz kəməri çəkməyi planlaşdırır. Yeni kəmərin start nöqtəsi "Cənub axını"nın Qara dəniz sahilindəki başlanğıc nöqtəsi olacaq və kəmər Qara dənizin dibindən keçib Türkiyəyə uzanan "Mavi axın"a paralel çəkiləcək.
Perspektivdə bu kəmərlə nəql olunacaq qazın Türkiyə üzərindən Avropaya çıxışı nəzərdə tutulub. Hələlik isə Moskva elan edib ki, Rusiya "Mavi axın" kəməri ilə Türkiyəyə qaz nəqlini artıracaq, həmçinin, "Qazprom" Türkiyənin Yunanıstan sərhədində əlavə qazpaylama stansiyası yaradacaq. Lakin yuxarıda qeyd olunanlar bu məsələnin Kreml üçün heç də asan olmayacağını göstərir.

Əli